“Timoşenko hakimiyyətə gələcək” - RƏY
Bizi izləyin

Nida.az

“Timoşenko hakimiyyətə gələcək” - RƏY

Beynəlxalq təşkilatların Ukrayna hakimiyyətinə qarşı təzyiqləri artıb. Almaniya kansleri Angela Merkel parlamentdə çıxışı zamanı Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun həbsinə toxunub, Ukrayna xalqının diktatura rejimində və avtoritar Belarusdakı kimi repressiyalar altında yaşadığını bildirib.

Politoloq Qabil Hüseynlinin qənaətinə görə, Ukraynanın hazırkı prezidenti Viktor Yanukoviç Rusiyanın diqtəsi ilə hərəkət edir və beynəlxalq aləmin təzyiqlərinin arxasında da məhz bu amil dayanır: “Hələ Kuçma rejimi hakimiyyətdə olanda Rusiyanın xeyir-duasıyla Viktor Yanukoviçi hakimiyyətə gətirmək istəyirdi. Bu məqsədlə keçirilən seçkilər saxtalaşdırıldı və Yanukoviç qalib elan olundu.

“Narıncı inqilab” nəticəsində xalq Yanukoviçin hakimiyyətə gəlişinin qarşısını alsa da, Rusiya yenidən öz təzyiqlərini işə saldı və onun yenidən iqtidara dönüşünə nail oldu. Viktor Yuşşenkonun siyasi səhnədən geri çəkilməsindan sonra Yanukoviç üçün əsas rəqib Timoşenko idi və qarşıda duran əsas məsələ də onu zərərsizləşdirmək idi.

Lakin onun həbsinə getməklə, Yanukoviç ciddi siyasi səhvə yol verdi və bütün dünyanı özünə qarşı qaldırdı. Bu mənada həm Merkelin, həm də digər qərb dövlətləri rəhbərlərinin Ukrayna ilə bağlı məlum açıqlamaları, həm də Ukraynaya qarşı sanksiyalar məsələsinin gündəmə gəlməsi təsadüfi sayıla bilməz”.

Baş verənlərdə Timoşenkonun da günahının az olmadığını söyləyən politoloq hesab edir ki, proseslərin məntiqi yekunu Yanukoviçin süqutu ilə nəticələnəcək: “Hesab edirəm ki, Yanukoviç onu həbsə göndərməklə, özü üçün siyasi qəbir qazıb. Qısa müddət sonra o, Timoşenkonu azadlığa buraxmaq məcburiyyətində qalacaq və bundan sonra “obıvatel” xanım siyasətçidən “milli qəhrəman” obrazı düzəldəcək. Bundan sonra isə Timoşenkonun iqtidara gələcəyi qaçılmaz olacaq”.

Azər Niftiyev,

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm