• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Fazil Mustafa: “Etibar Əliyevin istefa qərarı özünün xeyrinədir”

  • Nida.az
  • 31 May 2012 19:30
  • 153 Baxış
Fazil Mustafa: “Etibar Əliyevin istefa qərarı özünün xeyrinədir”

Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafanın müşaviri, "XXI Əsr" Təhsil Mərkəzinin rəhbəriEtibar Əliyev bəyanat verərək partiyada tutduğu vəzifəsindən və partiya sıralarından istefa verdiyini açıqlayıb.

Publika.Az Fazil Mustafa ilə bu mövzuda söhbət edib.

- Fazil bəy, müşaviriniz Etibar Əliyevin istefasına münasibətinizi bilmək istərdik.

- Kiminsə partiyadan istefa verməsi və ya partiya üzvlüyünə qəbul olması adi bir prosedurdur. Məncə, burda heç bir problem yoxdur. Hər kəs siyasi platformasını özü sərbəst şəkildə müəyyən edə bilər. Burada təəccüblü heç nə yoxdur.

Ümumiyyətlə, biz çalışırıq ki, partiyaları sabit bir mexanizm kimi saxlamayaq. Bir şəxsin üzv olması, yaxud üzvlükdən getməsi partiya həyatında normal hala çevrilməlidir. Başqa partiyalarda da transferlər, qopmalar olanda biz buna adi hal kimi baxırıq.

- Amma burada söhbət adi üzvdən deyil, partiya sədrinin müşavirindən gedir...

- Hər kəs istədiyi seçimi edə bilər. Bu, bizim münasibətlərə təsir edən məsələ deyil. Ola bilər ki, bizim siyasi baxışlarımız, fərqli olsun, uyğun gəlməsin. Ona görə də biz bu qərara sayğı ilə yanaşırıq.

- Etibar Əliyev istefa ilə bağlı yaydığı bəyanatında bildirib ki, partiyanın qurultayı barədə ona kənardan məlumatlar çatıb. Deyib ki, partiya sədrinin müşaviri kimi nə təşkilat komitəsinə cəlb olunub, nə qurultaya nümayəndə seçilib, nə də qurultayın vaxtı və keçirildiyi yer haqqında ona məlumat verilib. Bununla da o, BQP-də ona qarşı hörmətsizlik olduğunu bildirib...

- Hörmətsizlikdən qətiyyən söhbət gedə bilməz. Qurultayda iştirak edənlər rayon təşkilatlarının təmsilçiləridir. Yəni bu prosesdə rayon təşkilatında qeydiyyatda olan şəxslər fəal olurlar.

Qurultayda kimlərin nümayəndə kimi iştirak edəcəyini də rayon təşkilatları müəyyən edirlər. Bizim qərarımız var ki, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsində Siyasi Qurul üzvləri, Nəzarət-Təftiş Komissiyasının üzvləri və Ali Məclis rəhbərliyi təmsil olunur. Bu partiyanın əvvəlcədən qəbul etdiyi qərardır.

Başqa strukturlarda təmsil olunan şəxslər Təşkilat Komitəsində iştirak edə bilməzlər. Yəni, əlavə qurumların üzvləri, yaxud müşavirlər burada təmsil olunmurlar.

- Dediklərinizdən belə çıxır ki, Etibar Əliyev öz fikirlərində əsassızdır.

- Demək istəyirəm ki, bu məsələ əvvəlcədən müəyyənləşdirilib və daxili prosedur qaydalarla tənzimlənib. Etibar bəyə partiyada əvvəlki kimi hörmət var. Amma qərar var və ona hamı əməl etməlidir.

Bu, ötən qurultay zamanı da belə olub, sırf texniki xarakterli qərardır. İstefa məsələsinə gəldikdə isə bu, artıq qeyd etdiyim kimi seçimdir, hüquqdur. Bu istefa nə hörmətsizliklə bağlıdır, nə də bizim münasibətlərə təsir etmir.

- Etibar Əliyevə qurultayın çağırılması barədə məlumat verilməyib?

- Qurultay barədə mətbuatda məlumat yayılıb. Heç kimə bununla bağlı xüsusi məlumat verilməyib. Bu kimsədən gizlədilən konfrans deyil. Bununla bağlı yalnız Ədliyyə Nazirliyinə rəsmi məktubla müraciət edilib.

Məqsəd nazirliyin nümayəndəsinin qurultayda iştirakının təmin edilməsi olub. Hər şey nizamnamə çərçivəsində olub. Bütün bunlardan sonra əgər Etibar Əliyev bizə istefa ərizəsi ilə müraciət edibsə, onun müraciətinə baxılacaq və müvafiq qaydada cavablandırılacaq.

- Yenə də dediklərinizdən belə çıxır ki, qurultay barədə xəbər tutmamaqda Etibar Əliyevin öz günahı olub...

- Biz burda günah axtarmırıq. Əgər o doğurdan da qurultayda iştirak etmək istəyirdisə, istefa ərizəsi yazmamışdan qabaq bizə bu barədə müraciət edəydi. O zaman Etibar Əliyev Təşkilat Komitəsinə daxil edilə bilərdi. Heç bir narazılıq da olmazdı.

Əgər bizə belə bir müraciət olardısa biz təbii ki, onu nəzərə alardıq. O bizə bu istəyi barədə heç nə bildirməyib. Buna görə istefa veribsə, belə yenə də qərarına sayğı ilə yanaşırıq.

- Etibar Əliyev istefa verməyini həm də son dövrlərdə sizinlə öz baxışları arasındakı ziddiyyətlərlə bağlayıb. Deyib ki, həm məşğul olduğu təhsil sahəsi, həm də siyasi məsələlərlə bağlı mövqeyi, partiya sədrindən icazəsiz bəzi fikirlər səsləndirməsi də istefa verməyinə müəyyən dərəcədə səbəb olub.

- Baxışlarımızda təbii ki, fəqliliklər var idi. Mən bunu konkretləşdirmək istəmirəm. Amma biri var partiya üzvü kimi bir məsələyə münasibət bildirəsən, bir də var təhsil məsələləri üzrə ekspert kimi.

Bu zaman partiya müşavirinin mövqeyi partiya sədrinin mövqeyi kimi başa düşülür. Partiya sədrinin fikirləri kimi qəbul olunur və tez-tez buna münasibət bildirilir. Mən bunu doğru hesab etmirdim. Çünki elə məsələlər var ki, partiyanın tutduğu kurs orada öz sözünü deməlidir. Belə olmayanda təzad yaranır.

Odur ki, hazırkı situasiyada Etibar Əliyevin istefa ilə bağlı qərar qəbul etməsi onun özünün xeyrinədir. Çünki belədə o öz fikirlərini daha sərbəst formada ifadə edə biləcək. Hansısa məsələyə indi daha rahat münasibət bildirməık imkanı əldə edirsə bunun nəyi pisdir?

Digər tərəfdən istefa bir növ siyasi və demokratik mədəniyyət nümunəsidir. Təmsil olunduğun yerlə sənin fikirlərin üst-üstə düşməyəndə siyasi fəaliyyətini başqa ünvanda davam etdirmək doğru addımdır.

Səxavət Həmid

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR