Bu dəfə mitinqə görə... AXCP-Müsavat – QARŞIDURMA
Bizi izləyin

Nida.az

Bu dəfə mitinqə görə... AXCP-Müsavat – QARŞIDURMA

AXCP-Müsavat arasında növbəti qarşıdurma yaranıb.


Publika.az xəbər verir ki, qarşıdurmanın budəfəki səbəbi Müsavat Partiyasının dekabrın 14-də keçirdiyi mitinqə cəbhəçilərin münasibətləri olub.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “Facebook” sosial şəbəkəsində Müsavatın mitinqini “uğursuz” adlandırıb. O, mitinqə az sayda adamın qatıldığını iddia edərək, bunu partiyanın Milli Şuradan çıxması və yolunu dəyişdirməsi ilə izah edib: “Məncə, hər bir mitinq təşkilatçısı iştirakçıların sayını mediaya deməlidir. Deməmək sayın azlığından utandığına görədirsə, utanmağına dəyməz, çünki hər kəs “adamsızlığı” gördü”.

Müsavatı 45 dəqiqəlik meydan dərsindən nəticə çıxarmağa çağıran Fuad Qəhrəmanlı “bu yol və gəldiyi yoldan sapmış yoldaşlar sizləri çox böyük bataqlığa sürükləyir” deyə qeyd edib.


“Demək “bunu etməyin”, “Milli Şuranı tərk etməyin” deyəndə biz haqlıydıq. Zamanında dediklərimiz sizə qarşı qərəzli olmağımızla bağlı deyildi, qərəzli olsaydıq sizi uğursuzluğa götürən bu yoldan saxlamağa çalışmazdıq, yanlışlarınızı deməzdik. Bu bir dərs oldu. Lakin yenə də düşünün, bu dəfə biz susuruq, cəmiyyətin sizə verdiyi 45 dəqiqəlik meydan dərsindən nəticə çıxarın”, - deyə o bildirib.


AXCP rəsmisinin bu sözləri müsavatçıların qəzəbinə tuş gəlib.


Müsavat başqanının müavini Elman Fəttah Publika.az-a açıqlamasında AXCP-ni hakimiyyətə işləməkdə ittiham edib. Onun sözlərinə görə, Fuad Qəhrəmanlı da, Müsavatın insan haqları ilə bağlı keçirdiyi mitinqi lağa qoyan digərləri də iqtidarın dediyi ilə oturub-duranlardır: “Milli Şura, əslində AXCP-nin keçirdiyi mitinqlərdən sonra heç bir müsavatçı bir cümlə də olsun bu barədə neqativ fikir söyləmədi. Əksinə mitinqə iştirak etdik. İndi bu nifrətin, aşağılamağın adı nədir? Bu cür yanaşmaq sadəcə ayıbdır. Lakin cəbhəçilər ən yüksək səviyyədə səviyyəsiz formada Müsavata qarşı kampaniya aparır. Bunu qeyri-etik hesab edirik. Əslində Müsavatın mitinqində AXCP-nin keçirdiyi mitinqdən az adam iştirak etmədi. Ümumilikdə isə əsas olan məqsəddir. Məqsəd insan haqlarıdır və bu iqtidara qarşı idi. Hər iki tərəfin mitinqində də aşağı-yuxarı eyni insanlar iştirak edirdi. Bəziləri isə daxillərindəki nifrəti püskürür, özlərini də ifşa edirlər. AXCP rəhbərliyi bunu lağa qoymaqla iqtidarın xəttini müdafiə etdiyini nümayiş etdirir”.


E. Fəttah mübarizəni müxalifətdaxilində aparmaq niyyətində olmadıqlarının bildirib. Onun sözlərinə görə, AXCP-nin bu davranışları yanlışdır və bundan çəkinmək lazımdır.


Müsavat başqanının digər müavini Gülağa Aslanlı isə Publika.az-a qısa açıqlamasında AXCP-nin Müsavatın mitinqinin təsirini azaltmaq məqsədi daşıdığını bildirib.


“Mitinqin təsirini azaltmaq məqsədilə aparılan anti-təbliğat hakimiyyətin maraqlarına uyğundur. Çünki Müsavatın mitinqi Azərbaycanda siyasi məhbusların azadlığı tələbi ilə keçirilib və bu, hakimiyyətin əleyhinə olan bir tədbir idi. Hesab edirəm ki, Müsavatın mitinqi baş tutdu”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm