• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Arif Hacılının qardaşı: “AXCP seçkiyə yenidən Müsavatla birgə getməyə çalışacaq”

  • Nida.az
  • 15 Dekabr 2014 16:42
  • 370 Baxış
Arif Hacılının qardaşı: “AXCP seçkiyə yenidən Müsavatla birgə getməyə çalışacaq”

“Mitinqdən əvvəl də AXCP-nin ayrı-ayrı funksionerləri açıq şəkildə mitinqin əleyhinə təbliğat aparırdılar. Mitinqdən sonra da bunun şahidi olduq”.


Bunu Publika.az-a açıqlamasında Müsavat funksioneri, başqan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli AXCP sədrinin müavini Fuad Qəhrəmanlının “utanmağına dəyməz, çünki hər kəs Müsavatın mitinqində “adamsızlığı” görüb” sözlərini şərh edərkən deyib.


Başqan qardaşı AXCP-nin davranışınını ayıb olduğunu bildirib. Onun sözlərinə görə, cəbhəçilər Müsavatın sərgilədiyi mövqeyə adekvat mövqe göstərmirlər: “Müsavat Partiyasının üzvləri Milli Şuranın təşkil etdiyi mitinqlərdə iştirak edib. Həm təbliğat, həm də iştirak baxımından biz onlara xeyir-dua vermişdik. Mitinqdən sonra da mətbuatda bu mitinqi təqdir etdiyimi söyləmişdim. Biz mitinqdə seçki kampaniyası aparıb özümüzə səs istəməmişik, başqa bir tələb irəli sürməmişik. Məhz məhbusların azadlığına həsr olunan mitinq idi. AXCP-nin də məhbus üzvləri var. Mitinq keçirdik, kifayət qədər uğurlu alındı. Mübarizə sahəsində də ilin yekun akkordunu Müsavat vurdu. Bəzi bədxahların atəşi altında qalmasına baxmayaraq, Müsavat partiyanın ayaqda olduğunu, vahid və mübarizə əzmində davam etdiyini sübut etdi”.


M. Hacıbəyli cəbhəçilərin Müsavata qarşı ittihamlar irəli sürməsinə baxmayaraq seçkilər ərəfəsində birlik səylərinə başlayacaqlarını istisna etməyib.


“Zamanında deyirdik ki, “Azadlıq” bloku seçki ilə bağlı yaradılıb və seçki üçün yaradılan koalisiyanın yaşadılmasına ehtiyac görmürük. Amma onlar 2005-ci ildən 2010-u ilədək “Azadlıq” blokunu təbliğ elədilər. 2010-cu ildə parlament seçkiləri ərəfəsindən qəflətən “Azadlıq” blokunu xətm elədilər və Müsavat Partiyası ilə seçkiyə bir yerdə getmək barədə qərar qəbul elədilər. Düşünürəm ki, qarşıdan 2015-ci il parlament seçkiləri gəlir. Artıq bir neçə ay sonra Müsavatla seçkiyə bir yerdə getmək istiqamətində səylərini göstərməyə başlayacaqlar. Birlikdən danışırlar, ictimai rəydə bununla siyasi divident götürmək istəyirlər. Amma bütün əməlləri birliyə qarşıdır. Müsavat Milli Şuradan çıxsa da, biz gedib Milli Şuranın mitinqində iştirak etmişdik. Müsavatın rəhbərləri mitinq meydanına əllərində plakatla getmişdilər. Birlik istəyənlər əməllə birlik edir, sözlə yox. Onlar isə nəinki mitinqimizə gəldilər, həm mitinqimizdən öncə, həm də sonra bizə qarşı təbliğat apardılar”, - deyə Müsavat funksioneri qeyd edib.


M. Hacıbəyliyə görə, AXCP seçkilərarası dövrlərdə əsas rəqabəti Müsavatla aparır: “Seçki dövründə isə Müsavatın resurslarından, nüfuzundan istifadə etmək üçün partiyamızla birləşirlər. Artıq “Facebook”-da da bizə müttəfiq demirlər. Əslində qeyri-adi hadisə baş verməyib. AXCP-nin siyasi fəaliyyətinə nəzər yetirsək, bu, təkrarlanan xətdir. Onlar 1995-ci ildən bu yana bütün seçkilərdə bu cür olub, növbəti seçkilərdə də görünür eyni xətt olacaq. Hər dəfə də biz onlara güzəştə getmişik, xüsusən 2010-cu ildə onlar 4,5 il ərzində bizə qarşı təbliğat aparandan sonra da biz onlarla birgə koalisiyada seçkiyə getməyə razılıq verdik. Çünki ictimai rəy müxalifətin bir olmasını tələb edirdi. Biz də ictimai rəyi nəzərə aldıq, bunu sosial sifariş kimi qəbul elədik. Müsavata qarşı 4,5 illik total təbliğatlarına rəğmən, onlarla birgə seçkiyə getməyə razılıq verdik. 2015-ci ildə də yenə ictimai rəyin və reallığın hesablamasını aparacağıq və ona uyğun qərar verəcəyik”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR