• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Arif Hacılının müavini ilə mübahisə - hər şeyi ortaya çıxdı

  • Nida.az
  • 17 Dekabr 2014 14:05
  • 471 Baxış
Arif Hacılının müavini ilə mübahisə - hər şeyi ortaya çıxdı

Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı ilə gənc fəal Bəxtiyar Hacıyev arasında söz dueli yaşanıb.


Publika.az xəbər verir ki, Müsavat rəsmisi sosial şəbəkələrdə təmsil etdiyi partiyanın istənilən strukturuna keçirilən seçkilərin insanların diqqət mərkəzində olduğunu və daim müzakirə edildiyini iddia edib: “Narahat deyilik, davam edin! Həqiqətənmi işiniz, gücünüz yoxdur? O gün olsun, bu ölkədə insanların, ictimai-siyasi təşkilatların müzakirə etdiyi tək Müsavat Partiyası olmasın. Başqalarını müzakirə etmək əvəzinə, çalışın təmsil etdiyiniz təşkilatlarda elə işlər görün ki, başqaları sizi müzakirə etsinlər. Məsələn, gizli səs vermə tətbiq edin, alternativ namizədlərlə partiya strukturlarına seçkilər keçirin, daxili demokratiyanı bərpa edin, bir şəxsin ardıcıl iki dəfədən çox namizəd olmasına qadağa qoyun. Namizədlərin iradəsi ilə seçki komissiyaları formalaşdırın, siz də insan haqları və demokratiyanı müdafiə edin. Daha adınızı demokrat qoyub, insan haqlarını müdafiə edənlərlə söz güləşdirməyin, adınızı real qoyub irreal işlərlə məşğul olmayın”.


Qeyd edək ki, Müsavat Partiyasının dekabrın 14-də keçirilən mitinqinə gələnlərin sayının az olması hələ də müzakirə olunur. Bir vaxtlar Müsavatla müttəfiqlik edən AXCP funksionerləri Müsavatın mitinq zamanı iştirakçıların az olduğunu irəli sürdü, partiya sədrinin müavini Fuad Qəhrəmanlı isə üzünü müsavatçılara tutaraq problemin Müsavatın Milli Şuranı tərk etməsində olduğunu bildirdi.

Dolayısı ilə S. Soltanlı da sözügedən mitinq barədə tənqidi fikir söyləyənlərə cavab verib. O həmçinin REAL hərəkatı Natiq Cəfərlinin tənqidlərinə də bununla reaksiyasını bildirib.


Lakin gənc fəal Bəxtiyar Hacıyev Müsavat yetkilisinin bu fikirləri ilə razılaşmayıb.

“100 illik partiyanın məhbuslarla bağlı keçirdiyi son aksiyaya çıxan adamların sayı cəmiyyətin Müsavata etimadını göstərib”, - deyə o bildirib.


S. Soltanlı isə onun bu sözlərinə cavab olaraq mitinq iştirakçılarını saymağın cılızlıq olduğunu deyib.

“100 illik partiya mitinqinə 1000 nəfər gətirə bilmirsə, etimadını itirib”


B. Hacıyev mitinqə gələn adamları saymadığını söyləyib: “Mən saymıram, topdan baxıram və yuvarlaqlaşdırıram. Fakt odur ki, cəmiyyət artıq Müsavata inamını itirib. 100 illik partiya məhbusla bağlı mitinq keçirib, 1000 nəfər gətirə bilmirsə, deməli, etimad itib. Etimadı isə qurultaydakı “Putin – Medvedev” oyunları, İkram İsrafilin oğlunun Britaniyada rahat yaşaması üçün saxta “NİDA”çıları müdafiə etdi, döyüldü” bəyanatları və s. əməllər itirib. Fəaliyyətinizdə uğurlar”.


“Sən həbsdə olanda 15 nəfərlə mitinq keçirmişdik”


S. Soltanlı B. Hacıyevə həbsdə olarkən Müsavatın onun üçün 15 nəfərlə mitinq keçirdiyini xatırladıb: “Dediklərin şər, böhtandır. Ayıbdır. Biz hakimiyyəti dəyişirik deyib xalqı mitinqə səsləməmişdik. Bu, Müsavata dəstək mitinqi deyildi, məhbuslara dəstək mitinqi idi”.


“Öz üzvləriniz mitinqinizə gəlmirsə, bu, sizin üçün faciə deyil?”


B. Hacıyev ona cavabında deyib: “Hər məhbusun 5-10 qohumu, dostu ona dəstək verir, yəqin. Bu isə 500-1000 nəfər etməlidir. Əgər hər məhbusun 5-10 qohumu da gəlməyibsə, deməli, Müsavatın məhbusların adından istifadə etdiyini düşünüb gəlmirlər, etimad etmirlər. Müsavat isə bu etimadı məhbusların adlarından istifadə edərək bəyanat yaymaqla itirdi. Müsavat Partiyasının mitinq çağırışına heç Müsavatın öz üzvləri də qoşulmurlarsa, bu, faciə deyil sizin üçün? Yoxsa Müsavatın bütün üzvləri oradakı bir neçə yüz nəfər idi?”

S. Soltanlı demokratik davranışlardan uzaq olduğu üçün B. Hacıyevi qınamadığını bildirib: “Daxili demokratiya, tənqid imkanları, narazılığın bildirilməsi imkanları sizə yaddır. Buna görə sizi qınamırıq”.


Gənc fəal Arif Hacılının müavinin bu sözlərindən sonra ona sual ünvanlayıb: “Düz deyirsiniz, biz fərqli fikir söyləyənlərin qurumdan, üzvlükdən xaric edilməsi kimi “demokratik davranış” tanımırıq, uzağıq. Neçə tənqidçi qovuldu Müsavatdan?”


B. Hacıyev keçmiş müsavatçı Kamil Xəlilbəylinin partiyadan uzaqlaşdırıldığını və ondan sitat gətirərək başqan Arif Hacılının sifarişi ilə çıxarıldığı barədə fikirlərini irəli sürüb: “Müsavat yekdir, ən demokratik qurumdur, heç bir səhvi yoxdur. Onlarla üzv, hətta tanınmış Hikmət Hacızadə Müsavatı elə-belə tərk edib, tanınmış və sevilən iqtisadçı Qubad bəy də qurultayın nəticələrinə zarafatla etiraz edir. Hər şey yaxşıdır, Müsavat üzvləri partiyanın keçirdiyi mitinqə də elə-belə gəlmədilər. Heç bir problem yoxdur, Müsavat analoqu olmayan inkişaf tempini yaxalayıb”.


S. Soltanlı isə iddia edib ki, Müsavat hakimiyyətə gəlməyibsə, deməli, hər şey qaydasında deyil: “Adlarını çəkdiklərin insanlar isə bizdən asılı olmayan səbəblərdən belə davranırlar. Həvəsin və vaxtın varsa, Hikmət bəyin qurultaydan sonra olan çıxışını tap oxu”.


“Mitinqinə 200-300 nəfər çıxaran Müsavat hakimiyyətə gələcəyinə inanır?”


B. Hacıyev Müsavat başqanının müavininə belə cavab verib: “Yəni, 100 illik partiya məhbusla bağlı icazəli mitinqə 200-300 nəfər çıxarıb, 9 milyonluq ölkədə hakimiyyətə gələcəyinə inanır? Yeri gəlmişkən, son mitinqdə polis Müsavatın mətbuat xidmətinin reportyor köməkçilərindən neçə nəfəri döyüb? Bəyanatlar hazırlanırmı? Bir neçə nəfər xaricə mühacirət etmək istəyir, belə bəyanat yaya bilərsinizmi onlarla bağlı da? Ödənişi nədirsə, edərlər. Hakimiyyətə gəlib xalqı ağ günə çıxaracağını deyən partiya əgər bir funksionerinin oğlunun rahatlığı üçün partiya səviyyəsində saxtakarlıq edirsə, o partiya alqışa layiq deyil artıq”.

S. Soltanlı müsavatçı İkram İsrafilin oğlu İsrail İsrafil barədə Müsavat Partiyasının verdiyi bəyanatda faktlara istinad olunduğunu söyləyib.


“Saxtakarlıq edirsinizsə, cəmiyyət müzakirə etməməlidir?


B. Hacıyev Müsavat funksionerinə suallar ünvanlayıb: “Hakimiyyətə gəlmək istəyib saxtakarlıq edirsinizsə, cəmiyyət müzakirə etməməlidir? Yoxsa, tam “ignore”a qoyulmaq istəyirsiniz? Şəxsən mənim üçün qurultay və bu bəyanatdan sonra Müsavatın nə etdiyi qətiyyən əhəmiyyətli deyil. Sadəcə, sənin bu fəxrlə yazdığın statusu görüb sorğulayıram: İkram İsrafilin oğlunu hansı polis bölməsində, kim döyüb, niyə döyüb, bu barədə harasa müraciət edilibmi, mətbuata niyə verilməyib bu məlumat? İkram İsrafilin oğlu hazırda haradadır və İngiltərədədirsə, buradan ora onun həyatına necə təhlükə yaranır? Niyə NİDA-çı məhbusların adından istifadə etmisiniz? Bu suallara cavab verin, sonra Müsavat haqqında böyük-böyük statuslar yazın, lütfən”.


“Bir gəncin xaricdə təhsil almasından niyə belə narahat olursunuz?”


S. Soltanlı Müsavatın onu da müdafiə etdiyini xatırladaraq qeyd edib ki, partiya başqaları, o cümlədən müsavatçılar barədə də bəyanat verib: “Müsavat elə ona görə böyükdür. Başqaları isə ona görə böyüyə bilmir ki, yalnız özlərini düşünürlər. Bir gəncin burada təhsil almaq imkanları tükəndiyi üçün xaricdə təhsilini davam etdirməsindən niyə belə narahat olursunuz? Belə xırda hisslərdən uzaq olun. Ailəsinin verdiyi başqa məlumatları da nəzərə alıb məsələyə münasibət bildirmişik”.

B. Hacıyev isə Müsavat Partiyasının verdiyi bəyanatın saxta olduğunu söyləyib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR