“İnqilab ixracatçısı”nın Bakıdakı “qürubu” – onlar məğlub oldu
Bizi izləyin

Nida.az

“İnqilab ixracatçısı”nın Bakıdakı “qürubu” – onlar məğlub oldu

Dünyada “inqilab ixracatçısı” kimi tanınan Corc Sorosun rəhbərlik etdiyi “Soros” fondunun Bakı nümayəndəliyinin ofisi ləğv edilib.


Vəkil Elçin Sadıqov Publika.az-a açıqlamasında bildirib ki, ACİYF-in (Açıq Cəmiyyət İnstitutuna Yardım Cəmiyyəti – Soros Fondu - red) Azərbaycan nümayəndəliyinin ləğv edilməsi ilə bağlı işlərə başlanılıb: “Ləğvetmə işlərini aparmaq ACİYF-in etibarnamə əsasında nümayəndəsi kimi mənə həvalə edilib. Fond Azərbaycanın həmişə dost ölkə olduğunu, bu müddət ərzində ölkədə təhsilin, medianın və hüququn aliliyinin təmini üçün çalışdığını bəyan edir. ACİYF-nin məqsədi Azərbaycan dövlətinin və cəmiyyətinin rifahı olub. Bu məqsədlə müxtəlif dövlət qurumları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə əməkdaşlıq edib. ACİYF Azərbaycan nümayəndəliyinin işçiləri və ofisi yoxdur, ofis boşaldılıb. Ümid edirik ki, son günlər mətbuatda ACİYF-in Azərbaycandakı nümayəndəliyi ilə bağlı əsassız fikirlər və məlumatlar ciddi qəbul edilməyəcək, başladılan proseslər hüququn aliliyi çərçivəsində həll ediləcək”.


Vəkil fondun Azərbaycandakı nümayəndəliyinin 2010-cu ildən fəaliyyətini dayandırdığını bildirib. Onun sözlərinə görə, indiki prosedur tam hüquqi prosedurdur və söhbət qeydiyyatın, yəni hüquqi şəxsin ləğvindən gedir.


“Əmlakla bağlı məsələ barədə mənə etibarnamə verilməyib. Fondun Azərbaycanda daşınmaz əmlakı olmalıdır. Lakin bu haqda dəqiq bilmirəm. Hazırda beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri, o cümlədən fondla bağlı da istintaq aparılır. Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Baş Ofisi düşünür ki, məsələ hüququn aliliyi çərçivəsində həll olunacaq”, - deyə o bildirib.

2010-cu ilə qədər fondun İdarə Heyətinin rəhbəri olmuş politoloq Zərdüşt Əlizadə Publika.az-a açıqlamasında Bakı ofisinin 2011-ci ildə bağlandığını bildirib. Onun sözlərinə görə, nümayəndəlik “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin sədrliyi dövründə qapanıb: “Mən 2005-ci ildən 2009-cu ilə qədər İdarə Heyətinin sədri olmuşam. 2011-ci ildə fondu tədricən bağladılar. Əvvəlcə bircə səhiyyə proqramının işi davam etdirildi. Başa çatmayan layihələrlə əlaqədar bir neçə nəfər işdə saxlanılmışdı. Həmin proqram sona çatandan sonra “Soros” tamamilə bağlandı və bütün işçilər azad edildi. 2010-ci ildən sonra binada bir müsahib, bir mühafizəçi qalmışdı. Faktiki olaraq işləmirdi. Məndə olan məlumata görə, onun binasını söküb yerində yenisini tikiblər. Fondun Azərbaycandakı işləri kənardan idarə olunurdu və İşçi Qrupu səviyyəsində iş görülürdü. Ola bilsin, indi hüquqi baxımdan ləğv edilib”.


Z. Əlizadə fondun bağlanma səbəbinin ona bəlli olmadığını deyib.


“Bu, Corc Sorosun şəxsi ofisi idi. Kefi belə istədi və etdi. 2011-ci ildə fondun regional koordinatoru Bakıya gəlmişdi və bizimlə görüşüb vəziyyəti öyrənmək istədi. Biz də heç nəyin dəyişmədiyini dedik. Məsələ belə də qaldı”, - deyə o bildirib.

Xatırladaq ki, “Soros” Fondu Azərbaycanda 2011-ci ildə bağlanıb və buna səbəb kimi fonddakı korrupsiya faktları göstərilib.


Lakin bununla yanaşı, fondun Azərbaycanda əsas fəaliyyəti haqda bir çox iddialar var idi. İddialara görə, fond ölkədə “inqilabçılar”ın yetişdirilməsi ilə məşğul olub. Fondun 2002-ci ildən 2014-cü ilə qədər müxalifətyönümlü QHT-lərə 25 milyon dollardan çox pul ayırdığı deyilir. Corc Sorosun Gürcüstan, Ukrayna və bir çox inqilablarda iştirakı haqda ciddi faktlar var.


Yaşıllar Partiyasının sədri Mayis Güləliyev Publika.az-a açıqlamasında “Soros” fondunun Azərbaycan müxalifətinə ciddi dəstək verdiyini bildirib.


“Ümumiyyətlə, bu fonda post-sovet məkanında “qızıl gül”, “məxməri”, “narıncı” inqilablarda iştirak edib. Hətta “Soros” fondunun qloballaşma ilə bağlı hesabatında açıq şəkildə yazılıb ki, “əgər hökumət bizimlə əməkdaşlıq etmək istəmirsə, müxalifət qüvvələrini maliyyələşdirməklə onlardan təzyiq vasitəsi kimi istifadə olunmalıdır”. Aşkar şəkildə qeyd olunub. Bu, fondun əsl məqsədindən xəbər verir”, - deyə o bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm