Müsavat mitinq ssenarisi hazırlayır: kimlər dəvətlidir, kimlər çıxış edəcək?
Bizi izləyin

Nida.az

Müsavat mitinq ssenarisi hazırlayır: kimlər dəvətlidir, kimlər çıxış edəcək?

Müsavat Partiyasının mitinqinə rəsmi icazə verildi. Dekabrın 14-də partiya insan haqları gününə həsr edilmiş mitinq keçirdəcək.


Müsavat başqanının müavini Gülağa Aslanlı Publika.az-a açıqlamasında mitinqə hazırlığın yüksək səviyyədə keçirildiyini deyib: “Mitinq komitəsi bu gün saat 15:00-da növbəti toplantısını keçirəcək. Görülən işlər müzakirə olunacaq, əlavə tapşırıqlar veriləcək. Artıq mitinqin səhnəsi, bannerlər, səsgücləndiricilər hazırdır. Xırda texniki məsələlər də bugünkü toplantıda müzakirə olunacaq. Saat 16:00-da Müsavat qərargahında partiya fəallarının iştirakı ilə mitinqlə bağlı iclas keçiriləcək”.


Başqan müavini mitinqdə iştirak üçün heç bir siyasi partiyaya rəsmi dəvət göndərilmədiyini deyib: “Biz əvvəldən hər kəsin iştirak etməkdə azad olduğunu bildirmişik. Heç bir siyasi partiyaya, siyasi təşkilata, yaxud gənclər təşkilatına rəsmi dəvət göndərilməyib. Çünki insan haqları məsələsi heç bir siyasi partiyanın monopoliyasında ola bilməz. Müsavat bu mitinqin sadəcə təşkilatçılığını öz üzərinə götürüb. Bütün Azərbaycan vətəndaşları mitinqə dəvətlidir və hər kəsin iştirakından yalnız razı qalacağıq”.


G. Aslanlı mitinqdə çıxış edənlərin kimliyinin sabah müəyyənləşəcəyini bildirib.

Qeyd edək ki, Müsavatın VIII qurultayından sonra partiyada ciddi fikir ayrılığı yaranıb və hazırda narazı qrup ayrılıqda fəaliyyət göstərir. Narazıların mitinqdə iştirakı əsas məsələlərdən biridir.

G. Aslanlı bunda heç bir problemin olmadığını deyib. Onun sözlərinə görə, mitinqə gəlməkdə hər kəs kimi bu insanlar da azaddır.


Narazılardan kiminsə tribunada çıxış etməsinə gəlincə, başqan müavini buna da müsbət yanaşdıqlarını deyib.


“Əgər kiminsə belə bir arzusu olarsa, mitinq komitəsi bu məsələyə baxa bilər”, - deyə o bildirib.

Narazılardan Vurğun Əyyub mitinqdə iştirak edəcəyini istisna etməyib. Lakin o, çıxış etmək niyyətində olmadığını bildirib.

Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli də mitinqdə iştirak edəcək.


Lakin Adil Qeybulla və Səxavət Əlisoy mitinqdə iştirak etmək niyyətində olmadıqlarını bildirib. Onlar bu mitinqin bütöv Müsavatın qərarı ilə keçirilmədiyini vurğulayıblar.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm