Politoloq: “Olland Sarkozi kimi hərəkət eləməyəcək”
Bizi izləyin

Nida.az

Politoloq: “Olland Sarkozi kimi hərəkət eləməyəcək”

“Fransua Ollandın prezident kimi Türkiyə və Azərbaycan siyasəti haqqında indidən bir söz demək çətin olsa da, Sarkoziyə nisbətən onun daha sərfəli xətt yeridəcəyini gözləmək olar”. Publika.Az-a açıqlamasında politoloq Qabil Hüseynli Fransada keçirilən prezident seçkilərinin nəticələri haqda belə deyib.

Mayın 6-da Fransada prezident seçkisinin ikinci turu keçirilib. Sosialist Partiyasından Fransua Olland 52 faiz səslə qalib olub. 57 yaşlı Fransua Olland ölkə tarixində Fransua Mitterandan sonra Sosialist Partiyasından prezident kürsüsünə yiyələnən ikinci şəxsdir.

Politoloq Qabil Hüseynli hesab edir ki, Nikola Sarkozi hakimiyyəti dövründə ciddi siyasi səhvlərə yol verib: “Əlbəttə, Nikola Sarkozi qatı millətçi kursu götürmüşdü. Onun ermənilərə xüsusi rəğbəti, türk dünyasına qarşı isə patoloji nifrəti var idi.

Sarkozinin siyasəti Fransanı dünya birliyindən təcrid etməyə yönəlmişdi. Daxildə mühacirlərə qarşı amansız münasibət hökm sürürdü. Hələ seçkilərdən bir neçə ay öncə əksər siyasi şərhçilər, ekspertlər Sarkozinin seçilməyəcəyini təxmin edirdilər. Hesab edirəm ki, onun məğlubiyyəti həm dünya, həm də fransız xalqı üçün uğurlu nəticədir”.

Fransua Ollandın hakimiyyəti dövründə Fransa-Azərbaycan əlaqələrinin perspektivlərindən danışan Qabil Hüseynlinin qənaətinə görə, yeni prezident kifayət qədər praqmatik baxışları ilə xələfindən fərqlənir: “Seçkiqabağı kampaniyası dövründə Ollandın fikirləri deməyə əsas verir ki, o, kifayət qədər ağıllı və praqmatik siyasətçidir. Düzdür, Olland da seçkiqabağı təbliğat kampaniyasının gedişində “erməni soyqırımı” ilə bağlı müxtəlif “ümidverici” açıqlamalar verdi. Amma bu seçki kampaniyası dövründə atılan addım idi.

O əsasən bu fikrin üzərində dayanırdı ki, “erməni soyqırımı” ilə bağlı iddialara Fransa qanunları çərçivəsində baxılacaq. Fransa qanunları isə insanları fikirlərinə, düşüncələrinə görə təqib etməyi yasaqlayır. Bu mənada onun belə bir mürtəce addıma gedəcəyi qənaətində deyiləm”.

Azər Niftiyev

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm