• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Müxalifətdə mitinqlərlə bağlı fikir ayrılığı var

  • Nida.az
  • 24 Aprel 2012 17:50
  • 121 Baxış
Müxalifətdə mitinqlərlə bağlı fikir ayrılığı var

Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu və Ümid Partiyasının sədri İqbal Ağazadə İctimai Palatanın mitinqləri ilə bağlı ölkə mətbuatına açıqlamalar veriblər.

Publika.Az-ın məlumatına görə, Sərdar Cəlaloğlu İctimai Palatanın son mitinqində parlamentin buraxılması və təkrar seçki keçirilməsi ilə bağlı səsləndirilən tələbləri yersiz və qeyri-real hesab etdiyini deyib.

İqbal Ağazadə isə bildirib ki, İctimai Palata mitinqləri bu mərhələdə dayandırmalıdır, çünki mitinqlərin davam etməsi qarşıdurmaya səbəb olacaq.

Bu açıqlamalara münasibət bildirən Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı söyləyib ki, İctimai Palata mitinq qərarı verərkən və şüarları müəyyənləşdirərkən ölkədəki ictimai-siyasi vəziyyəti, xalqın tələblərini nəzərə alıb: “Əgər Sərdar Cəlaloğlu deyirdisə ki, qərarların qəbulunda iştirak etmirəm və mitinqlərə qoşulmuram, qoy öz mövqeyində qalsın. Biz bu parlamenti legitim hesab etmirik. Hətta növbəti seçkilərə 6 ay qalsa belə, biz öz tələbimizdən çəkilməyəcəyik”.

Müsavat rəsmisi deyib ki, İctimai Palata mayın 6-na təyin etdiyi mitinqi keçirməkdə qərarlıdır və İqbal Ağazadənin mitinqləri dayandırmaq, qarşıdurmadan çəkinmək barədə fikirləri iqtidaryönlü bir partiyanın mövqeyi kimi başa düşülməlidir: “Biz mitinq keçirməkdə qərarlıyıq, bu da cəmiyyətdə köklü islahatlar həyata keçirilənədək davam edəcək. Bizim fəallar həbsdədir, mitinqlərdə də onların azadlığı tələb olunur. İqbal Ağazadə daha fərqli bir yanaşma təklif edirsə, fərqli formadan danışırsa, o zaman buyursun, siyasi məhbusların azad olunmasına kömək etsin”.

İctimai Palata Koordinasiya Şurasının (İP KŞ) üzvü Rafiq Manaflı da İctimai Palatanın şüarlarında və mitinqlərə davam etməsində elə bir problematik məqam görmür: “Cəmiyyətdə qarşıdurmanı istəməyənlər onu yaratmasınlar. 8 aprel mitinqində olduğu kimi, 22 aprel mitinqində də süni maneələr yaradıldı, hakimiyyətdə mitinqin normal keçməsi arzusu görünmədi. Belə olduğu halda, qarşıdurmadan biz yox, onlar çəkinməlidir”.

O, mitinqləri dayandırmaqla bağlı qeyd edib ki, İP-də müəyyən fikir müxtəlifliyi var: “Buna fikir ayrılığı deməzdim. İctimai Palatada mitinqlə bağlı fərqli fikirlər var və müzakirə olunub yekun qərar veriləcək”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı öz növbəsində vurğulayıb ki, İctimai Palata mitinqləri mitinq keçirmək üçün yox, cəmiyyətdəki problemləri qabartmaq, onları ictimaiyyətin diqqətinə çatdırmaq məqsədi ilə təşkil edir: “Əgər mitinqlərə insanların artan templə gəlməsini nəzərə alsaq, görərik ki, bu mitinqlər həm də sosial sifarişdən doğur. Aksiyaların məqsədi daha çox ölkədə yeni ictimai-siyasi mərhələnin başlanmasına nail olmaqdır. Fikrimcə, aksiyalar daha intensiv keçirilməlidir”.

Rüfət Əhmədzadə

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR