“NATO Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqlədi“
Bizi izləyin

Nida.az

“NATO Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqlədi“

“NATO və alyansa tərəfdaş ölkələrin mayın 20-21-də Çikaqoda baş tutan sammiti iştirakçıların sayının çoxluğu baxımından indiyədək keçirilmiş sammitlər içərisində ən böyük sammit idi. İkigünlük forumda alyansın üzvü olan 28 dövlətin və 13 tərəfdaş ölkənin birinci şəxsləri iştirak edib.

Sammitdə Azərbaycan dövləti də prezident səviyyəsində təmsil olunurdu. Bu, adətən belə də olub. Amma sammit bu dəfə daha geniş auditoriyanı əhatə etdiyindən bu təmsilçiliyin xüsusi əhəmiyyəti var idi”.

Bu barədə Publika.Az-a açıqlamasında politoloq Elman Nəsirov bildirib. O, qeyd edib ki, Azərbaycan istənilən sammitdə təmsil olunarkən orada qəbul edilən yekun sənəddə ölkəmizlə bağlı problemlərin nə cür əks olunması bizim üçün ən əhəmiyyətli məsələdir:

“Xüsusi vurğulamaq istəyirəm ki, Çikaqo sammitinin yekun sənədində Cənubi Qafqaz və Moldovadakı etnik münaqişələrin həllində ərazi bütövlüyü, dövlətlərin suverenliyi, sərhədlərin toxunulmazlığı prinsiplərinin birmənalı şəkildə öz əksini tapması çox müsbət haldır.

Biz bu ifadələri diplomatik dildən qeyri-diplomatik dilə çevirsək, deyə bilərik ki, əslində yekun sənəddə Cənubi Qafqazdakı və Moldovadakı etnik münaqişələr həll olunarkən ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipinin əsas götürülməli olduğu yazılıb.

Bu ifadənin açılışı Dağlıq Qarabağın Azərbaycanın, Abxaziya və Cənubi Osetiyanın Gürcüstanın, Dnestryanı bölgənin isə Moldovanın tərkib hissəsi olduğu anlamına gəlir.

Hesab edirəm ki, Çikaqo sammitinin yekun bəyannaməsində münaqişələrlə bağlı məsələlərin məhz bu şəkildə öz əksini tapması olduqca vacib məsələlərdən biridir. Bizim üçün Çikaqo sammitinin ən əhəmiyyətli məqamı da bundan ibarətdir”.

Zirvə görüşünün əsas mövzularının Avropada raketdənmüdafiə sisteminin və Əfqanıstandakı vəziyyət məsələləri olduğunu vurğulayan E.Nəsirov bildirib ki, birinci məsələ ilə bağlı Rusiya və NATO arasında çox ciddi fikir ayrılığı mövcuddur:

“Zirvə görüşünün iştirakçıları müvəqqəti raketdənmüdafiə sisteminin yaradıldığını elan ediblər. Söhbət Avropada NATO-nun üzvü olan dövlətlərin sərəncamında olan hava və raket hücumundan müdafiə vasitələrinin birləşməsinin başa çatmasından, onların ABŞ-ın “İcis” (Aegis) raketdənmüdafiə sistemləri ilə gücləndirilməsindən gedir”.

Politoloq Əfqanıstandan NATO qoşunlarının çıxarılması məsələsinin də bu sammitdə öz əksini tapdığını vurğulayıb:

“Yekun bəyannamədə bildirilir ki, alyans Əfqanıstanda təhlükəsizliyin təmin olunmasına görə məsuliyyəti 2013-cü ilin ortalarında bu ölkənin milli hərbi qüvvələrinə verəcək.

Alyansın komandanlığı altında olan 130 min hərbi qulluqçudan ibarət bölmələrin tam çıxarılması 2014-cü ilin sonunda başa çatacaq. Hesab edirəm ki, bu iki məsələ də çox vacib məsələlərdir və sammitin qarşıya qoyduğu vəzifələrin öhdəsindən gəldiyini söyləmək mümkündür”.

Səxavət
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm