Millət vəkili nazirin qardaşı oğlunun müdafiəsinə qalxdı
Bizi izləyin

Nida.az

Millət vəkili nazirin qardaşı oğlunun müdafiəsinə qalxdı

Həmkarım Elton müəllim parlament fəaliyyətinə biznes sahəsindən gəlib və hal-hazırda onun biznesinin etibar etdiyi insanların, o cümlədən övladlarının davam etdirməsi normal və qanuna uyğun bir işdir.

“Bütün bu söhbətlərdən bolşevizmin iyi gəlir. Müasir dövrdə insanın imkanlı olduğuna görə ittiham edilməsi çox əcaib görünür”.

Publika.Az xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə nəqliyyat naziri Ziya Məmmədovun qardaşı millət vəkili Elton Məmmədovun oğlu haqqında mediada yayılan informasiyalara münasibət bildirərkən deyib. Millət vəkili bildirib ki, yazıda gənc oğlanın bahalı maşınlarının adları sadalanır, onun saatının markası və istifadə etdiyi ətirlər haqqında tədqiqatın nəticəsi bildirilir: “Bu azmış kimi gənc Məmmədovun şəxsi həyatına kobudcasına müdaxilə edilir, onun haqqında əsası olmadan kobud və həqarətli fikirlər bildirilir. Ancaq bir səbəbə görə ki, o ,tanınmış ailədəndir və biznes fəaliyyətini də uğurla qura bilib.

Həmkarım Elton müəllim parlament fəaliyyətinə biznes sahəsindən gəlib və hazırda onun biznesinin etibar etdiyi insanların, o cümlədən övladlarının davam etdirməsi normal və qanuna uyğun bir işdir. Oğlunun da hansı maşın markasını sürməsi və hansı ətirdən istifadə etməsi onun şəxsi işidir”.

A. Mirzəzadə qeyd edib ki, insanı imkanlı olmaqda ittiham etmək çox qəribə bir şakərdir. Onun sözlərinə görə, Azərbaycan vətəndaşının dünyanın ən mükəmməl maşın və texnologiyalardan istifadə etməsi ancaq alqışlana bilər. Bildirib ki, onun aldığı hər bahalı əmlak onlarla, bəzən isə yüzlərlə insan üçün iş yerinin açılması, vergiyə və sosial müdafiəyə əlavə vəsaitlərin daxil olması deməkdir.

“Hesab etmirəm ki, Azərbaycan gəncləri ancaq ucuz və işlənmiş avtomobil sürməli, bahalı saat markalarında isə ümumiyyətlə, xəbərsiz olmalıdırlar. Hamının bərabər, ancaq hamının kasıb yaşadığı cəmiyyət modelləri tarixdə həmişə iflasa uğrayıb, ona görə də imkanlılara paxıllıq etmək, onlara qarşı səlib yürüşü təşkil etmək təşəbbüslərini heç zaman dəstəkləmirəm. Deputat həmkarımın övladına irad bildirirlər ki, onun bir maşınına sərf etdiyi vəsaitlə neçə tələbə oxutmaq və neçə nəfər müalicə etdirmək olardı. Bu tezis də SSRİ-nin Stalin dövrünü xatırladır. Bunun həyata keçirlməsinin də nə ilə nəticələndiyi hamıya yaxşı məlumdur.

Artıq 14 ildir Eltom müəllim Məmmədov millət vəkilidir. Bu müddət ərzində onu həmişə təvazökar və xeyirxah bir insan kimi tanımışam. Ola bilsin ki, etdiyi xeyirxahlıqları göstərməyə maraqlı deyil və ya əhəmiyyət vermir. Ancaq şübhəm yoxdur ki. onları mətbuata versəydi, bu halda onu özünü reklam etdirməkdə ittiham edəcəkdilər”-deyə millət vəkili vurğulayıb.

A. Mirzəzadə əlavə edib ki, deputat həmkarının imkanlı oğlu haqqında verilən yazı təsadüfi deyil: “Bu gün onun, sabah isə bir başqa imkanlı azərbaycanlının ailəsi haqqında yazılar gedəcək. Və beləliklə də cəmiyyətimizdə imkanlı insanlar haqqında bir mənfi fikir formalaşdırılmasına çalışacaqlar. Kimlərsə buna bəsit baxa bilər, ancaq bunun ağrısını cəmiyyət sonradan başqa formada çəkə bilər”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm