Müsavatda “post ssenarisi”: Məclis sədri onlardan biri olacaq - ADLAR
Bizi izləyin

Nida.az

Müsavatda “post ssenarisi”: Məclis sədri onlardan biri olacaq - ADLAR

Müsavat Partiyası daxilində Məclis sədrliyinə seçkilərlə bağlı növbəti qarşıdurma başlayıb. Dekabrın 27-də baş tutacaq seçkilərdə hazırkı sədr Arzu Səmədbəyli iştirak etməyəcək. O, niyyətinin səbəblərini tam açıqlamır. Lakin Səmədbəylinin partiyanın qurultayında “mənim başqanım həmişə İsa Qəmbər olaraq qalacaq” açıqlaması prosesləri aydınlaşdırır. O, Arif Hacılı və onun komandasını qəbul etmir.

Arif Hacılı üçün də A. Səmədbəyli arzuolunmaz şəxsdir. Çünki partiyada kifayət qədər nüfuza malik olan Səmədbəyli onun yolunda əngəldir. Yeni Məclis sədrliyinin kimliyinə gəlincə, qarşıdurmanın səbəbi də budur.

Adının açıqlanmasını istəməyən partiya fəalı Publika.az-a açıqlamasında bu posta ən real namizəd kimi Gülağa Aslanlını göstərir. O, Arif Hacılının ən inandığı şəxslərdəndir.

Lakin Gülağa Aslanlı Publika.az-a açıqlamasında bu barədə danışmağın tez olduğunu deyib: “Seçkilərə hələ var. Mən namizədliyimi verib-verməyəcəyimə dair qərar qəbul etməmişəm”.


Məlumata görə, digər real namizəd Osman Kazımovdur. Onun qurultaydan sonra Müsavat daxili “təmizləmədə” əsas şəxs olduğu deyilir. Bu prosesin anonsunu da ilk dəfə sosial şəbəkələrdə o vermişdi.

O. Kazımov da Publika.az-a açıqlamasında təqribən G. Aslanlının sözlərini təkrar edib. Bildirib ki, qərarını verməyib və bu barədə danışmaq istəmir.

Mənbənin sözlərinə görə, siyahıda Tural Abbaslı, İkram İsrafil və Mustafa Hacıbəylinin də adı var.


“Tural Abbaslı Arif Hacılıya qarşı olan narazılarla birlikdə olduğu üçün yeni başqan onu istəmir. İkram İsrafil və Mustafa Hacıbəyli də bu posta namizəddir. Onların arasında seçim etmək başqan üçün çətindir. Çünki İkram bəy qurultaydan sonrakı proseslərdə Arif Hacılıya dəstəyini göstərdi. Yəni arxa çevirmədi. Bunun səbəbi daha çox İngiltərədə yaşayan oğlu ilə bağlı idi. Oğlunun oturum alması üçün Müsavatın məlum bəyanatı məhz İkram bəyin Arif Hacılıya dəstəyindən sonra verilib. Mustafa bəy isə Arif Hacılının qardaşıdır. O, qardaşından vəzifə istəyir. Lakin bu postun ona verilməsi Arif bəy üçün “ailə partiyası” ilə bağlı ittihamları gözü önünə almaq deməkdir”, - deyə Müsavat fəalı bildirib.


Publika.az adıçəkilən şəxslərdən məsələyə münasibət öyrənməyə çalışıb. İkram İsrafil danışmaq istəməsə də Mustafa Hacıbəyli namizədliyini vermək niyyətində olmadığını açıqlayıb. Tural Abbaslı isə bununla bağlı hələlik düşündüyünü deyib.


Ortada narazıların neytrallaşdırılması planı da var. Belə ki, Arif Hacılı Məclis sədrliyinə Qubad İbadoğlu, yaxud Vurğun Əyyubun gətirilməsi təklifi ilə də çıxış edib. O, bununla narazı kəsimi neytrallaşdırmaq istəyirmiş. Lakin qarşı tərəf bu təklifi qəbul etməyib.

Digər məlumata görə, Mərkəzi İcra Aparatı postu da boşdur. Mənbənin sözlərinə görə, yeni başqan bu posta son məqamda təyinat verəcək. Məclis sədrliyinə seçilməsə Gülağa Aslanlının icra aparatına rəhbər gətiriləcəyi deyilir.


Narazı kəsim isə məsələ ilə bağlı sərt mövqe sərgiləyir.


Partiyadan istefa verən Əlövsət Taslışxanlı Publika.az-a açıqlamasında Arif Hacılının Məclis sədrliyinə öz namizədinin olduğunu və həmin namizədin seçiləcəyini deyib. Onun sözlərinə görə, seçkilər qurultaydakı kimi saxtalaşdırılacaq: “Azərbaycan cəmiyyəti 2003-cu il prezident seçkilərində müxalifətin məğlubiyyətinin, Müsavat Partiyasının Milli Şuradan çıxmasının səbəblərini və nəhayət el arasında nüfuzu sıfıra yaxın olan Arif Hacılının Müsavat partiyasının başına gətirilməsi səbəblərini araşdırmağa çox çalışacaq. Ətraflı düşünməyə əsas verən məsələlərdən biri də Hacılının sonuncu dəfə həbsdən necə çıxmasıdır. Cənab Hacılı deyir ki, onu həbsxanadan yüksək rütbəli bir məmurun yanına apardılar. Onunla söhbətdən sonra isə maşınla gətirib evə düşürdüblər. Həmin axşam isə əfv sərəncamı oldu. Bütün bunlardan xəbəri olan İsa Qəmbər isə Qubad bəyin tərəfdarlarını hakimiyyətlə əlaqədə suçlayır. Son müşavirənin ən ağrılı məqamı sabiq başqanın 74 yaşlı qadının üstünə qışqırması oldu. Halbuki, həmin qadın qurultayda baş verən pozuntulardan danışmaq istəyirdi. Lakin İsa Qəmbərin müşavirədə dediyi bir fikri ilə razıyam ki, 25 il harada idisə, indi də oradadır. Hansı statusda əyləşdiyini bilməsəm də, son müşavirədə onun sədarətdə əyləşməyi buna sübutdur”.


Ə. Talışxanlıya görə, Məclis sədri İsa Qəmbərin razılı ilə seçiləcək.


Müsavat Qadınlar Birliyinin (MQG) sədri Ellada Məmmədli Publika.az-a açıqlamasında Məclisə seçkilərin onun üçün mənasız olduğunu açıqlayıb.


“Bu postda kimin seçiləcəyi mənim üçün əhəmiyyətsizdir. Güman ki, özləri istəyən şəxsi bu posta gətirəcəklər. Arif Hacılının komandası göz qabağındadır. Biri partiyada təmizləmə siyasəti aparır, digəri “cəza vermə” metodu ilə işləyir. Partiyaya sadiq olanlara qapı göstərənləri, 76 yaşlı qadını partiyadan çıxartmaq üçün MNTK-ya müraciət edənləri hamı tanıyır”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm