Əli Həsənov: “Azərbaycan nefti sayəsində Türkiyədə xeyli iş yerləri açılıb”
Bizi izləyin

Nida.az

Əli Həsənov: “Azərbaycan nefti sayəsində Türkiyədə xeyli iş yerləri açılıb”

“Bu gün Azərbaycan jurnalistikasının səsi nəinki postsovet məkanından, hətta Avrasiya məkanından, bütün dünyadan gəlir”.

Publika.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün Bakıda keçirilən “Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid” mövzusunda konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 1993-cü ildən Azərbaycanda azad medianın inkişafı sahəsində atılan addımlar ölkə mediasının nəinki respublikamızda, bütün bölgənin aparıcı media strukturlarından birinə çevrilib.

Ə.Həsənov deyib ki, jurnalistlər idarəçilərlə idarə olunanlar arasında ən sıx əlaqə vasitəsidir və hakimiyyətin siyasətini xalqa, xalqın da idarəçiliklə bağlı rəyini hakimiyyətə çatdıraraq ümumi əlaqəni yaradır: “Jurnalistika böyük qüvvədir. Ulu öndər Heydər Əliyev demişdi ki, əgər bu gün jurnalistlərin fəaliyyəti olmasa, bizim həyata keçirdiyimiz və idarəçilik strukturlarının məlumatları insanlara çatdırıla bilməz. İnsanlara çatdırıla bilməzsə deməli bu fəaliyyət insan tərəfindən dəyərini tapa bilməz”.

Ə.Həsənov onu da qeyd edib ki, indi Azərbaycan və Türkiyə dövlətləri bir yerdədir, xarici diaspor təşkilatlar, diplomatik korpuslar, səfirliklər mütəmadi olaraq qarşılqılı əlaqələr çərçivəsində fəaliyyət göstərirlər: “Azərbaycan və Türkiyə prezidentləri cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bütün məsələlərdə ölkələrimizin maraqlarından çıxış edərək, vahid hədəflər uğrunda addımlar atırsa, nədən bizim media orqanları da birgə fəaliyyət göstərməsin. Sizə bir faktı deyim, bu yaxınlarda Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramı şərçivəsində regionun 15-ə qədər ölkəsinin toplaşdığı tədbirdə “forpost” dövlət olan Ermənistan prezidenti Serj Sarkisyan Türkiyənin əleyhinə danışarkən, Azərbaycan prezidenti onun sözünü saxladı və dedi ki, sən Türkiyənin burada olmamasından sui-istifadə edib, dövlətin ünvanına böhtanlar yağdırma. Türkiyə burada olmasa da, mən buradayam və sənin cavabını verəcəyəm və görəcəksən ki, Türkiyənin ünvanına böhtanlar səsləndirmək sənə necə baha başa gələcək. Təkcə bu ifadələrin özü bu gün Azərbaycan və Türkiyə dövlət başçıları arasında olan münasibətlərin nə səviyyədə olduğunu göstərir. 1998-2000-ci illərdə Azərbaycanda ən böyük yatırımları yatıran Türkiyə olub. Azərbaycan da özünü toparlayıb, normal kapital əldə edəndən sonra, ən böyük yatırımlarını Türkiyəyə yönəldib. Yaxın 5 ildə Azərbaycan dövləti Türkiyə iqtisadiyyatına 20 milyard vəsait yönəldib. Bu da Azərbaycan neftinin qardaş ölkəyə gətirdiyi üstünlüklərdir ki, Türkiyədə nə qədər iş yerləri açılıb. Qardaş ölkədə xeyli sayda insan neft-qaz məhsulları üzərində öz yaşayış səviyyəsini yüksəldib. Bütün bunlara görə mən bugünkü toplantını çox aktual hesab edirəm. Düşünrəm ki, iki ölkənin jurnalistləri də dövlətlərimizin strateji xəttini qoruyaraq, ölkə başçılarının apardığı siyasətdən və hər iki ölkənin ulu öndərlərinin qoyduğu xətdən çıxış edərək, ölkələrimizin maraqlarını qorumalıdırlar. Media texnologiyaları hansı səviyyədə dəyişməsindən asılı olmayaraq, hər iki ölkənin jurnalistləri ortaq maraqlardan çıxış etməlidir. Əlbəttə bu konfransda peşəkar jurnalistlər bu barədə danışacaqlar. Ənənəvi media strukturları yerini modern media strukturlarına verir. Bu da ondan irəli gəlir ki, müasir dövrdə ənənəvi ünsiyyət forması virtual ünsiyyət formasına keçir. Buna müvafiq olaraq həm Azərbaycan, həm Türkiyə getdikcə modernləşərək mövcud strukturlarının, o cümlədən media strukturlarını müasir çağırışlara uyğunlaşdırır. Jurnalistlər bir şeyi unutmamalıdırlar ki, hansı şəraitdə, hansı texniki vasitələrlə, hansı maddi və mənəvi şəraitdə fəaliyyət göstərməsindən asılı olmayaraq, onlar hər iki dövlətin, hər iki xalqın maraqlarını nəzərə almalı və bu maraqların təmin olunmasına töhfələrinə verməlidirlər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm