Kim kimdən qorxmalıdır: İranmı bizdən, bizmi İrandan? -MÖVQE
Bizi izləyin

Nida.az

Kim kimdən qorxmalıdır: İranmı bizdən, bizmi İrandan? -MÖVQE

"Anlamırlar ki, təbii olaraq gedən bu prosesləri nə qədər sıxmağa çalışsan, o qədər də ağır nəticə görə bilərsən"

Müstəqil Azərbaycan dövləti 35 milyon soydaşımızın yaşadığı qonşu İran ilə münasibətlərində daim ehtiyatla davransa da, qarşı tərəf həmişə gərginliyi artırmağa cəhd edir.

İran Ermənistanla iqtisadi əlaqələrini gücləndirir, ərazilərimizi işğal altında saxlayan ermənilərə açıq və gizli yardımlar etməkdən çəkinmir.

Azərbaycanda vaxtaşırı keçirilən əməliyyatlarda İran kəşfiyyatı ilə əlaqələi şəxslərin aşkarlanması, eyni zamanda İranın siyasi şəxslərinin, hətta ruhanilərinin belə ölkəmizin daxili işlərinə qarışma cəhdləri, qarşımızda belə bir sual qoyur: "Kim kimdən və niyə qorxmalıdır?"

Publika.Az olaraq, bu suala cavab tapmağa çalışdıq.

İranın Azərbaycana təzyiqləri və provokativ fəaliyyəti barədə fikirlərini bölüşən millət vəkili, Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc bildirdi ki, bu məsələ ilə bağlı Azərbaycan parlamentində də adekvat reaksiyalar olub:

"İranın Azərbaycanla münasibətlərində son zamanlar göstərilən bu cür yanaşma tərzinə başlıca səbəb İran ətrafında beynəlxalq gərginliyin artması, sanksiya rejiminin sərtləşməsi və bu fonda İran dini elitasının qərar qəbul etmə imkanlarının son dərəcə aşağı düşməsidir. Yəni, onlar xaotik bir şəraitdə impulsiv qərarlar verirlər, bu da öz-özlüyündə Azərbaycanla münasibətlərə təsir edir. Nazirlərin Naxçıvan görüşü münasibətlərdə yumşalma və əvvəlki dönəmə qayıtma şansı verdi, amma sonra göründü ki, yox, İran tərəfdən bu proses, qısqanc yanaşma tərzi həmişə davam etdiriləcək".

Onun fikirlərinə görə, məsələ bunda deyil ki, İran Azərbaycanda öz düşmənlərini axtarır və ya Azərbaycanla düşmən olmaq istəyir:

"Həmçinin İranın Azərbaycandan qorxduğunu da demək olmaz. Sadəcə, Azərbaycanın beynəlxalq siyasi səhnədə yer alması, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü, İsrail və ABŞ-la münasibətlərinin inkişafı İranı narahat edir. Bu, onu bölgədəki mövqeyi barədə düşünməyə vadar edir. Həmçinin İranla bağlı hərbi blokun yaranması və hərbi əməliyyatların başlayacağı təqdirdə də, İran Azərbaycanın vəsilə dövlət olmasından narahatdır. Xüsusən də, Suriya məsələsindən sonra İran təklənməkdən qorxur və bu, onu daha gərgin çıxışlara sövq edir".

Azərbaycanın II Dünya Müharibəsində Türkiyənin tutduğu kimi bitərəf mövqe sərgiləməsini daha doğru addım hesab edən millət vəkili İranda yaşayan azərbaycanlıların proseslərə təsiri məsələsinə də toxunub:

"Təbii ki, İranda çox önəmli faktor 35 milyona yaxın soydaşımızın yaşamasıdır. Lakin İranda hər şeyin dinlə əlaqələndirilməsi, hüquqlarını tələb edənlərin Allaha qarşı çıxanlar kimi cəmiyyətə təqdim edilməsi Güney Azərbaycan Milli Azadlıq Hərəkatına mənfi təsir göstərir. Burada ictimai rəy mühüm rol oynayır. Çox təəssüf ki, İranın xarici düşmən axtarmaq vərdişləri və özünütəcrid siyasəti azərbaycanlı olaraq da, fars olaraq da İran vətəndaşlarının böyük əksəriyyətinin fikirlərinə təsir edir".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli isə İranın Azərbaycana yanaşmasında mənfi ruhun hələ müstəqilliyimizin ilk illərindən mövcud olduğunu deyir:

"İran İslam Respublikası Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra onu rəsmən tanısa və diöplomatik əlaqələr qursa da, bizim demokratik və müstəqil dövlət kimi mövcudluğumuzu birmənalı şəkildə qəbul etmir. Tarixi Azərbaycanın böyük hissəsinin bu dövlətə daxil olması və 35 milyon soydaşımızın da orada, öz tarixi torpaqlarında yaşaması bu münaisbətlərə təsir edir. İran məhz qorxduğuna və ehtiyatlandığına görə Azərbaycana qarşı sərt mövqe yürüdür. Tehran daim çalışır ki, Azərbaycanı öz təsir dairəsinə salsın, hətta İran İslam Respublikasının bir vilayətinə çevirsin. Bu istiqamətdə də, teokratik bir rejim kimi daim din faktorundan istifadə etməyə və Azərbaycanı İrana qarşı İsraillə müttəfiqlikdə günahlandırmağa çalışır".

O hesab edir ki, Azərbaycanın demokratik inkişafı Güney Azərbaycan türkləri üçün də bir nümunədir və Azərbaycanın Respublikasının güclənməsi İrandakı demokratik proseslərə də təsir edə bilər:

"Bu baxımdan İran qorxur. Azərbaycan isə heç nədən qorxmamalıdır. Sadəcə çalışmalıdır ki, öz təhlükəsizliyini möhkəmləndirsin, iqtisadi inkişafına diqqət yetirsin. İran iddialarından əl çəksə, Azərbaycana qarşı yanaşma tərzini dəyişsə və dini liderlər öz kəskin siyasi bəyanatlarından vaz keçsələr, münasibətləri normallaşdırmaq olar. Amma göründüyü kimi, qarşı tərəf əksini edir. Anlamırlar ki, təbii olaraq gedən bu prosesləri nə qədər sıxmağa çalışsan, o qədər də ağır nəticə görə bilərsən. Hesab edirəm ki, İranın bu məsələdə diqqətli olması, həm Azərbaycan Respublikasına, həm də özünün azərbaycanlı vətəndaşlarına münasibətlərini yumşaltması, daha ədalətli qərarlar qəbul etməsi lazımdır. Əks təqdirdə İranın özü üçün mənfi nəticələr qaçınılmazdır".

Rüfət Əhmədzadə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm