“Müxalifət mitinq yerindən yox, özündən narazı olmalıdır“
Bizi izləyin

Nida.az

“Müxalifət mitinq yerindən yox, özündən narazı olmalıdır“

"Müxalifətin mitinq keçirməsi elə də böyük hadisə deyil".


Bu sözləri Publika.Az-a millət vəkili, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, mitinq məsələsini elə də şişirtməyə ehtiyac yoxdur:

"Müxalifətin mövqe bildirmək üçün kütləvi aksiyadan da başqa kifayət qədər imkanları var. Amma mitinq məsələsini uzun müddətdir problemə çeviriblər. Aprelin 8-nə təyin olunan aksiya ilə bağlı İctimai Palatanın verilən yerə getməyə razılaşmasını müsbət addım kimi qiymətləndirirəm. Ancaq buna da narazılıq bildirməyi yersiz hesab edirəm".

Aydın Mirzəzadə hesab edir ki, İctimai Palatanın rəhbər şəxsləri 20-ci sahədə ayrılmış yerlə bağlı narazılıq etməkdənsə, özlərindən narazılıq etsinlər:

"Müxalifətin nə formada tədbir keçirəcəyinə mitinqdən sonra qərar vermək olar. Amma bu aksiyanın müxalif liderlərin dediyi kimi kütləvi alınacağını gözləmirəm. Uzun müddət siyasi meydanda görünmürlər, sosial bazaları, əhalini arxalarınca apara biləcək şüarları yoxdur və cəmiyyətdə söz sahibi olan ziyalılar müxalifətdə yer almır. Eyni şüarlar, eyni liderlər, gənclərlə işləməmək... İlk növbədə narazılıqları özlərindən olmalıdır. Digər tərəfdən, əsas məsələ yer məsələsidirmi? İnformasiya cəmiyyətində yaşayırıq və insanların diqqətinə çəkmək, təbliğat aparmaq üçün hər cür şərait var. Mitinq mübarizə formasının sadəcə bir formasıdır, əgər bu varianta üstünlük verilirsə, onlar qiymətlərini də buna görə alacaqlar".

YAP-çı deputat son zamanlar müxalifət mətbuatında hakimiyyətin cavab mitinqləri keçirəcəyi barədə məlumata da münasibət bildirib:

"Mitinq siyasi fəaliyyətin yeganə və vacib atributu deyil. Bunu atributa çevirən müxalifətdir. Amma iqtidar üçün siyasi fəaliyyətin digər formaları var və bu formalardan çox uğurla istifadə olunur".


Rüfət Əhmədzadə
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm