Putinlə görüşə hazırlaşan jurnalist: “Qarabağ və girovlarla bağlı suallar verəcəyik”
Bizi izləyin

Nida.az

Putinlə görüşə hazırlaşan jurnalist: “Qarabağ və girovlarla bağlı suallar verəcəyik”

Sabah azərbaycanlı jurnalistlər Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Görüş Putinin sayca 10-cu geniş mətbuat konfransı çərçivəsində baş tutacaq.

Görüşdə iştirak edəcək Lider TV-nin və “Radio Azərbaycanın” Rusiya üzrə nümayəndəliyinin şefi Anar Həsənov Publika.az-a açıqlamasında Azərbaycandan 4 jurnalistin konfransa qatılacağını deyib: “Hər birimizin Vladimir Putinə hazırladığımız suallar var. Təbii ki, əsas suallarımız Dağlıq Qarabağla bağlı olacaq. Çünki Putindən Azərbaycan-Rusiya münasibətləri haqda soruşmağa dəyməz. Azərbaycan Prezidenti bu günlərdə Rusiya ilə münasibətlərin yüksək səviyyədə olduğunu dedi. İstər iqtisadi, istər humanitar, istərsə siyasi sahədə ikitərəfli əlaqələr kifayət qədər normaldır. Buna görə də Putinin bizim əsas problemimiz olan Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyini öyrənməyə çalışacağıq”.


A. Həsənov Ermənistanda girovluqda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı də sual verəcəklərini qeyd edib.


“Girovlarımızla bağlı Putinə suallarımız olacaq. Çünki Dilqəm Əsgərov Rusiya vətəndaşıdır və bu ölkənin öz vətəndaşının girovluqda olmasına laqeyd münasibəti suallar doğurur. Bu barədə Vladimir Putindən onun mövqeyini soruşacağıq”, - deyə azərbaycanlı jurnalist bildirib.


Qeyd edək ki, Vladimir Putinin geniş mətbuat konfransı dekabrın 18-də Bakı vaxtı ilə 12:00-da başlayacaq. 1259 jurnalist bir neçə saat ərzində canlı efirdə Putinə sual vermək üçün akkreditasiyadan keçib. Tədbirdə ABŞ, Almaniya, Çin, Cənubi Koreya, Vyetnam, Fransa və digər ölkələrin jurnalistləri iştirak edəcək. Eyni zamanda, Ukrayna jurnalistləri də akkreditasiyadan keçib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm