“Prezident regionları gəzir, bəzi məmurlar isə...” - İttiham
Bizi izləyin

Nida.az

“Prezident regionları gəzir, bəzi məmurlar isə...” - İttiham

“Ölkədə bəzi məmurlar öz fəaliyyətini şəxsi meyarlar üzərində qurur”. Bunu Publika.Az-a açıqlamasında Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə prezident İlham Əliyevin son müşavirədə məmurların ünvanına səsləndirdiyi xəbərdarlığı şərh edərkən bildirib.

Aprelin 16-da Nazirlər Kabinetinin 2012-ci ilin I rübünün yekunlarına həsr olunan müşavirədə dövlət başçısı məmurlara xəbərdarlıq edib. Bəzi nazirlik və icra orqanlarının veb-saytlarının bərbad gündə olduğunu qeyd edən ölkə başçısı məmurları onun sərəncamlarına hörmətlə yanaşmağa çağırıb.

Millət vəkili Çingiz Qənizadə İlham Əliyevin hər həftə regionlara səfər edib, xalqla canlı təmas yaratdığı halda, əksər məmurların kabinetlərdə oturmaqla işini bitmiş saymasını yanlış siyasət adlandırıb: “Məmurlar İlham Əliyevdən nümunə götürməlidirlər. Prezident çox fəaldır, hər həftə rayonlara səfər edir, əhali ilə canlı təmaslar yaradır, onların problemlərini şəxsən dinləyir. Amma elə məmurlar var, onları “gördüm” deyən yoxdur.

Kiminsə adını çəksəm, hansı məmurun yerində olmadığını desəm, düz alınmaz. Çünki bu, birbaşa Prezidentin səlahiyyətinə aid olan məsələdir. İlham Əliyev özü də bəyan etdi ki, artıq fəaliyyətsiz məmurların nazı ilə oynamaq niyyətində deyil. Prezidentin məmurlara son xəbərdarlığı bu əsnada təsadüfi sayıla bilməz. Hesab edirəm ki, yerində olmayan məmurlar da İlham Əliyevin son xəbərdarlığından ciddi nəticə çıxarmalıdırlar”.

Milli Məclisdə mütəmadi olaraq fəaliyyətsiz məmurlar məsələsini gündəmə gətirdiyini deyən millət vəkilinin qənaətinə görə, yaxın zamanlarda həmin məmurlar haqqında ciddi ölçü götürüləcək: “Azərenerji”nin rəhbəri Etibar Pirverdiyevin fəaliyyətsizliyi haqqında Milli Məclisin plenar iclasında məsələ qaldırdım. Etibar Pirverdiyev tək deyil, digər nazirlər, icra başçıları da var ki, onların da fəaliyyəti bərbaddır. Nəhayət, həmin məmurlar ciddi nəticə çıxarmalıdırlar. Anlamalıdırlar ki, məmurun başlıca amalı mənsub olduğu düşərgəni gözdən salmaq yox, ona nüfuz qazandırmaq olmalıdır”.

Azər Niftiyev,

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm