• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Şuşanın işğalında şok fakt: icra başçısı niyə öldürüldü?

  • Nida.az
  • 11 Dekabr 2014 23:23
  • 857 Baxış
Şuşanın işğalında şok fakt: icra başçısı niyə öldürüldü?

“Mərhum deputat Şadman Hüseynov da Milli Məclisdəki çıxışlarından birində demişdi ki, Şuşanın icra başçısı Mikayıl Gözəlov Qarakənd üzərində vertolyotun vurulması ilə bağlı sirləri bildiyinə görə qətlə yetirilib”.

Bu sözləri Axar.az-a Qarabağdakı proseslərdə yaxından iştirak edən jurnalist Kərim Kərimli Şuşanın Qarabağ müharibəsi zamanı qətlə yetirilmiş icra başçısı Mikayıl Gözəlovun ölüm səbəbləri haqqında məsələləri açıqlayarkən söyləyib. Özünün istəyi ilə jurnalistin açıqlamasının tam mətnini olduğu kimi təqdim edirik:

“Qarakənd üzərində Azərbaycan vertolyotu 1991-ci il noyabrın 20-də vurulub. Mikayıl Gözəlov isə həmin il dekabrın 11-də qətlə yetirilib. Bu isə cəmi 21 gün sonra deməkdir.

Gözəlovun qətlə yetirilməsindən bir müddət sonra sizin toxunduğunuz məsələ ilə bağlı fikirlər səslənirdi. Hətta mərhum deputat Şadman Hüseynov da Milli Məclisdəki çıxışlarından birində demişdi ki, Şuşanın icra başçısı Mikayıl Gözəlov Qarakənd üzərində vertolyotun vurulması ilə bağlı sirləri bildiyinə görə qətlə yetirilib. Ancaq mənim bildiyim odur ki, başqa versiyalar kimi, bu variant üzərində də lazımi səviyyədə araşdırma aparılmayıb və ortada münasib nəticə yoxdur. Hər halda, bizə bəlli deyil. Mikayıl Gözəlovu öldürən şəxs məlumdur və o, 23 ildir ki, həbsxanada cəza çəkir. Hadisəni onun törətməsinə heç bir şübhə yoxdur, - bunu məhz sualınızın “kim tərəfindən” hissəsinə görə xüsusi vurğulayıram, - çünki bu indi də sağ olan insanların gözləri qarşısında baş verib, özü də etiraf edib. Yəni “Kim öldürdü” sualının cavabı məlumdur. Amma sualınızın ikinci, yəni “niyə öldürüldü” hissəsinin cavabı isə hələ tapılmayıb. 23 ildir ki, Mikayılın ölümünün səbəblərini bildirəcək cavabın yolunu həm onun yaxınları, doğmaları, ailə üzvləri, qohumları, dostları, həm Şuşanın işğalının səbəblərini detallarına qədər bilmək istəyən adamlar, həm də həqiqət aşiqləri gözləyir. Yəni həqiqət hardadır?

O zaman səslənən və çox adamın da əmin olduğu məlumatlardan biri də bu idi ki, həmin gün, yəni dekabrın 11-də axşam saat 20.00-da işğalçı Ermənistanın silahlı quldur dəstələrinin Qarabağdakı mövqelərinə və dayaq nöqtələrinə qarşı çox yaxşı hazırlanmış və ciddi bir əməliyyat başlayacaq. Həmin əməliyyatı idarə edən qərargaha da Gözəlov özü rəhbərlik etməli idi. Lakin əməliyyatın başlanmasından təxminən 45-50 dəqiqə qabaq onu aradan götürdülər. …Və bütün hücum əmrləri ləğv edildi. Ermənilər əks-hücuma keçərək bizə divan tutdular. Dalbadal dəhşətli hadisələr baş verdi. Gözəlovun ölümündən dərhal sonra bir-birinin ardınca Cəmilli, Meşəli, Kərkicahan və s. kimi strateji yaşayış məntəqələri – kənd və qəsəbələr darmadağın edilərək yandırıldı, onlarla insan qətlə yetirildi və s. Onu da deyim ki, Mikayıl müəllimin ölümündən sonra bir jurnalist kimi müsahibə aldığım onlarla adam bu fikirləri söyləyib, yaxud təsdiq edib.

Sonralar mən o zaman Şuşa Fövqəladə Vəziyyət Rayonunun Hərbi Komendantı olan, Bakıda Daxili İşlər Nazirliyinin Banditizmə və Terrorizmə Qarşı Mübarizə İdarəsinin rəis müavini işləyərkən qətlə yetirilən polkovnik Ələkbər Əsgərovdan da bu barədə müsahibə almışdım. O, çox məlumatlı adam idi və baş verən hadisələrin “anatomiyası”nı bilirdi. Mənim “Ermənilərin Şuşanı işğal planına Mikayıl Gözəlovun öldürülməsi də daxil idimi?” tipli sualıma o, təxminən belə cavab vermişdi: “Mikayılın öldürülməsi ermənilərin əsas məqsədlərindən biri idi. Lakin özümüzünkülər qabağa düşərək onu qətlə yetirdilər və ermənilərə bu xidməti göstərdilər. Onları ən əsas məqsəd və arzularından birinə çatdırdılar”.

Ə.Əsgərov Mikayıl müəllimi yerində olan adam kimi xarakterizə edərək, Şuşanı ermənilərə təslim etmək istəyən qüvvələrə mane olduğuna görə öldürüldüyünü söyləyirdi. Bu müsahibə 1992-ci ilin mart-aprel aylarında o vaxtın populyar mətbu orqanlarından olan “Qarabağ” qəzetində dərc edilmişdi. İstənilən halda, Şuşanın icra başçısı və o dövrdə əsas müdafiə qüvvələrini əlaqələndirən əsas şəxsin elə bir çətin vaxtda aradan götürülməsinin təsadüfi, adi bir qəsd olduğuna o zaman da heç kim inanmırdı, indi də heç kəs inanmır. Hər halda indiyədək məsələnin üstünün tam açılmaması bu deyilənlərə bir sübutdur”.

Qeyd edək ki, Şuşanın icra başçısı olan Mikayıl Gözəlov 1991-ci il dekabrın 11-də iş otağına açılan aramsız atəş nəticəsində qətlə yetirilib

Xəbər lenti

DAHA ÇOX XƏBƏR