İrəvana çağırışın pərdəarxası: Bakı və Ankara nə vəd edir?
Bizi izləyin

Nida.az

İrəvana çağırışın pərdəarxası: Bakı və Ankara nə vəd edir?

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin dünən Qarsda baş tutan görüşündə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Ermənistana maraqlı çağırış etdi. Türkiyəli diplomatın “Ermənistanı da öz aramızda görmək istəyirik” sözləri son proseslər baxımından diqqət çəkir.


“Ermənistan dərhal doğru yola gəlməli və sülh üçün səylərini artırmalıdır. Buna hər kəsdən çox Ermənistanın ehtiyacı var. Hazırda Ermənistan Azərbaycanın 20 faiz ərazilərini işğal edib. Bu narahatçılıq yalnız Azərbaycanın qardaşı olan bizlərdə deyil, həm də BMT-nin və Avropa Şurasının qəbul etdiyi qərarlarda da əksini tapıb. Bütün beynəlxalq təşkilatlar bunu söyləyir. Biz Ermənistanın Cənubi Qafqaz halqasına qatılmasını istəyirik. Amma əvvəlcə onların qonşuları ilə olan problemlərini səmimi şəkildə həll etməsi üçün addımlar atması lazımdır. Biz Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ probleminin tezliklə həll olunmasını istəyirik. Bunun üçün də Ermənistanın qonşularının ərazi bütövlüyünə hörmət etməsi lazımdır”, - deyə Çavuşoğlu bildirib.


Publika.az xəbər verir ki, Moskva Dövlət Universitetinin informasiya-analitik mərkəzinin direktoru, rusiyalı politoloq Andrey Petrov Çavuşoğlunun çağırışının Ermənistanın milli maraqları üçün əhəmiyyətli olduğunu deyib. Onun sözlərinə görə, Ermənistanda qatı millətçilik və işğalçılıq kimi yanlış siyasət bu ölkəni uçuruma aparır: “Türkiyə onu düz yola çıxmağa çağırır. Əslində, rəsmi Ankara öz maraqları baxımından Ermənistanla əməkdaşlıqda həmişə maraqlı olub. Lakin bunun qarşısını öz rəsmilərinin də dediyi kimi, Dağlıq Qarabağın işğalı alıb. Hətta qeyri-rəsmi danışıqlarda, kulislərdə gedən müzakirələrdə belə Azərbaycan torpaqlarının işğal edilməsi faktının İrəvanla əməkdaşlığa ziyan vurduğunu, bunun üçün yalnız torpaqların azad edilməsinin əsas olduğu vurğulanıb. Türkiyə Ermənistana bu barədə həmişə çağırış edib. Qarsda da Çavuşoğlunun dili ilə İrəvana qurtuluş yolunun işğalçılığa son qoyulmasında olduğu deyildi. Dağlıq Qarabağ münaqişəsinin praktiki şəkildə nizama salınması İrəvanın üzərindən təcavüzkar adının götürülməsi, Qafqazın iqtisadi xəritəsində Ermənistanın regional layihələrə qoşulması deməkdir”.


Rusiyalı ekspert hazırki situasiyada İrəvanın sadəcə vaxt itirdiyini bildirib. Lakin ekspert Ermənistanın iqtisadi inkişafı və regional əməkdaşlığı millətçi və işğalçı siyasətinə qurban verdiyini qeyd edib.


“Onun qonşuları Ermənistandan yan keçməklə olduqca mühüm layihələri reallaşdırırlar. Əsas layihə olan Bakı-Tiflis-Ceyhan çoxdan tikilib. Əsas nəqliyyat magistralı olan Bakı-Tiflis-Qars da tikilmək üzrədir və gələn il dəmiryolunun açılışı gözlənilir. Bundan başqa, regionun n böyük qaz kəməri olan “Cənub qaz dəhlizi” reallaşmağa doğru sürətlə irəliləyir. İrəvan bütün bu imkanları artıq qaçırdıb. Əgər Ermənistan işğal etdiyi torpaqları azad edərək Azərbaycanın blokadasından qurtulsa, regionun ən böyük infrastruktur layihələrində iştirak edə bilər. Burda Türkiyə Rusiya ilə daha əlverişli quru əlaqəsi yarada bilərdi. Daha Gürcüstan və İran üzərindən dolayısı yollardan istifadə etməzdi. Deməli, dondurulmuş Qarabağ münaqişəsinin həlli regionun bütün ölkələrinə sərf edir. Hesab edirəm ki, region ölkələri Ermənistanı da öz aralarında görmək istəkləri haqda açıqlama verəndə heç vaxt biclik etmir, yaxud yalan danışmırlar. Onlar həqiqətən də bunu istəyirlər”, - deyə S. Petrov vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm