Elman Nəsirli: “Nəhayət, ABŞ ətalətdən qurtulmaq istəyir” - MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Elman Nəsirli: “Nəhayət, ABŞ ətalətdən qurtulmaq istəyir” - MÜSAHİBƏ

Politoloq Elman Nəsirli Publika.Az-ın suallarını cavablandırıb.

- ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor Cənubi Qafqaz ölkələrinə səfərdir. O bu gün Bakıya gəlib. Səfərlə bağlı hansısa əlahiddə bir məqam axtarmaq olarmı?

- Bu cür səfərlər həddindən çox olub, ona görə əlahiddə bir məqam axtarmağı lazım bilmirəm. Hesab edirəm ki, səfər Ermənistanın atəşkəsi kəskin şəkildə pozması ilə bağlı yaranmış yeni situasiyadan irəli gəlib.

Səfərin xüsusi əhəmiyyətini o zaman qabarar ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni təkliflər gündəmə gəlsin. Hələ də 2009-cu ildə Afinada qəbul olunmuş yenilənmiş Madrid prinsiplərindən söz gedir. Ermənistan bu prinsipləri qəbul etməyib.

Yeni təkliflər isə iyun ayının 18-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Parisdə keçirilməsi planlaşdırılan görüşdə verilə bilər. Bunu regiona səfərində ABŞ dövlət katibi Hilari Klinton da bildirib. Amma təkliflər konfidensial xarakter daşıyır.

- Azərbaycan-Ermənistan sərhədində baş vermiş insidentdən az müddət sonra keçiriləcək görüşün nəticələrinə ümid etmək nə dərəcədə düzdür?

- Son insident bir daha göstərdi ki, prinsip etibarilə Ermənistan münaqişənin tənzimlənməsi ilə bağlı konstruktiv addım atmağa nəinki hazır deyil, heç niyyəti də yoxdur.

- Deyilənlərə görə, Hillari Klintonun münaqişənin həlli ilə bağlı təkliflərindən biri də ilk olaraq Dağlıq Qarabağ ətrafındakı ərazilərin boşaldılması və oraya sülhməramlıların yerləşdirilməsidir...

- Yenilənmiş Madrid prinsiplərinin özündə də işğaldan azad olunacaq ərazilərdə sülhməramlıların yerləşdirilməsi əksini tapıb. Bu baxımdan sözügedən təklifi yeni adlandırmaq olmaz. Söhbət sülhməramlıların yerləşdirilməsinin mexanizmi ilə bağlı ola bilər.

Münaqişə barədə daha bir həqiqət son insidentdən sonra ABŞ-dakı Vudro Vilson Beynəlxalq Mərkəzinin keçirdiyi debatda səsləndi. Orada belə bir fikir deyildi ki, son hadisələr müharibədən əvvəlki və müharibə ərəfəsi prosesləri xatırladır. Halbuki çoxları son insidenti müharibədən sonrakı proses kimi qiymətləndirir.

Qeyd olundu ki, Dağlıq Qarabağ münaqişəsi daha çox Yaxın Şərq münaqişəsinə bənzəyir. Bu da onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsi və onun həlli olduqca mürəkkəbdir.

- Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün Rusiyadan kənarda keçirilməsi də diqqət çəkir...

- Maraqlıdır, xeyli müddət Rusiyanın inhisarında keçirilən görüşlərdən sonra ilk dəfə ABŞ-ın təşəbbüsü ilə baş tutan görüşün detalları nədən ibarətdir? Bu təşəbbüsə Rusiyanın yanaşması necə olacaq? Ümumiyyətlə, yeni yanaşmalar Azərbaycanın maraqlarını təmin edəcəkmi?

Hər halda mənim mövqeyim ondan ibarətdir ki, Ermənistan heç bir halda mövcud status-kvonun dəyişdirilməsini istəmir. Dünyadakı bütün erməni lobbisi Ermənistanla birlikdə 2015-ci illə bağlı strategiyanın reallaşdırılmasına çalışırlar. Ermənistan danışıqlara getsə də konkret sənədə imza atmaq niyyətində deyil.

- ABŞ dövlət katibi Hillari Klintonun regiona səfərindən bir həftə keçsə də nəticələr hələ də müzakirə olunur...

- Xanım Klintonun regiona səfəri Cənubi Qafqazın ABŞ milli maraqları sferasında olduğunu bir daha təsdiqlədi. Rusiya prezidenti Vladimir Putinin prezident seçildikdən sonra MDB məkanı ilə bağlı atdığı addımlar bir daha göstərdi ki, rəsmi Moskva MDB-ni özünün nüfuz dairəsi hesab edir. Rusiyanın bu niyyəti ilə ABŞ dövlət katibinin regiona səfəri və məlum yanaşmaları ziddiyyət təşkil edir.

Regionda qlobal fövqəldövlətlə regional fövqəldövlətin maraqları toqquşur. Bu toqquşma nəticə etibarilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində də iz buraxır. Son insidentə bu kontekstdən yanaşmaq düzgün olardı.

Hillari Klinton səfəri ilə göstərdi ki, ABŞ nəhayət ətalətdən qurtulmaq istəyir. Bunun əsas səbəbi Rusiyanın MDB məkanı ilə bağlı yeni ideyalarla çıxış eləməsindən yaranan narahatlıqdır. ABŞ-ın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə təşəbbüsü və bu təşəbbüsün baş tutmasından sonra Klintonun səfərinin ABŞ üçün müəyyən qədər uğurlu olduğunu demək olar.

- Deməli, Vladimir Putinin MDB məkanı və Avrasiya İttifaqı yönündə əməli addımlar atması ilə Klintonun regiona səfəri arasında əlaqə var...

- Klintonun səfərini təkcə Vladimir Putinin MDB məkanı və Avrasiya İttifaqı ilə bağlı hərəkətə gəlməsi ilə bağlamazdım. Bu iki dövlət arasında ciddi problemlər müşahidə olunur.

Rusiya prezidenti NATO-nun Çikaqo sammitinə gedəcəyini, “Böyük səkkizlər”in toplantısında iştirak edəcəyini bildirsə də tədbirə qatılmadı. Eyni zamanda Ermənistan prezidentinin də Çikaqo sammitinə qoşulmasına imkan vermədi.

İranla, Suriya ilə bağlı məsələlərdə də ciddi fikir ayrılıqları var. Belə olan halda ABŞ dövlət katibi İranın qonşuluğunda olan dövlətə səfər edir. Lakin şəraitin paradoksu ondadır ki, hər iki dövlət Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədridir.

İki dövlət arasındakı gərginlik heç şübhəsiz ki, özünü Dağlıq Qarabağ münaqişəsinin həllində də göstərir. Mövqelər toqquşmağa başlayır və bu, münaqişə tərəfləri arasında gərginliyin artmasında da özünü göstərir.

- Milli Məclisin son iclasında belə bir fikir səsləndi ki, Rusiya Azərbaycana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Avrasiya Birliyinə qoşulması üçün təzyiqlər edir...

- Azərbaycanla münasibətləri gərginləşdirmək Rusiyanın maraqlarına uyğun deyil. Eyni zamanda Azərbaycanın da əleyhinədir... Vladimir Putin əvvəlki prezidentdən sərt davranışı ilə fərqlənir. Bu, iki ölkənin münasibətlərində müəyyən soyuqluq yarada bilər.

Lakin Rusiya indiki şəraitdə Azərbaycanla münasibətləri gərginləşdirmək xətti seçsə, bu, Vladimir Putinin prezident kimi taktiki səhvi olacaq. Gürcüstanla münasibətləri kirtik həddə olan Rusiyanın Azərbaycanla da oxşar situasiyaya düşsə, bu, onun Cənubi Qafqazda dostlarını itirməsi anlamına gələ bilər.

Müqəddəs yerlər boş qalmır, Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsindən digər böyük oyunçular maksimum istifadə edə bilərlər. Rusiya prezidentini əhatə edən dairələr, analitiklər bu reallığı prezidentin diqqətinə çatdırmalıdırlar.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm