• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İllər sonra iqtidar-müxalifət dialoqu: Nəticələr necə oldu?

  • Nida.az
  • 15 Dekabr 2014 18:26
  • 762 Baxış
İllər sonra iqtidar-müxalifət dialoqu: Nəticələr necə oldu?

Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun təmsilçiliyi ilə iqtidar-müxalifət dialoqu keçirilib. 17 müxalif partiyasının iştirakı ilə keçirilən görüş dekabrın 14-də baş tutub.

PA rəsmisi Əli Həsənov bildirib ki, 3 saata qədər davam edən görüşdə Azərbaycan cəmiyyətini, siyasi partiyaları düşündürən və dövlətin iqtisadi, siyasi, sosial, beynəlxalq münasibətlər sahəsindəki bütün fəaliyyətinə aid olan məsələlər haqqında danışılıb: “Bu görüşün davamlı olması həm hakimiyyət tərəfindən, həm də siyasi partiyalar tərəfindən çox zəruri həqiqət kimi qəbul olundu. Bundan sonra da onları maraqlandıran, narahat edən məsələlərin birgə müzakirə edilməsi və ortaq nəticəyə gəlinməsinə razılaşdıq”.


“Nəticələri Prezident İlham Əliyevə çatdıracağıq”


PA rəsmisi görüşdə həm siyasi partiyaların, həm hakimiyyətin, həm də azad medianın fəaliyyətinə aid olan məsələlər müzakirə olunduğunu, açıq fikir mübadiləsi aparıldığını qeyd edib. Görüşdə həmçinin siyasi partiyaların maliyyələşməsi, mənzil qərargahla təmin olunması, siyasi partiyalar və hakimiyyətin tədbirlərində iştirak məsələləri, partiyalar və seçki institutlarının fəaliyyəti müzakirə olunub.


“Düşünürük ki, kifayət qədər əlverişli və dinamik görüş oldu. Növbəti görüşlər üçün həm zəmin hazırlandı, həm də mövzular təxmin olundu. Hakimiyyət nümayəndəsi olaraq biz onları dinlədik, ümumiləşdirdik və müvafiq olaraq qərar qəbul eləyən dövlət strukturlarının rəhbərlərinə, o cümlədən də ölkə prezidenti cənab İlham Əliyevə nəticələri çatdıracağıq”, - deyə PA rəsmisi vurğulayıb.

Qeyd edək ki, görüşdə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, BAXCP sədrinin müavini Zöhrab Abdullayev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev iştirak edib.


Publika.az görüşdə iştirak edən bir neçə siyasi partiya rəhbərinin təəssüratlarını öyrənib.


“Partiyalarla dövlət arasında hər zaman dialoq olmalıdır”


DİP sədri Asim Mollazadə iqtidar-müxalifət görüşlərinin keçirilməsinin zərurət olduğunu düşünür: “Ölkənin mühüm institutu olan siyasi partiyalarla dövlət arasında hər zaman dialoq olmalıdır. Xalqı narahat edən bütün məsələlər ətrafında müzakirələr aparılmalıdır. Bizim görüşümüzdə də işçi qaydada baş tutdu”.


“Bu cür görüşlərin davam etdirməyin lazım olduğuna qərar verdik”


VHP-nin sədri Sabir Rüstəmxanlı da bu cür görüşləri zəruri sayır: “Vaxtilə QHT-lərə dövlət yardımından danışırdıq. Sonra təklif reallaşdı və cəmiyyət də onun xeyrini gördü. Mətbuata, o cümlədən müxalifət mediasına yardımın, siyasi partiyalara maliyyə dəstəyinin əhəmiyyətindən danışmışıq və zaman keçdikdən sonra bu məsələlərin həyata keçdiyinin şahidi olmuşuq. Bununla cəmiyyət həyatında da müəyyən irəliləyiş yaranır. İndi də siyasi partiyalarla görüşlər, dialoqlar gündəmdədir. Ötən gün baş tutan görüşdə həm hakimiyyəti, həm də siyasi partiyaları düşündürən bir sıra problemlər barədə söhbət getdi. Bu cür görüşlərin davam etdirməyin lazım olduğuna qərar verdik”.


“Əli Həsənov qeyri-şərtsiz görüş təşkil etdi”


AMİP sədri Yusif Bağırzadə görüşü Azərbaycanın ictimai-siyasi həyatında çox pozitiv addım kimi qiymətləndirib: “Uzun illərdir belə görüşü arzu edirdik. Siyasi müxalifət düşərgəsində bu görüşü birmənalı qarşılamayanlar unutmasınlar ki, bu danışıq qeyri-şərtsiz danışıq idi. Şərtli danışıq heç kəsə lazım deyil. Bu dialoqun təşəbbüskarı bir qrup siyasi müxalifət partiya sədrləri olsa da, hakim partiyanın ideoloqu Əli Həsənov qeyri-şərtsiz görüş təşkil etdi”.


“Mən varam - bu dünya var, mən yoxam - dünya yoxdur” yanaşması subyektivizmin nəticəsidir”


ADP sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, iqtidar-müxalifət görüşünün baş tutması vacib və əhəmiyyətlidir: “Görüşü 4 partiya sədri təklif etsə də, format daha da genişləndirildi. Çünki tədbir daha çox partiya sədrinin iştirakı ilə bir çox məsələlərin müzakirəsinə həsr olundu. Dialoq təklifinə PA-nın şöbə müdiri Əli Həsənov səviyyəsində reaksiya verilməsini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, proses davam etdirilməlidir. Cəmiyyətdə hər şey danışıq və diskussiya ilə həll olunur. Ən azı adam bilmədiyi şeyi öyrənir, başqasına öz bildiyini çatdırır. Tərəflər bu siyasi dialoqdan bir-birini alçaltmaq və yalnız öz maraqlarını təmin etmək üçün istifadə edirsə, bu dialoqun nə cəmiyyətə, nə də dialoq iştirakçılarına xeyri olacaq. İllərdir siyasi dialoqun lazım olduğunu deyirəm. Bu dialoqda Müsavat, AXCP kimi partiyalar da iştirak etməlidir. Amma AXCP-nin “mən varam bu dünya var, mən yoxam dünya yoxdur” yanaşması subyektivizmin nəticəsidir. Fəlsəfədə də belə cərəyan var. Cəbhəçilər də geridə qalmış bu fəlsəfədən yapışıb gedir. Dialoqdan bir nəfər kənarda qalıbsa, deməli, bu cəmiyyətə lazım deyil kimi mövqe yanlış bir şeydir. O adamlar iddia edir ki, onların iştirakı olmadan belə dialoq baş tuta bilməz. Əksinə, hesab edirəm ki, onların iştirakı çox vaxt bu işləri korlayır. Çünki onlar demokratiyanın nə olduğunu o qədər də dərk edə bilmirlər. Demokratiyanın ən vacib prinsiplərindən biri konsensusdur, razılaşmadır, bunlar razılaşmanı satqınlıq kimi qiymətləndirirlər. Bu, razılaşan adama yox, demokratiyaya verdikləri qiymətdir. Amma gecə-gündüz deyirlər ki, demokratıq. Sən demokratik prinsipə satqınçılıq deyirsənsə, necə demokrat ola bilərsən? Ola bilər opponentə ləkə yaxmaq istəyirsən, bütünlükdə xalqın demokratiya haqqında təsəvvürlərini korlayırsan axı. İnsanlar görüşəndə satqın olur?”


“Müsavat formatı bilsəydi, iştirak edərdi”


S. Cəlaloğlu Müsavat Partiyasının görüşdən iştirak etməmə səbəbinə aydınlıq gətirib: “Bu görüşü 4 partiyanın görüşü kimi nəzərdə tutumuşduq. Müsavat Partiyasında dedilər ki, biz görüşə qatılmayacağıq, amma dialoq olsa iştirak edərik. Sonradan görüş dialoq formatında inkişaf elədi. Müsavat görüşün belə formatda keçiriləcəyini bilsəydi, yüzdə yüz iştirak edərdi”.


“Bunun Azərbaycana ancaq faydası ola bilər”


BQP sədri Fazil Mustafa belə təmasları vacib adlandırıb.

Azərbaycanda siyasi münasibətlərin normal şəkildə olması, bir-birinə qarşı ittiham irəli sürmək əvəzinə konstruktiv bir münasibət qurması vacibdir. Məlum görüş də Əli Həsənovun təşəbbüskar çalışması nəticəsində baş tutdu və yüksək səviyyədə səmimi dialoq mühiti yaradıldı. Bəyənilən bir tədbir idi. Bunun Azərbaycana ancaq faydası ola bilər”, - deyə o vurğulayıb.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR