“Rusiya KTMT vasitəsilə proseslərə qoşulacağı mesajını verir“
Bizi izləyin

Nida.az

“Rusiya KTMT vasitəsilə proseslərə qoşulacağı mesajını verir“

Ermənistan ordusunun kəşfiyyat-diversiya qruplarının iyunun 4-də və 5-də bir-birinin ardınca cəbhə xəttinin Tovuz və Qazax istiqamətlərində törətdiyi hücumlar və onların nəticələri barədə ictimaiyyətə artıq məlumatlıdır.

Ortaya çıxan sual düşmənin məhz Azərbaycan-Ermənistan sərhədində fəallaşması ilə bağlıdır.

Publika.Az-a açıqlamasında hərbi ekspert Azad İsazadə bildirib ki, bu, Ermənistanın üzv olduğu MDB Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) prosesə qatmaq istəyindən qaynaqlanır.

Hərbi ekspert qeyd edib ki, bu ehtimalı hadisələrdən sonra həm Ermənistan, həm də KTMT-nin bəyanatları daha da gücləndirir:

"Ermənistan hadisədən dərhal sonra bəyanat verdi ki, onun ərazisinə hücum olunub. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı isə dərhal reaksiya verdi və bildirdi ki, nizamnaməyə uyğun olaraq Ermənistana yardım edə bilər.

Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilər Ermənistanın ərazisi deyil. Həmin ərazilərdə əməliyyatların olacağı halda isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv ölkələri heç bir halda prosesə müdaxilə edə bilməz.

Yalnız Ermənistan ərazisi üçün təhlükə yaranarsa, üzv ölkələr hər hansı addım ata bilər. Ermənistanın Rusiya ilə ikitərəfli hərbi müqaviləsinə əsasən düşmən ölkənin sərhədlərinin mühafizəsinə görə Rusiya cavabdehdir".

Politoloq Qabil Hüseynli də hesab edir ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hadisələrə müdaxilə etməsini istəsə də əsas ideya müəllifi Rusiyadır:

"Rusiya Qəbələ RLS-lə bağlı Azərbaycanın mövqeyindən, ABŞ dövlət katibi Hillari Klintonun Gürcüstanda söylədiyi fikirlərdən sonra regionu qarışdırmağa cəhd edir. Gürgüstanla bağlı bunu edə bilməsə də, vassalı olduğu Ermənistanla istədiyin daha asan reallaşdıra bilər".

Qabil Hüseynli bildirib ki, Rusiya qarşıdurmanı məhz Azərbaycan-Ermənistan sərhədində yaratmaqla Ermənistanın təcavüzə məruz qaldığını beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq, eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının adı ilə proseslərə qatılma imkanının olduğunu göstərir:

"Nahaq yerə Ermənistandakı 102-ci hərbi hissə döyüş hazırlığı keçmir. Bundan əlavə Rusiya hərbi hava qüvvələrinin Ermənistana desant göndərəcəyi deyilir".

Politoloq dünyanın susmasını, o cümlədən Azərbaycanın da bu təhlükəni dünya ictimaiyyətinin diqqətinə çatdırmamasını təəccüblə qarşıladığınını deyib.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm