Çingiz Qənizadə: “Biz bu kampaniyanın əsl məqsədini bilirik...”
Bizi izləyin

Nida.az

Çingiz Qənizadə: “Biz bu kampaniyanın əsl məqsədini bilirik...”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirib.

Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi "İnsan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair" qətnamə Azərbaycanda ciddi narazılığa səbəb olub. Avropa Parlamentinin 5 fraksiyasının üzvlərinin iştirakı ilə keçirilən toplantıda qurumun 754 deputatından cəmi 56 üzvü iştirak edib və onların da 49 nəfəri sənədin lehinə səs verib.

Qətnamə Avropa Parlamentinin təxirəsalınmaz prosedurları çərçivəsində qəbul olunub. İclas təxminən 30 dəqiqə çəkib.

Çingiz Qənizadə Publika.Az-a bildirib ki, Avropa Parlamentinin 56 deputatının iştirakı ilə gündəlikdə olmayan məsələnin qəfil müzakirəyə çıxarılması və belə bir qətnamənin qəbul edilməsi əvvəlcədən hazırlanmış bir ssenarinin tərkib hissəsidir: "Əgər Avropa Parlamenti ən azı bu məsələ ilə bağlı qərar qəbul edirdisə, Azərbaycan tərəfini məlumatlandırmalı və qabaqcadan belə toplantıya dəvət etməli idi. Ona görə də bu qərar təəssüf və narahatlıq hissləri doğurmaya bilməz. Çünki təxminən bir ay əvvəl Bakıda keçirilən “Avronest” Parlament Assambleyasının iclasında ölkəmizdə insan haqları, söz azadlığı ilə bağlı məsələlər geniş müzakirə olunmuş və Azərbaycanda insan hüquqlarının vəziyyəti qənaətbəxş qiymətləndirilərək bəzi sənədlər qəbul edilmişdi. İndi nə baş verdi ki, təxirə salmadan belə bir qərəzli qətnamə qəbul edildi?"

Deputatın fikrincə, bu, son dövrlər Avropa mətbuatında dərc edilən yazılar, ayrı-ayrı dövlətlərin siyasi partiyalarının nümayəndələrinin adı ilə ölkəmizə qarşı edilən təzyiqlərlə əlaqəli bir qətnamədir: "Çox təəssüf ki, Avropa Parlamenti araşdırma aparmadan, müxtəlif mövqelərdən informasiyaları əldə etməklə tələsik belə bir qətnamə qəbul edib və bu, qəbul olunmazdır. Hesab edirəm ki, Azərbaycan dövlətinin rəsmi strukturları buna etiraz edəcəklər və bu da davamlı həyata keçirilməlidir".

Hüquq müdafiəçisi vurğulayıb ki, Azərbaycanda insan haqlarının müdafiəsi ilə bağlı hər hansı bir məsələni gündəmə gətirib onunla bağlı qətnamə qəbul etmək üçün əvvəlcə ölkənin mövqeyini öyrənmək, göstərilən faktların monitorinqini keçirmək lazımdır. Hansısa təşkilatlardan informasiyalar əldə edib və o məlumatlara köklənərək belə bir mühüm qurumun adından qərar qəbul etmək başa düşülən deyil.

Deputat qeyd edib ki, bütün bu məsələlərin kökündə Azərbaycanın müstəqil siyasət aparması dayanır. Ona görə də bəzi qüvvələr Azərbaycanın sürətli inkişafından narahat olurlar: "Bu məsələnin kökündə bizim bildiyimiz, lakin görünməyən məqamlar var. Artıq biz son dövrlər Azərbaycana qarşı başlanan kampaniyanın əsl məqsədini bilirik. Mən və bəzi deputat həmkarlarım aprel ayında Almaniyada səfərdə olarkən keçirdiyimiz görüşlərdən bu məsələni müəyyənləşdirmişdik. Artıq Azərbaycanın Cənubi Qafqazda deyil, keçmiş SSRİ və dünya məkanında söz sahibinə çevrilməsi və qüdrətli dövlət olaraq öz sözünü deməsi bəzi dövlətlərdə qısqanclıq yaradır. Azərbaycanın iqtisadi gücü günü-gündən artır, daxili və xarici siyasətində müstəqillik var, dövlətimiz hər hansısa bir ölkənin təsiri altında deyil və kiminsə diktəsi ilə hərəkət etmir. Eyni zamanda, Azərbaycan Avropaya inteqrasiya yolunu tutmuş və hər zaman öz öhdəliklərinə sadiq qalan bir ölkədir".

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm