Zəfər Quliyev: “Səfirlər hakimiyyətlə aramızda vasitəçi ola bilər” - Açıqlama
Bizi izləyin

Nida.az

Zəfər Quliyev: “Səfirlər hakimiyyətlə aramızda vasitəçi ola bilər” - Açıqlama

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Zəfər Quliyev xarici ölkə səfirləri və İctimai Palata rəhbərliyinin Müsavat Partiyasının qərargahında dünən baş tutmuş görüşü barədə danışıb. Politoloq Publika.Az-a deyib ki, bu görüşün detalları barədə ümumi razılığa görə mətbuata ətraflı açqılama verilmir: “Bunda həm biz, həm də səfirlər maraqldır. Amma qısa olaraq deyə bilərəm ki, görüş bizim təşəbbüsümüzlə baş tutub. Keçən il olduğu kimi, bu il də biz səfirləri ölkədəki ictimai-siyasi durum barədə məlumatlandırmaq, İctimai Palatanı narahat edən məsələləri onların vasitəsilə bu dövlətlərin hökumətlərinə çatdırmaq, eyni zamanda onların Azərbaycan hakimiyyəti qarşısında məsələ qaldırmasına nail olmaq məqsədi güdürük. Görüşdə biz tərəfdən jurnalistlərə təzyiqlər, mitinqlərin icazəli keçirilməsinə baxmayaraq maneələrin törədilməsi, siyasi məhbuslar, insanların mülkiyyət azadlığı ilə bağlı problemlər və digər vacib məsələlərə toxunuldu”.

Zəfər Quliyevin sözlərinə görə, səfirlər və səfirlik nümayəndələri İctimai Palata rəhbərliyi ilə görüşdə ətraflı müzakirələr aparıblar: “Amma diplomatlar tərəfindən mitinqlərin dayandırılması və ya davam etdirilməsi ilə bağlı hər hansı tapşırıq və ya tövsiyə olmadı. Bu mitinqlərin keçirilməsi İctimai Palatanın daxili qərarları çərçivəsində baş verir və kənardan kimsə bu məsələ ilə bağlı hansısa şəkildə təsir edə bilməz. Məncə, bu görüşdə qeyri-adi nəsə axtarmağa ehtiyac yoxdur. Analoji görüş keçən il də baş tutmuşdu, 3-4 ay sonra da keçiriləcək. Bu, sadəcə cəmiyyətdə demokratikləşməyə nail olmaq məqsədi ilə atılan addım kimi dəyərləndirilməlidir”.

Zəfər Quliyev diplomatların Azərbaycan hakimiyyəti ilə müxalifət arasında konsensusun yaranması naminə vasitəçi ola biləcəyini də istisna etməyib: “Əlbəttə, bu mümkündür. Əgər diplomatlar tərəfindən istək görünsə, bu proseslər konsensusa gətirib çıxara bilər və səfirlər də vasitəçi kimi çıxış edə bilərlər. Lakin görüşlərdə diplomatların vasitəçiliyi barədə hər hansı bir fikir səsləndirilməyib. Bu məsələ, hələlik müzakirə mövzusu deyil”.

Rüfət Əhmədzadə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm