“Qoşulmama Hərəkatına üzvlüklə NATO ilə tərəfdaşlıq bir-birinə zidd deyil“
Bizi izləyin

Nida.az

“Qoşulmama Hərəkatına üzvlüklə NATO ilə tərəfdaşlıq bir-birinə zidd deyil“

"Biz Azərbaycanın Əfqanıstandakı sülhyaratma əməliyyatında iştirakını çox yüksək qiymətləndiririk. NATO Azərbaycanın bu roluna böyük önəm verir.

Azərbaycan Əfqanıstan hərbçilərinin təlim keçməsi üçün bu yaxınlarda 1 milyon avro vəsait ayırıb. Rəsmi Bakının bu fəaliyyəti gələcək əməkdaşlıq üçün yaxşı imkanlar açır".

Publika.Az xəbər verir ki, bu açıqlamanı jurnalistlərə NATO-nun Cənubi Qafqaz üzrə nümayəndəsi Vilyam Lahue verib.

Vilyam Lahue Azərbaycan-NATO münasibətlərinin möhkəm olduğunu və bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə ümidvar olduğunu vurğulayıb.

NATO təmsilçisi bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü və NATO ilə tərəfdaşlıq bir-biri ilə ziddiyyət təşkil etmir:

"Bu tərəfdaşlığın nə qədər dərinləşəcəyini sizin ölkə müəyyənləşdirir və Azərbaycan hökumətindən asılıdır. Dörd ölkə NATO-ya üzvlük üçün müraciət edib. Azərbaycan bura daxil deyil. NATO-ya üzv olmaq üçün bir sıra islahatlar həyata keçirilməli, siyasi iradə nümayiş etdirilməlidir. NATO ilə əməkdaşlıq imkan verir ki, ölkə təkcə birgə əməliyyatlarda deyil, həm də siyasi dialoqlarda iştirak etsin".

Alyansın Çikaqo sammitinin yekun bəyannaməsini şərh edən Vilyam Lahue bildirib ki, alyans üzvləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dəstək verdiklərini ifadə ediblər:

"NATO danışıqlar prosesinə cəlb olunmayıb, bu, NATO-nun rolu deyil. Lakin alyans sülh prosesini dəstəkləyir və münaqişənin nizamlanmasına siyasi dəstəyini ifadə edib".

Vilyam Lahue Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlıq Fəaliyyət Planının (IPAP) III mərhələsinin həyata keçirilməsinə hələ başlanmadığını da deyib. O, yeni mərhələnin icmalının yeni başa çatdığını söyləyib:

"Bu proses NATO-nun qərargahında aparılır. İcmal yekunlaşdıqdan sonra biz onun icrasına başlaya biləcəyik". NATO rəsmisi planın yerinə yetirilməsinə nə vaxt başlanacağını söyləməkdə çətinlik çəkdiyini də vurğulayıb.

Səxavət Həmid

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm