YAP Gənclər Təşkilatından AXCP Gənclər Təşkilatına sərt sözlər
Bizi izləyin

Nida.az

YAP Gənclər Təşkilatından AXCP Gənclər Təşkilatına sərt sözlər

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov hakim partiyanın saytına müxalifətin "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı apardığı kampaniyaya sərt münasibət bilıdirib.

Publika.Az-ın məlumatına görə, Seymur Orucov deyib ki, "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində bəzi müxalifət partiyalarının ölkənin imicinə zərbə vurmaq istiqamətində fəaliyyəti yolverilməzdir: "Təəssüf ki, həmin partiyalarda cəmləşən azsaylı gənclər də belə çirkin kampaniyaya qoşulublar. Bu günlərdə AXCP Gənclər Komitəsinin "Eurovision-2012" müsabiqəsi ilə bağlı ölkəmizə gələcək xarici jurnalistlərə ünvanladığı müraciət onların səhv yolda olduğunu bir daha təsdiqləyir. Mən üzümü müxalifət gənclərinə tutub deyirəm ki, Azərbaycanı bu qədər ucuz tutmasınlar".

Seymur Orucov bildirib ki, həmin müraciət AXCP-də birləşən gənclərin savadsızlığının nümunəsidir. Çünki bu müraicətdə reallıqlarla daban-dabana zidd olan fikirlərin əksini tapması bunu deməyə əsas verir.

Azərbaycanda analoqu olmayan inkişafın baş verdiyini deyən Seymur Orucovun sözlərinə görə, bu inkişaf bütün istiqamətlərdə özünü bariz şəkildə göstərir:

"Faktlara diqqət yetirək. 2011-ci ilin yekunlarına əsasən ümumdaxili məhsulumuz artıq 63 milyard manat həcmindədir. Bunun adambaşına düşən həcmi 7 min dollardan çoxdur. Son 8 ildə ümumdaxili məhsul istehsalı 3 dəfə artıb ki, bunun da adambaşına düşən həcmi 2.7 dəfə, neft sektoru isə 2.2 dəfə artıb.

Bunun nəticəsidir ki, Azərbaycanın hər hansı bir regionuna, guşəsinə getsək orada inkişaf görəcəyik. Bundan əlavə, iqtisadi inkişaf nəinki həmin rəqəmlərdə, həmçinin əhalinin sosial rifahında da açıq-aydın hiss olunur. Eyni zamanda, 20 il bundan əvvəl desəydik ki, Azərbaycanın süni peyki olacaq, buna heç kim inanmazdı. Amma artıq süni peykimiz gələn ildən istehsalata buraxılacaq. Bu faktları sadalamaqda məqsəd inkişaf proseslərini müxalifətə bir daha xatırlatmaqdır.

Amma Azərbaycan müxalifəti düzgün mövqedə deyil və inkişafımızı görmək istəmirlər. AXCP Gənclər Komitəsinin məlum müraciəti göstərir ki, həmin gənclər, deyəsən, nə ali təhsil alıblar, nə bir kitab, nə bir jurnal, nə də bir qəzet oxuyublar".

Seymur Orucov həmçinin bildirib ki, ümumiyyətlə, müxalifətin belə addımları anti-milli fəaliyyət kimi qiymətləndirilməlidir.

İşğalçı Ermənistanın da bu nüfuzlu müsabiqənin Azərbaycanda keçirilməsinə qarşı kampaniya apardığını xatırladan Seymur Orucovun sözlərinə görə, radikal müxalifətin bu istiqamətdəki fəaliyyəti ermənilərin məqsədləri isə üst-üstə düşür. Bu isə Azərbaycan xalqına qarşı düşmən mövqeyin ifadəsidir:

"Müxalifətçilər ölkəmizdə görülən işləri görməzdən gələrək yalnız xarici qüvvələrdən maddi dəstək aldıqlarını, onların köləsi olduqlarını isbat edirlər.Mən AXCP gənclərini qınayıram. Onların Azərbaycanın imicinə qarşı yönəlmiş ləyaqətsiz hərəkətlərini qəti pisləyirəm. Yaxşı olar ki, müxalifət gəncliyi xalqın qəzəbindən qorxaraq bu səhv yoldan əl çəksin.

Azərbaycanın bu gün güclü lideri var. Azərbaycan gəncliyi cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Dövlət başçısının həyata keçirdiyi strategiya və proqramlar bütövlükdə ölkəmizin və xalqımızın gələcəyinə xidmət edir. Azərbaycan bu gün beynəlxalq standartlara uyğun qanunlar qəbul edir və həmin qanunlar əsasında inkişaf proqramları həyata keçirilir. Hesab edirəm ki, "Eurovision-2012" mahnı müsabiqəsi də bitdikdən sonrada hamı, o cümlədən müxalifətçi gənclər görəcək ki, Azərbaycan qədər bu müsabiqəni yüksək səviyyədə təşkil edən dövlət olmayıb".

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm