“İran Xəzəryanı dövlətlərdən razılıq almalıdır”
Bizi izləyin

Nida.az

“İran Xəzəryanı dövlətlərdən razılıq almalıdır”

“Xəzərin statusu, eləcə də dənizin təkindən çıxarılan enerji qaynaqlarının Avropaya daşınması ilə bağlı məsələlər müzakirə olunanda İranın mövqeyi həmişə belə olub ki, bu, yalnız Xəzəryanı dövlətlərin icazəsi ilə gerçəkləşdirilməlidir”.

Publika.Az-a açıqlamasında politoloq Elman Nəsirli İranın Xəzər dənizindən Fars körfəzinə transkontinental gəmiçilik kanalı çəkmək niyyətinə münasibət bildirərkən belə deyib.

Politoloq qeyd edib ki, rəsmi Tehran Xəzər dənizində ayrı-ayrı dövlətlərin əlahiddə qərar qəbul edə bilməyəcəyi ilə dağlı dəfələrlə bəyanat verib: “Azərbaycanın, eləcə də Türkmənistanın Transxəzər layihəsi ilə bağlı İran iddia edir ki, hər dövlət öz sektoruna aid ərazidən istifadədə azaddır. İndi İran belə bir kanal tikməklə digər ölkələrin ərazilərinə də girərsə və onların razılığını almadan planlarını həyata keçirirsə hesab edirəm ki, bu halda beynəlxalq hüquq və dəniz hüququ prinsiplərinin pozuntusu qeydə alına bilər”.

İranın bu addımına Xəzəryanı ölkələrin reaksiyasına gəlincə, Elman Nəsirli deyib ki, İran hələlik fikrini bildirib. Əməli addımlar hələ ki atılmayıb: “Kanalın çəkilişi ilə Xəzəryanı dövlətlərin milli maraqlarına zidd məqamlar ortaya çıxarsa, istər gəmiçilik məsələləri, istər balıqlardan istifadə baxımından həmin dövlətlərin maraqları gözlənməzsə, təbii ki, İrana lazımı reaksiya veriləcək”.

İran Xəzər dənizindən Fars körfəzinə transkontinental gəmiçilik kanalı çəkmək niyyətindədir. Uzunluğu 600 km olan kanalı layihə qiyməti 6,5-7 milyard dollar civarındadır. İran rəsmilərinin bəyanatına görə, əsas məqsəd Xəzər dənizinin suyunun qurğular vasitəsilə duzdan təmizlənərək sənaye və kənd təsərrüfatı üçün istifadə edilməsidir.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm