Nazirlik nədən büdcədən ayrılmış pulun 11 faizini geri qaytarıb?
Bizi izləyin

Nida.az

Nazirlik nədən büdcədən ayrılmış pulun 11 faizini geri qaytarıb?

Milli Məclisə büdcə ilə bağlı iki sənəd daxil olub. Birincisi 2011-ci ilin dövlət büdcəsinin icrası, digəri isə 2012-ci ilin büdcəsinə dəyişiklərlə bağlıdır.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Əli Məsimli Publika.Az-a həmin sənədləri şərh edib. Millət vəkili bildirib ki, 2011-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı qeyd olunması zəruri olan əsas məsələ dünya ölkələrinin bir çoxunda, xüsusən, Avropada böhranın istehsal, maliyyə və sosial sahələrdəki fəsadları fonunda Azərbaycanda hökumətin sosial öhdəliklərə əməl edə bilməsidir:

"Avropadakı borc böhranı və büdcə kəsiri problemi fonunda Azərbaycan büdcəsinin profisitlə yerinə yetirilməsini də müsbət qiymətləndirmək olar. 2011-ci ilin büdcəsinin icrasına dair rəy hazırlayarkən Hesablama Palatasının müəssisə və təşkilatların hesabatlarına da istinad etməsini müsbət qiymətləndiririk.

Bununla belə aşağıdakı məqamların nəzərə alınmasını zəruri hesab edirik:

2011-ci ilin dövlər bücəsində büdcə gəlirlərinin artım tempi ötən ilki ÜDM-in artım tempini 377 dəfə üstələyir. Bu disproporsiyanın makroiqtisadi mühitə, onun əsas göstəricilərinə, xüsusən də inflyasiyaya necə təsir göstərdiyi büdcə sənədlərində öz əksini tapmalı idi. Bu məsələ 2012-ci ilin büdcəsi üçün də müəyyən dərəcədə aktual olacaq".

Millət vəkili Azərbaycan büdcəsinin ilbəil artmasına diqqət çəkib:

"Amma büdcə vəsaitindən istifadənin səmərəliliyinin artırılması, büdcə vəsaitindən təyinatına görə səmərəli istifadə, onun düzgün xərclənməsinə nəzarət məsələləri günün tələblərinə uygun səviyyədə qurulmyıb.

Təkcə onu qeyd etmək kifayətdir ki, əlaqədar qurumlar hazırkı mexanizm çərçivəsində nə qədər fədakarlıq göstərsələr də büdcə vəsaitinin çox kiçik bir hissəsinə nəzarət edə bilirlər".

Millət vəkili deyib ki, xarici borc öhdəlikləri ÜDM-ə nisbətdə təhlükəli həddən xeyli aşağı olsa da, müqavilələr üzrə alınacaq borclar da qeyd olunsa, onun səviyyəsi 10 milyard dolları ötür: "Daxili borc da 2 milyardın üstündədir. Hesabatda dövlət zəmanəti ilə alınan borclar barədə zəruri açıqlamalar verilməlidir".

Büdcənin xərclənməsi üçün görülməsi vacib tədbirlərdən danışan Əli Məsimli hesab edir ki, bu sahədə əsaslı dönüş yartmaqdan ötrü, birincisi, işlək mexanizm yaratmaq şərtilə "Dövlət maliyyə nəzarəti haqqında" qanunun qəbulu sürətləndirilmədir:

"İkincisi, büdcədən maliyyələşən təşkilatlar budcə vəsaiti hesabına həyata keçirilən layihələrə yonəldilmiş vəsaitdən istifadənin səmərəliliyi və istifadə olunmayan vəsait barədə hesabat təqdim etməlidirlər.

Məsələn,ötən il səhiyyə xərcləri üzrə 553 milyon manat proqnoza qarşı 493 milyon manat və ya nəzərdə tutulduğundan 64 milyon manat, yəni 11 faiz az istifadə edilməsi məsələsi araşdırılmalıdır. Səhiyyəyə ayrılan vəsaitin məqbul hesab olunan normativlərdən xeyli geri qaldığı, ürək, böyrək çatışmazlığı xəstəliyindən və digər xəstəliklərdən dünyasını dəyişənlərin sayının getdikcə artdığı, icbari tibbi sığortanın tətbiqinin gecikdirildiyi bir vaxtda bu qənaət nə ilə bağlıdır?"

Cari ilin büdcəsinə olunan dəyişikliyin inflyasiya yarada biləcəyi ehtimalından danışan Əli Məsimli deyib ki, yeni qanun layihəsinə əsasən, 2012-ci ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti əvvəlki variantda olduğu 80 dolların əvəzinə 20 dollar artırılaraq 100 dollar götürülür:

"Bu amil hesabına ilin sonunacan büdcə əlavə olaraq 600 milyon manat və ya 3, 7 faiz artırılaraq 17 milyard manata çatdırılır. Artan məbləğ 2011-ci il büdcəsindən 8.5 faiz və göründüyü kimi, 2012-ci ilin köhnə büdcə variantından 3,5 faiz artıq olduğundan ciddi inflyasiya mənbəyi ola bilməz. İnflyasiyanın 2 faizə qədəri Azərbaycan iqtisadiyyatında gedən proseslərdən, bir oqədəri də xaricdən gətirilən malların üstündə gələcək. İnflyasıyanın 4 faizdən artıq hissəsi süni qiymət artımının nəticəsi olacaq. Ona görə də əlaqədar hökumət strukturları süni giymət artımının qarşısının alınması istiqamətdə təsirli tədbirlər görməldirlər.

Digər tərəfdən isə büdcədə nəzərdə tutulan əlavə vəsaitin xeyli hissəsi təbii fəlakətin və zəlzələnin nəticələrinin aradan qaldırılmasına yönəldiləcəyindən, bu iqtisadi fəallığın artırılmasına və həmin regionlarda tikinti işlərinin genişlənməsi vasitəsilə digər sahələrdə də inkişafa təkan vermiş olar.

Bu ilin ortalarından başlayaraq sovet dövründən qalma əmanətlərin qaytarılmasına başlanılacaq. Bizim hesablamalarımıza görə, bu məqsədlə ayrılan vəsait ölkədə ciddi inflyasiya dalğası yarada bilməz".

Bəkir Nərimanoğlu

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm