• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Tofiq Yaqublu: “Rəsul Quliyevin mövqeyini təqdir etmirik...“

  • Nida.az
  • 31 May 2012 17:33
  • 95 Baxış
Tofiq Yaqublu: “Rəsul Quliyevin mövqeyini təqdir etmirik...“

"Açıq Cəmiyyət Partiyasının rəhbərliyi tərəfindən hələlik bizə əməkdaşlıq təklifi daxil olmayıb. Belə bir təklif daxil olsa ona baxılacaq və dəyərləndiriləcək".

Bu sözləri Publika.Az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu bildirib.

Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər mətbuata müsahibəsində AXCP və Müsavatla sıx əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib.

Tofiq Yaqublunun fikrincə, nəzəri cəhətdən belə bir əməkdaşlıq mümkündür: "Amma yenə də qeyd etmək istəyirəm ki, gərək əvvəlcə müraciət daxil olsun".

ACP-nin yeni sədri əvvəllər Müsavat Partiyası Məclisinin sədri olub. Bu baxımdan Müsavatla ACP-nin əməkdaşlığında psixoloji baryer olmayacaq ki? Tofiq Yaqublu deyir ki, yox.

Onun fikrincə cəmiyyət artıq bu cür hallara öyrəşməlidir:

"O əvvəllər idi, kiminsə partiyadan çıxarılması, yaxud başqa partiyaya keçməsi böyük hay-küyə, kampaniyaya çevrilirdi. Artıq cəmiyyət belə şeylərə alışıb və normal yanaşır".

Bununla belə Tofiq Yaqublu ACP-nin lideri Rəsul Quliyevin son vaxtlar İctimai Palatanı hədəfə alan bəyanatlarını təqdir etmədiyini vurğulayıb:

"Rəsul bəyin işi son vaxtlar ancaq İctimai Palatanın fəaliyyətini təftiş və tənqid etməkdən, onu kiçiltməkdən ibarətdir. Amma dünyaya, o cümlədən Rəsul bəyə də aydın oldu ki, Azərbaycanda real müxalifət İctimai Palata formatıdır".

Sülhəddin Əkbərin təklifini müsbət dəyərləndirən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib ki, təmsil etdiyi partiyanın siyasi proseslərə münasibətində əsas prioritetlətlərdən biri də müxalif qüvvələrin geniş spektli birliyinin yaradılması, əməkdaşlıq imkanlarının genişləndirilməsidir:

"Bu baxımdan Açıq Cəmiyyət Partiyası, onun lideri Rəsul Quliyevlə, sədri Sülhəddin Əkbərlə Xalq Cəbhəsinin münasibətləri çox normaldır. Sülhəddin bəyin partiyanın sədri seçilməzdən öncə də bizim xoş münasibətlərimiz vardı. Ona görə hesab edirəm ki, Sülhəddin bəyin gəlişi ilə bu münasibətlər partiyalararası münasibətlərdə də ifadə olunacaq".

Səxavət Həmid

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR