BMT-də Azərbaycan və Ermənistan nümayəndələri arasında mübahisə yaranıb
Bizi izləyin

Nida.az

BMT-də Azərbaycan və Ermənistan nümayəndələri arasında mübahisə yaranıb

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi "Mübahisələrin dinc yolla həlli, münaqişələrin qarşısının alınması və həlli; vasitəçilik, hüquqi həll və ədalət" mövzusunda BMT Təhlükəsizlik Şurasında qeyri-rəsmi müzakirələr (Arria Formulası görüşü) təşkil edib.

Publika.Az xəbər verir ki, tədbirdə Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərlə yanaşı, BMT-nin digər üzv dövlətləri, BMT Katibliyi, beynəlxalq hökumət təşkilatları, vətəndaş cəmiyyəti və elmi dairələrin 120-dən artıq nümayəndəsi iştirak edib.

Müzakirələrdə əsas natiqlər qismində Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov və Böyük Britaniyanın Kembric Universitetinin professoru Malkolm Şou çıxış ediblər.

Azərbaycanın BMT yanında daimi nümayəndəsiAqşin Mehdiyev tədbirin əhəmiyyətindən danışaraq deyib ki, əsas məqsəd BMT Təhlükəsizlik Şurasının üzvləri və digər iştirakçılar arasında mübahisələrin sülh yolu ilə həlli, münaqişələrin qarşısının alınması kimi vacib məsələləri müzakirə etmək və davamlı, beynəlxalq hüquqa əsaslanan sülh və barışın təşviq edilməsində vasitəçiliyin, hüquqa və ədalətə əsaslanan həllin rolunu işıqlandırmaqdır.

Malkolm Şou beynəlxalq mübahisələrin həlli, münaqişələrin qarşısının alınması və həllində vasitəçiliyin beynəlxalq hüquqi əsasları və həll mexanizmləri ilə bağlı nəzəri məruzə ilə çıxış edib.

Araz Əzimov münaqişəli vəziyyətlər, xüsusilə Ermənistan və Azərbaycan arasında münaqişə kontekstində aparılan vasitəçilik səylərindən danışıb, onun müxtəlif aspektləri, habelə uğurlu vasitəçiliyin əsas faktorları barədə fikirlərini bölüşüb.

Müzakirələrdə səslənən fikirlərin ana xəttini vasitəçilik səylərinin boşluqda cərəyan edən proses olmaması, mövcud vəziyyətin qorunub saxlanılmasına yönəlməməsi və qəti şəkildə beynəlxalq hüquq normaları və prinsiplərini rəhbər tutması vacibliyi təşkil edib.

Müzakirələrdə ötən il iyunun 22-də BMT Baş Məclisinin qəbul etdiyi “Mübahisələrin sülh yolu ilə həlli, münaqişələrin qarşısının alınması və həllində vasitəçiliyin rolunun gücləndirilməsi”nə dair 65/283 saylı qətnamənin qəbul edilməsinin, mübahisələrin dinc vasitələrlə həllinin, münaqişələrin qarşısının alınması və həllində vasitəçilik səylərinin təşviq edilməsinin, mövcud və gələcək vasitəçilik mexanizmləri üçün faydalı qaydalar təmin edilməsinin əhəmiyyəti qeyd edilmişdir.

Tədbirdə iştirak edən Ermənistanın BMT yanında daimi nümayəndəsi müzakirələrin mövzusu və ruhuna zidd tərzdə çıxış edərək, natiqlərin səsləndirdikləri fikirləri təhrif etməyə cəhd edib. O, xüsusilə Araz Əzimovun istinad etdiyi münaqişənin Ermənistanla Azərbaycan arasında baş vermədiyini bildirib və ölkəmizi bu münaqişənin həlli üzrə vasitəçilik səylərini heçə endirməkdə günahlandırıb.

Araz Əzimov isə cavab olaraq deyib ki, sözügedən münaqişənin məhz Ermənistanla Azərbaycan arasında baş verdiyinə dəlalət edən çoxlu sayda sübutlar var. Onlardan ikisini qeyd etmək kifayətdir.

Birincisi, Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan vətəndaşları xidmət edir və ələ keçirilən bu ölkənin əsgərlərinin sənədləri faktı təsdiq edir. İkincisi, münaqişənin həlli üzrə danışıqlarda münaqişə tərəfi kimi məhz Ermənistan Respublikasının dövlət başçısı iştirak edir.

Ermənistan nümayəndəsinin qeyd etdiyi digər məqama münasibət bildirən Araz Əzimov deyib ki, Ermənistan 2011-ci ildə BMT Baş Məclisinin qəbul etdiyi “Mübahisələrin sülh yolu ilə həlli, münaqişələrin qarşısının alınması və həllində vasitəçiliyin rolunun gücləndirilməsi”nə dair qətnamə üzrə konsensusa qoşulmayan yeganə dövlət olub. Belə olan halda bu dövlətin nümayəndəsinin vasitəçilik səylərinin əhəmiyyətindən söz açması təəccüb doğurur.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm