Əli Həsənov: “Azərbaycan ən çox Türkiyəyə investisiya qoyub”
Bizi izləyin

Nida.az

Əli Həsənov: “Azərbaycan ən çox Türkiyəyə investisiya qoyub”

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Türkiyə-Azərbaycan Media Əməkdaşlıq Proqramı (TAMEP) çərçivəsində “Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid” mövzusunda konfrans işə başlayıb.

Publika.az-ın məlumatına görə, konfrans Mətbuat Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF), Türkiyənin ölkəmizdəki səfirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, TRT-nin və Anadolu Agentliyinin Bakıdakı nümayəndəliklərinin təşkilatçılığı ilə təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, son vaxtlar Azərbaycan və Türkiyə jurnalistləri münasibətlərini daha da dərinləşdirib: “2007-ci ildən bəri Azərbaycan və Türkiyə jurnalistləri arasında mütəmadi olaraq qarşılıqlı səfərlər və görüşlər təşkil olunur. Bilirsiniz ki, 2015-ci ildə ermənilər qondarma soyqırımı iddialarının 100 illiyini qeyd etməyə hazırlaşır. Ermənistanın qondarma soyqırımı iddialarına qarşı Azərbaycan və Türkiyə jurnalistləri birgə fəaliyyət göstərməsi və haqq səslərini dünya ictimaiyyətinə çatdırması vacib əhəmiyyət daşıyır”.

Türkiyənin Bakıdakı səfirliyinin mətbuat müşaviri Hamit Karadəniz qeyd edib ki, indi xəbərin dəqiq və birinci yayılması dünya üçün böyük əhəmiyyət kəsb edir: “Xəbərin doğruluğu insan həyatı üçün önəmlidir. Hər kəs öz bildiyini yazmamalıdır, həqiqəti olduğu kimi çatdırmaq vacibdir. Bu gün Azərbaycan və Türkiyə jurnalistləri arasında yaxşı əlaqələr formalaşıb. Ulu öndər Heydər Əliyevin də gözəl fikirləri var: Biz bir millət, iki dövlətik. Ona görə də biz millət olaraq media sahəsində mövcud olan münasibətləri daha da dərinləşdirməliyik”.

TİKA-nın Bakı proqramı üzrə əlaqələndiricisi Mustafa Haşim Polat bildirib ki, bu gün keçirilən tədbir TANEP-in 3-cü layihəsidir: “Bu konfransda əsas diqqət elektron medianın fəaliyyətinə həsr olunub. Bilirsiniz ki, indi dünyada elektron media sürətlə inkişaf edir. Bu inkişaf Azərbaycan və Türkiyə mediasında da mövcuddur. Biz bu əməkdaşlığı daha da genişləndirmək üçün bura toplaşmışıq, bu məsələni müzakirə edirik. 2015-ci ildə də bu proqram uğurla davam etdiriləcək. Azərbaycan Mətbuat Şurası, TRT, Anadolu Agentliyi və digər qurumlarla birgə gözəl əməkdaşlığı davam etdiririk”.

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, indi tədbirin keçirildiyi ərəfədə Ümummilli lider Heydər Əliyevin xatirəsi bütün ölkə üzrə yad olunur. Azərbaycan və Türkiyə münasibətlərini qurub inkişaf etdirən Heydər Əliyevin xatirəsi hər iki dövlətdə əziz tutulur. İki ölkənin diasporası vahid hədəflərə qarşı mübarizə aparır. Bu əməkdaşlıq çox uğurla davam etdirilir. Bu yaxınlarda Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində keçirilən beynəlxalq tədbirdə Ermənistan prezidenti qardaş Türkiyə dövlətinin əleyhinə danışarkən, Azərbaycan prezidenti ona cavab verərək deyib ki, Türkiyə burada yoxdur, ancaq mən burdayam. Azərbaycan müstəqillik qazandıqdan sonra ən çox investisiya yatırımlarını da məhz qardaş Türkiyəyə qoyub. Azərbaycan yaxın 5 ildə 20 milyarda yaxın investisiya vəsaiti yönəldib. Bütün bunlar Azərbaycan və Türkiyə arasında mövcud olan münasibətlərin yüksək səviyyədə olduğundan xəbər verir. Bu gün Azərbaycan jurnalistikasının səsi nəinki region ölkələrindən, eyni zamanda dünyadan və MDB məkanından gəlir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm