Eks-başqanın hikkəsi, “koloritli” şou və... narazıların qiyməti
Bizi izləyin

Nida.az

Eks-başqanın hikkəsi, “koloritli” şou və... narazıların qiyməti

Müsavat Partiyasının dünən keçirdiyi 400 nəfərlik mitinqini təkcə iqtidar, yaxud müxalifətdaxili rəqibləri tənqid etmir. Partiyanın yeni rəhbərliyindən narazı olanlar da mitinqi sıfıra bərabər nəticə hesab edirlər.


“Bu mitinq müsavatçılıq adına utanc gətirdi”


Müsavat üzvü, Arif Hacılının legitimliyini qəbul etməyən Hüseyn Məlik Publika.az-a açıqlamasında mitinq komitəsinin fəaliyyətini sıfıra bərabər adlandırıb. Onun sözlərinə görə, mitinqin aşağı səviyyəli olmasının səbəblərindən biri də Müsavat daxilindəki böhrandır: “Kimin nə deməsindən asılı olmayaraq, Müsavatda böhran var. Bu böhranın məntiqi nəticəsi mitinqdə özünü göstərdi. Bu mitinq Müsavat bərpa olunandan bu günə qədər ən zəif mitinq idi və müsavatçılıq adına utanc gətirdi. Bu gün partiya strukturlarında təmsil olunan Müsavat rəhbərliyi oturub bu barədə ağıllı başla düşünməlidir”.


“İsa Qəmbər hikkəsini kənara qoymalıdır”


H. Məlik narazıların mitinqə gəlməməsi ilə bağlı partiya rəhbərliyinin fikirlərini əsassız adlandırıb: “Mən şəxsi problemlərimə görə mitinqə qatıla bilmədim. Bir də Qubad İbadoğlu ölkədə olmadığı üçün orda olmayıb. Bundan başqa narazı olan hər kəs orda iştirak edib. Mitinqdən öncə Qubad bəy hər kəsi mitinqdə iştirak etməyə çağırdı. Mitinq komitəsi öz yarıtmaz işini ört-basdır etmək üçün fikirləri bu istiqamətə yönəldirlər. Bir növ “günah keçisi” axtarırlar. Halbuki səbəbləri özlərində axtarmalıdırlar. Digər tərəfdən, bizim mitinqlə bağlı əvvəldən alternativ fikrimiz olmayıb. Buna görə də səbəb kimi bizi göstərmələri gülüncdür. Göründüyü kimi, Müsavat böhran içindədir. Mitinqin bu qədər zəif baş tutmasını da böhranla əlaqələndirirəm. Böhrandan çıxış yolu kimi İsa Qəmbərin hikkəsini bir kənara qoymasını görürəm. Eks-başqan onun fikri ilə razı olmayanlara qarşı hikkəsindən əl çəkməlidir”.


“Sabah daha “koloritli” saxtakarlıq şoularının şahidi olacaqsınız”


Müsavat Partiyasından çıxarılan, Qubad İbadoğlunun komandasına əsas şəxslərdən hesab olunan Səxavət Əlisoy Publika.az-a açıqlamasında mitinqi “Saxtakarın növbəti şousu” adlandırıb: “Saxtakar başqan Hacılı “siyasi məhbuslara dəstək” pərdəsi altında inauqurasiya - üzəçıxartma mərasimi keçirdi. Məhbuslara gerçəkdən dəstək verən sanballı bir “Dəyirmi masa” təşkil edib ölkənin ciddi siyasi təşkilatlarını və əcnəbi diplomat korpusunu bir araya gətirərdi. Bunu etməyə saxtakarın intellektual potensialı, siyasi arenada mənfi imici imkan vermir və problem həm də ondadır ki, onun ətrafında olanların əksəriyyəti eynən özü kimi ucuz aksiya azarkeşləridir. Bu zehniyyət sahibləri qurultaydan sonra Səbail rayonu üçün “Facebook”da saxta sədr seçkisi keçirdi, İkram İsrafilin oğlu üçün məlum biabırçı bir bəyanata imza atdı və mitinqdə üzəçıxarma mərasimi düzəltdi. Sabah daha “koloritli” saxtakarlıq şoularının şahidi olacaqsınız”.

S. Əlisoy Arif Hacılını tarixi partiyanı pis günə qoymaqda ittiham edib.


“Adam tarixi bir partiyanı nə günə qoydu! Bu, əsl rəzalətdir. 21 ildir partiyanın 3 önəmli postunu işğal etmiş bir zatın kim olduğunu anlamaq bundan sonra çətin deyil. Yaxşı ki, Vurğun Əyyub başda olmaqla “xəyanətkar” adlandırılan müsavatçıların bir qismi orada idi. Yoxsa “xəyanətkar” Kamil Xəlilbəyli demiş aksiya dəfn mərasimini xatırladacaqdı. Müsavatı bu günə qoyanlara ar olsun”, - deyə o bildirib.

“İsa Qəmbər səhv etdiyini anladı, həqiqət sübut olundu”

Müsavatdan çıxarılan Kamil Xəlilbəyli Publika.az-a açıqlamasında mitinqin zəif keçməsinin bir neçə səbəbini açıqlayıb: “Mitinq olduqca zəif keçdi və bunu hər kəs dilə gətirir. Hətta özləri də bunu etiraf edirlər. Amma buna səbəb kimi bir neçə iddia da irəli sürürlər. Məsələn, hava soyuq olub, hökumət gec icazə verib, narazılar gəlməyib və bir neçə absurd səbəblərlə çıxış edirlər. Amma əslində səbəblər başqadır. Arif Hacili və qaragüruhçuları mənəm-mənəmlik edirdi. Təşkilatçılıq olduqca zəif idi. Halbuki mitinqə iki həftə öncədən icazə verilmişdi və bu, kifayət qədər vaxt deməkdir. Müsavat bayrağını tutanların çoxu yaşlı insanlar idi. Böyük Müsavat bayrağının hər tərəfindən tutan olmadığı üçün yerə sərilmiş və üstünə daşlar qoyulmuşdu”.


K. Xəlilbəyli bu mitinqin bir neçə məsələni sübut etdiyini düşünür.


“Birincisi, hazırkı rəhbərliklə yolun davam etməsinin mümkünsüzlüyü ortaya çıxdı. İkincisi, İsa Qəmbər səhv etdiyini anladı. Üçüncüsü, Müsavatın Arif Hacılı tərəfindən parçalandığı həqiqəti sübut olundu”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm