Fəzail Ağamalı: “Almaniya başlayıb, Almaniya da bitirsin“ - Açıqlama
Bizi izləyin

Nida.az

Fəzail Ağamalı: “Almaniya başlayıb, Almaniya da bitirsin“ - Açıqlama

“Almaniyanın rəsmi dairələri Azərbaycana qarşı ideoloji müharibə başlayıb, bu müharibəni də özləri bitirməlidirlər”. Bunu Publika.Az-a millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvellenin mətbuatda yayılmış açıq məktubunu şərh edərkən deyib.


O, bildirib ki, Azərbaycana qarşı aparılan “ideoloji müharibə” Almaniyanın ombudsmanının Bakıya səfəri və müxalifətlə müəmmalı görüşlərindən sonra başlayıb: “Əlbəttə ki, Almaniyanın mətbuatı müstəqildir, buna şübhəm yoxdur. Lakin mən düşünürəm ki, Azərbaycanla bağlı dərc olunan bütün materiallar məhz Almaniya hakimiyyətindən qaynaqlanır. Əgər səfir bunu Almaniyanın mənəvi haqqı hesab edirsə, o zaman Azərbaycan mətbuatının da eyni addım atmağa mənəvi haqqı var. Azərbaycanın Almaniyadan istəyəcəyi bir şey yoxdur və qarşıdurmanı da yaratmaq istəyən biz deyilik. Mən bir millət vəkili və Azərbaycan vətəndaşı kimi deyə bilərəm ki, bizim ölkəmizə, dövlətimizə qarşı təxribat xarakterli kampaniyanın başlanması Almaniyanın öz nüfuzuna zərbədir və bu işin arxasında insan hüquqları dayanmır”.

Ağamalı qeyd edib ki, Almaniya tərəfindən Azərbaycanda insan hüquqları ilə bağlı çıxışların arxasında iqtisadi maraqlar durur və “Nabucco” layihəsində Azərbaycan üçün əlverişsiz güzəştlər əldə edilməsi də bu maraqlardan sayılmalıdır:

“Mən Azərbaycan mətbuatında və cəmiyyətində insan hüquqları ilə bağlı ciddi problemlər görmürəm. Əgər Azərbaycan hər hansı təxribatın qarşısını alırsa, burada insan hüquqlarına zidd nəsə axtarmaq lazım deyil. Və düşünürəm ki, Almaniya və digər dövlətlər hər xırda məsələni qabartmaqla Azərbaycana təzyiq göstərməyə çalışırlar. Əgər insan hüquqlarına sevgiləri belə güclüdürsə, onda 1 milyon qaçqın və məcburi köçkünümüzün tapdanan hüquqlarını bərpa etməyə yardımçı olsunlar. Almaniyanın ombusdmanı da öz ölkəsində qeyri-almanlara qarşı yaranmış münasibətlə bağlı iş görsün, son zamanlar güclənən millətçilərin türklərə qarşı təzyiqlərini tənqid eləsin”.

Rüfət Əhmədzadə
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm