Qərb Bakı qazı üçün səfərbər olunur – illüziya, yoxsa reallıq?
Bizi izləyin

Nida.az

Qərb Bakı qazı üçün səfərbər olunur – illüziya, yoxsa reallıq?

Moskvanın “Cənub axını”ndan imtinasından sonra Avropa Birliyi təbii qazın alternativ təchizatçısı olan Azərbaycanla əlaqələri intensivləşdirib. Bu fonda avropalı məmurların Bakıya tez-tez baş çəkməsi diqqət çəkir.


Publika.az xəbər verir ki, Almaniyanın “Spiegel” nəşri Avropa Birliyinin Azərbaycan qazının çatdırılması üçün nəzərdə tutulan TAP kəmərinin ötürmə qabiliyyətini genişləndirmək niyyətində olduğunu yazır. Kəmərin gücü ikiqat artırılacaq. Lakin Bakının başqa fikirdə olduğu deyilir. Belə ki, Azərbaycan tərəfi öncə TAP-ın əsas hissəsi olan TANAP-ın genişləndirilməsinin tərəfdarıdır.


“Spiegel” Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin energetika naziri Taner Yıldız və Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Maroşa Şefçoviçin görüşündə TANAP-ın ötürücü qabiliyyətinin 20 milyard kubmetrə qədər genişləndiriləcəyinə dair razılıq əldə edildiyini iddia edib.


M. Şefçoviç kəmərin gücünün artırılması üçün bütün imkanların olduğunu və tərəflərin bu layihənin 2019-cu ildə başa çatacağına əmin olduqlarını bildirib.


Rusiyanın “Nezavismaya qazeta” nəşri isə Avropanın gələcək təhlükəsizliyi üçün bütün imkanlara əl atdığının yazıb. Daha sonra nəşr “Spiegel”in iddialarına cavab olaraq Azərbaycan energetika naziri Natiq Əliyevin fikirlərinə yer ayırıb.


“TANAP Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihədir. Bu layihə hazırlanan zaman onun ötürmə qabiliyyəti, büdcəsi, kapital qoyuluşu və başqa məsələlər müzakirə edilib və nəzərə alınıb. Hazırda TANAP layihəsi “Şahdəniz” yatağının ikinci mərhələsi üçün nəzərdə tutulub. Əgər 2021-ci ildə “Abşeron” yatağı istifadəyə verilərsə və ARDNŞ-ın işlədiyi yataqlarda hasilat artırılarsa, yeni kəşf olunan yataqlar işə salınarsa, o zaman ötürmə gücü artırıla bilər. Gələcəkdə bu kəmərin ötürmə gücünü 35 milyard kubmetrə, bəzi hesablamalara görə, 65 milyard kubmetrə çatdırmaq mümkündür. Ancaq bu o demək deyil ki, biz bunu etməliyik. Bu məsələ istəkdən əmələ gəlmir. Bunun üçün resurs, qazın həcmi lazımdır. Bu gün bu barədə danışmaq ciddi sayılmaz”, - deyə azərbaycanlı nazir vurğulayıb.


“NQ” isə Avropanın bütün gücünü səfərbər etdiyini qeyd edib. Nəşr Qərbdə Xəzər qazına ciddi ehtiyacın olduğunu yazıb.


“Avropa, güman ki, boru kəmərlərinin genişləndirilməsində maraqlıdır. Bu kəməri Bakı qazı tam olaraq doldura bilməsə də, Qərb özlüyündə alternativlər axtarır. Ən real alternativ türkmən qazının Xəzərin dibi ilə gətirilməsidir. Bu, hələlik illüziya olaraq qalır. Lakin niyyətlər var və TANAP-ın ikiqat genişləndirilməsi ilə bağlı fikirlər yersiz olaraq ortaya çıxmayıb. Ola bilsin ki, ortada dəqiq heç nə yoxdur. Amma perspektiv olaraq bu, Qərb üçün cəlbedici görünür”, - deyə nəşr bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm