Qənirə Paşayeva Heydər Əliyevdən yazdı
Bizi izləyin

Nida.az

Qənirə Paşayeva Heydər Əliyevdən yazdı

İllər çox sürətlə keçdi... Amma biz sizi heç bir zaman unutmadıq və unutmayacağıq. Sizi çox özlədik. Söhbətlərinizi, fikirlərinizi, məsləhətlərinizi. Biz sizdən o qədər çox şey öyrəndik ki, saymaqla bitməz. Bizim üçün əsl bir məktəb və unutmayacağımız bir müəllim oldunuz. Sizdən öyrənmək istədiyimiz o qədər çox şey vardı ki, saymaqla bitməz.

Vətəni sözdə deyil, əməldə sevməyi, onun üçün qarşılıq gözləmədən çalışmağı, millət üçün fədakarlığı, mənəvi zənginliyi, hər şeyə rəğmən bağışlamağı bacarmağı, uzaqgörənliyi, zəhmətkeşliyi və daha çox şeyləri sizdən öyrənməyə çalışdıq.Yaxşı öyrənci ola bildikmi, deyə bilmərəm. Amma siz bunları öyrənə bilməmiz üçün bizə əsl müəllim oldunuz və çoxlarımızın həyatını dəyişdiniz. Sizinlə bərabər səfərlərə gedən və gözəl söhbətlər edə bilmək imkanı olan bütün jurnalist dostlarla hər görüşəndə mütləq sizi xatırlayırıq. Və hər zaman böyük sevgi ilə. Siz bizə hər zaman sevgi ilə yanaşdınız, özünə güvən hissini gücləndirdiniz, sizin böyük diqqətiniz jurnalistikanı çox gücləndirdi və siz bundan hər zaman çox məmun oldunuz.

Biz sizi, sadəcə, 12 dekabr və 10 Mayda xatırlamırıq hər zaman xatırlayırıq və ruhunuz şad olsun deyirik. Sizin ən böyük arzunuz güclü Azərbaycan idi və ölkəmiz daha da gücləndikcə ruhunuzun şad olduğuna inanırıq. Əslində sizi anma günü ilə bərabər gənclərimiz üçün sözün əsl mənasında anlama günü də olmalıdır. Çünki sizdən hər zaman gənclərimiz öyrənməli və örnək almalıdırlar. Biz də yaşlanırıq və geriyə jurnalist dostlarımın paylaşdığı şirin bir duyğularla baxdığımız bu fotolar bizə həyatımızın o gözəl anlarını xatırladır. Siz Azərbaycan tarixi ilə bərabər dünya tarixində də böyük bir Lidersiniz və sizinlə bərabər səfərlərdə ola bildiyimiz, tez-tez söhbətlər edə bildiyimiz üçün şanslı insanlardıq və o gözəl söhbətlərinizi, özəlliklə Amerikaya son səfəriniz zamanı mənə söhbət üçün ayırdığınız 2 saatınızı, diqqətinizi, söhbətlərinizi, məsləhət və tövsiyyələrinizi heç bir zaman unutmayacağam.

Çünki bu gün belə o məsləhətlər və tövsiyyələr mənə çox lazım olur və hər zaman köməyimə çatır. O zaman inana bilməzdim ki, bu sizinlə son söhbət olacaq. Amma siz sanki hiss etmişdiniz və tez-tez qızım bunları bilmən lazımdı deyirdiniz. Onları bilməm o qədər lazım oldu ki, həyatımda və hər zaman sizə təşəkkür etdim. Ömrümün sonuna qədər də edəcəm. Hər dəfə sizinlə bağlı bir kitab yazmaq istəyəndə çox düşünürəm. Çünki sizi layiqincə yaza bilməməkdən qorxuram. Amma bir müddət əvvəl bu gücü hiss etdim və başladım. Bir çoxlarının bilmədiyi xatirələr, şahidi olduğum hadisələr, səfərlər zamanı müşahidələrim, söhbətlər, müsahibələr, böyük şəxsiyyətlərin mənə sizinlə bağlı söylədiyi fikirlərlə sizə layiq bir kitab inşallah yaxın aylarda hazır olacaq. Siz jurnalistlərin qəlbində özəl bir taxt qurmuşdunuz və bizim ən yaxın dostumuz idiniz. Sizdən ən çox öyrənmək istədiyim keyfiyyətlərdən biri isə sadəlik idi.Biz sizin hər bir jurnalistə necə diqqətlə, sevgi ilə yanaşmanızı unutmadıq və unutmayacağıq. Nur içində yatın əziz və sevimli Lider!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm