“Rublun dəyərdən düşməsi Rusiyadakı azərbaycanlıları çətin vəziyyətdə qoyur” – Rusiyadan açıqlama
Bizi izləyin

Nida.az

“Rublun dəyərdən düşməsi Rusiyadakı azərbaycanlıları çətin vəziyyətdə qoyur” – Rusiyadan açıqlama

Rusiyada rublun dəyəri öldükcə, bu ölkədə yaşayan azərbaycanlıların geri qayıtmaqdan başqa şansı qalmır.


Bu barədə Publika.az-a Moskvada fəaliyyət göstərən Azərbaycan diasporunun adının açıqlanmasını istəməyən nümayəndəsi məlumat verib.


Onun sözlərinə görə, Rusiyadakı azərbaycanlıların əksəriyyəti orta səviyyədə yaşayanlardır: “Varlılar da var, hətta maqnatlarımız da. Həkim və alimlərimiz da normal yaşaya bilir. Lakin əksəriyyət taksi sürücüsü, ofisiant, bazarlarda satıcı olaraq çalışır. Onlar üçün vəziyyət ürəkaçan deyil. Məsələn, iki ay öncə 80 min rubl 2500 dollar idisə, indi cəmi 1000 dollardır. Bu pulun da yarıdan çoxu kirayə və yaşamaq üçün sərf olunur. Belə olanda həmin adam öz ailəsinə pul göndərə bilmir. Ona görə də bu azərbaycanlıların geri qayıtmaqdan başqa çarəsi qalmır”.


Diaspor nümayəndəsi artıq yüzlərlə azərbaycanlının yol üstündə olduğunu deyib.


“Bir çoxları geri qayıtmağa hazırlaşırlar. Yaxın günlərdə yəqin ki, vətənə dönəcəklər. Yanvar ayında böyük bahalaşma gözlənilir. Ona görə də bəziləri bilet pulu qaldırılmamışdan öncə getmək istəyirlər. Təkcə Azərbaycan yox, post-sovet ölkələrindən olan əksər miqrantlar üçün gələcək eynidir”, - deyə o bildirib.


Diaspor üzvü Rusiyadakı azərbaycanlıların ən az 50 faizinin geri qayıdacağını düşünür: “Artıq bazarlarda ümumi ab-hava pisdir. Bir çoxları piştaxtalarını belə açmır. Çünki satdıqları maldan ziyana gedirlər. Bu azərbaycanlıların ümumi sayının 80 faizidir. Onlardan 30 faizi vəziyyətə dözsə də, 50 faizi mütləq qayıdacaq. Bunu dəqiq deyə bilərəm”.


Diaspor fəalı rus millətçilərinin də ayağa qalxa biləcəyini istisna etmir. Onun sözlərinə görə, hazırda hökumət bunun qarşısını alsa da, proses genişlənəcəyi təqdirdə anti-miqrant dalğası güclənəcək.


“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Publika.az-a açıqlamasında bunun Azərbaycan üçün olduqca riskli məsələ olduğunu deyib. Onun sözlərinə görə, Rusiyadakı azərbaycanlıların geri qayıdarkən öz evlərinə gələcəklər: “Yəni onlar küçədə qalmayacaq. Amma bu, əlavə insan kütləsi deməkdir. Xüsusilə, bu insanlar mədəni, psixoloji və bir sıra məqamlara görə dəyişiblər. Həmçinin yeni işsizlik ordusu yarana bilər”.


Ə. Oruclu çıxış yolunu rublun vəziyyətinin düzəlməsi, dolayısı yolla Qərb-Rusiya münasibətlərinin düzəlməsində görür. Lakin onun fikrincə, yaxın perspektivdə belə bir işıq görünmür: “Azərbaycan hökuməti böyük qayıdışa hazır olmalıdır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm