Siyasi arenada nadir hadisə: İqtidarla müxalifətin kritik görüşü gözlənilir - DETALLAR
Bizi izləyin

Nida.az

Siyasi arenada nadir hadisə: İqtidarla müxalifətin kritik görüşü gözlənilir - DETALLAR

Şənbə günü iqtidarla müxalifət arasında görüş gözlənilir. Azərbaycan siyasi mühitində nadir hadisələrdən olan belə görüşün planlaşdırılması olduqca diqqətçəkəndir.

Məlumatlara görə, görüşdə müxalifətdən KXCP, ADP, ALDP, Azadlıq, VİP, Aydınlar və Ümid partiyaları iştirak edəcək. İqtidar tərəfini Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun təmsil edəcəyi gözlənilir.


Qeyd edək ki, iqtidarla müxalifət sonuncu dəfə 2012-ci il sentyabrın 14-də Azərbaycan bayrağını təhqir etdiyi üçün erməni zabitini öldürən zabitimiz Ramil Səfərova görə bir araya gəlmişdi. O vaxt iqtidar və müxalifət birlikdə Avropa təsisatlarına etiraz da ünvanlamışdı. Həmin tarixdən 2 ildən artıq vaxt keçir. Bu müddətdə epizodik də olsa iqtidar-müxalifət dialoq gündəmə gəlib, lakin nəticə etibarilə reallaşmayıb. İndi belə bir görüşün planlaşdırılması bir sıra məqamlara görə əhəmiyyət kəsb edir.


Görüşün əsas təşəbbüskarı KXCP sədri Mirhamud Mirəlioğlu Publika.az-a açıqlamasında əsas müzakirə mövzusunun həbs olunan QHT rəhbərləri ilə bağlı olacağını deyib. Onun sözlərinə görə, ölkə üçün əhəmiyyətli olan digər məsələlər də gündəmə gələ bilər: “İqtidar-müxalifət dialoqunun davam etdirilməsi və digər məsələlər bizim tərəfimizdən irəli sürülə bilər. İqtidarın da hansısa təklifi ola bilər”.


KXCP sədri görüş haqda ikitərəfli fikir mübadiləsi aparıldığını və iştirakçıların kimliyinin dəqiqləşdiyini bildirib.


Görüşdə iştirak edəcək Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Publika.az-a açıqlamasında iqtidar-müxalifət təmaslarının daha intensiv və daha ciddi olmasına ehtiyac olduğunu bildirib: “Bu təşəbbüs məhbusların azad olunması ilə bağlıdır. Lakin cəmiyyəti narahat edən digər məsələlər də müzakirə oluna bilər, o cümlədən Qarabağ məsələsi. Lakin birinci təmasda bütün məsələləri müzakirə edib gündəmə çıxarmağa vaxt çatmaz. Əgər bu təmaslar mütəmadi xarakter daşısa, o zaman bir çox vacib məsələlər müzakirə oluna bilər”.


Ə. Əliyev görüşün şənbə günü saat 11:00-da baş tutacağını bildirib. Lakin o, konkret yer haqda məlumatsız olduğunu bildirib.


“Sonuncu dəfə iqtidarla Ramil Səfərovla bağlı bir araya gəlmişdik. O daha çox ortaya mövqe qoymaq məqsədi daşıyırdı. Lakin konkret görüş deyildi”, - deyə o bildirib.

ADP sədri Sərdar Cəlaloğlu da görüşdə iştirak edəcəyini bildirib. Lakin o, görüşün detalları haqda danışmaq istəməyib.


Detallar haqda danışmaq istəməyən digər iştirakçı partiyalar da görüşdə iştirak edəcəklərini bildirib.

Bir ay öncə iqtidara görüşlə bağlı müraciət olunanda Xalq partiyasının sədri Pənah Hüseynin da iştirakçılar arasında adı çəkilirdi. P. Hüseyn məsələ ilə bağlı sualımızı cavablandırmaqdan imtina edib.


Müxalifətin əsas partiyalarından olan Müsavatın iştirakçılar arasında olmaması da diqqət çəkir. Bununla bağlı Müsavat başqanının müavini Gülağa Aslanlı Publika.az-a açıqlamasında onların əvvəldən bu görüşə razılaşmadığını bildirib.


“Biz əvvəldən bu haqda mövqeyimizi ortaya qoymuşduq və görüşdə iştirak etməyəcəyimizi bildirmişdik. Çünki biz məmur, yaxud YAP-ın nümayəndəsi səviyyəsində görüşmək istəmirik”, - deyə o bildirib.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm