"Eldar Namazovun şüşəyə saldığı cin "Şuşa" restoranında çıxmışdı" - Cəmil Həsənli
Bizi izləyin

Nida.az

"Eldar Namazovun şüşəyə saldığı cin "Şuşa" restoranında çıxmışdı" - Cəmil Həsənli

EL hərəkatının sədri Eldar Namazov bugünlərdə verdiyi müsahibədə Milli Şuranın sədri Cəmil Həsənlinin ünvanına xeyli ciddi ittihamlar səsləndirib. Sonuncu “Azadlıq” qəzetinə müsahibədə bu ittihamalra cavab verib. Publika.Az müsahibəni kiçik ixtisarla təqd

EL hərəkatının sədri Eldar Namazov bugünlərdə verdiyi müsahibədə Milli Şuranın sədri Cəmil Həsənlinin ünvanına xeyli ciddi ittihamlar səsləndirib. Sonuncu “Azadlıq” qəzetinə müsahibədə bu ittihamalra cavab verib. Publika.Az müsahibəni kiçik ixtisarla təqdim edir.



- Bəri başdan deyim ki, Milli Şura ilə bağlı çalışıram heç kimə qarşı ittiham irəli sürməyim. Amma bəzən faktlar təhrif olunanda, ictimaiyyyətə doğru olmayan məlumatlar veriləndə məsələyə müdaxilə etmək məcburiyyətində qalıram. Birgə olduğumuz dövdə Milli Şuranın uğuru da, uğursuzluğu da bizim hamımızın, orada təmsil olunan qüvvəllərindir. Ola bilsin, birinin bir az çox, digərinin bir qədər az rolu olub. Hər halda biz birlikdə müəyyən müddət maraqlı, bir az da dramatik yol getdik. Qeyd etdiyiniz müsahibələrdə bəzi yanlışlıqlara yol verildiyi üçün görünür, müəyyən məsələlərə yenidən qayıtmaq lazım gələcək. Bunun birincisi ondan ibarətdir ki, Milli Şuranın yaranmasında Eldar Namazovun xidmətləri danılmazdır və bunu qiymətləndirmək lazımdır. Amma bu xidmət heç kəsə, o cümlədən Eldar Namazova da haqq vermir ki, yaxın keçmişin hadisələrinin öz şəxsi və təşkilati maraqlarına uyğun interpretasiyasını yaratsın. Milli Şuranın yaradılmasındakı xidmətləri ilə yanaşı, onun daxilində böhran yaradılmasına ilk cəhdlərdən biri də məhz Eldar Namazov tərəfindən oldu.

- “Yaxın keçmişin hadisələri” deyərkən, nələri nəzərdə tutursunuz?
- Yadınızdadırsa, Eldar bəy bundan əvvəlki müsahibəsində demişdi ki, o, böyük çətinliklə “cini butulkaya salmışdı” və guya Cəmil Həsənlinin apardığı səhv siyasət onun təzədən butulkadan çıxmasına gətirib çıxardı. İnanın ki, bu cin əhvalatı bir az mürəkkəb məsələdir, bunun üçün prosesləri ardıcıl izləyib, onun şüşədən nə vaxt və harada çıxdığını müəyyənləşdirmək lazımdır. Bunun üçün bir az əvvələ qayıtmaq lazım gələcək. Eldar bəyin ötən müsahibədə istinad elədiyi EL rəhbərliyinin “Şuşa restoranı əhvalatı”na bir az aydınlıq gətirmək lazım olacaq. O, yazır: “Yadınıza gəlirmi, EL hərəkatının İdarə Heyəti Milli Şuranın sesiyalarından birinə gəlmədi... Biz o zaman mediaya yalnız bir məsələni açıqladıq. Dedik ki, bir həftəyə yaxındır bizi prokurorluğa çağırırlar, biz İdarə Heyətində bu məsələni müzakirə edirik. Əslində isə biz Milli Şura daxilində prosesləri müzakirə edirdik”. Bu sözlərdən nə aydın olur? Hər şeydən əvvəl bu adamlar mediaya və bir təşkilatda birləşdikləri mübarizə yoldaşlarına yalan məlumat veriblər. Onların Şuşa restoranında “müzakirəyə başladıqları” eyni saatda, yəni saat 16-da Milli Şuranın sessiyası da işə başlamalı idi. Yeri gəlmişkən, mənim həmin gün saat 11:02-də Eldar Namazovla telefon danışığım olmuşdu və biz razılaşmışdıq ki, sessiyadan ən azı 30 dəqiqə əvvəl görüşüb bir sıra məsələləri müzakirə edək. Lakin o, deyilən zamanda gəlmədi və ən azından etika xatirinə xəbərdarlıq da etmədi. Sessiya saat 16-da başlamalı idi. Biz İsa bəyin otağında toplaşıb Eldar Namazovu gözləyirdik, çünki Milli Şuranın İcra Aparatının rəhbəri kimi sessiyanı təşkil etmək onun vəzifə borcu idi. 20-25 dəqiqə keçəndən sonra İsa bəy zəng edib onun yubanmasının səbəbini soruşduqda Eldar bəy cavab verdi ki, EL hərəkatı ilə bağlı təcili məsəllər meydana çıxıb, ona görə İdarə Heyətində onu müzakirə edirlər. Yetərsay olduğu üçün biz sessiyaya başladıq və təxminən 18-də müzakirələri yekunlaşdırdıq. Eldar Namazov EL-in İdarə Heyətinin iclasını çağrdığını desə də, EL-in İdarə Heyətinin bəzi üzvüləri sessiyanın işində iştirak edirdilər. Əlbəttə, bu mənim diqqətimdən yayınmadı. Öz-özümə fikirləşdim ki, bu necə İdarə Heyəti iclasıdır ki, həmin heyətin yarısı sessiyadadır. Ona görə bu xoşagəlməz vəziyyət məni düşünməyə vadər etdi. Lakin elə kiçik bir təsadüf “restoran əhvalatının” gizlinlərini ortaya qoydu və mənim şübhələrim özünü doğrultdu.

- Söhbət hansı təsadüfdən gedir?
- Təsadüf ondan ibarət idi ki, sessiyadan sonra Milli Şuranın dörd tanınmış üzvü Şuşa restoranında EL-in İdarə Heyətinin iclasının üstünə gedib çıxmışdı və orada hansı “müzakirələrin” getdiyinin şahidi olmuşdu. Belə ki, professor Hacıbaba Əzimovun 75 yaşı bir müddət əvvəl tamam olduğundan ədliyyə generalı Vidadi Mirkamal, professor Hacıbaba Əzimov, Gültəkin Hacıbəyli və Mehriban xanım Vəzir bu vəsilə ilə axşam yeməyinə toplanmağı qərara almışdılar və məni də dəvət etmişdilər. Lakin vacib işim olduğudan gedə bilmədim. Onlar Şuşa restoranına yetişəndə EL İdarə Heyətinin “iclası”nın şahidi olmuşdular. Əslində, Milli Şuranın sessiyası da, EL-in İdarə Heyətinin “iclası” da eyni vaxtda başlamışdı, sadəcə olaraq, dostlarımızın restoran şəraitində müzakirələri bir az qızğın keçdiyindən söhbət bir az uzanmış və arzuolunmaz qonaqlarla qarşılaşmalı olmuşdular. Göründüyü kimi, Milli Şuranın İcra Aparatının rəhbəri kimi Eldar Namazovun “şüşəyə saldığı cin”, Şuşa restoranında ağzı açıq qalmış butulkadan artıq çıxmışdı. “Şuşa restoranı” əhvalatının təfərrüatı mənə bəlli idi. Bu toplantı “Əflan işi” ilə bağlı prokurorluqdakı dindirmənin birinci təzahürü, Milli Şurada böhran yaratmağın ilk ciddi əlaməti idi. Əslində bütün baş verənlərin, bəhanələrin, özünəbəraət cəhdlərinin, nağıl uydurmağın arxasında duran başlıca məsələ budur.

- Eldar Namazov bildirib ki, El rəhbərliyi Sizinlə görüşüb seçkilərdə uğrsuzluğa aparacaq durumu izah edib. Belə bir görüş olubmu?
- Qeyd edilən görüş olub və Eldar bəyin dediyi tərkibdə keçib. Doğrudan da onlar Milli Şurada Cəbhə və Müsavatın üstün rolundan narazılıqlarını bildirdilər. Seçki komissiyasını misal gətirdilər. Guya mənim Milli Şuranı iki partiyanın (AXCP və Müsavatın) nəzarətinə verdiyimi xatırlatdılar. Mən soruşdum ki, bu üstünlük nədən ibarətdir? İmza toplamaq məsələsi gələndə 45 min imzanın 42 minini bu partiyalarnın üzərinə qoyursunuz, amma Milli Şuranın strukturlarında onlardan üstün təmsil olunmaq istəyirsiniz. Biz həmin vaxt Strateji Mərkəz deyilən müvəqqəti qurum yaratmışdıq və EL-dən orada Eldar bəylə, Zəfər bəy təmsil olunurdu, ara-sıra Eldəniz bəy də toplantılara qatılırdı. Bu həmin vaxtlar idi ki, Milli Şuranın Məşvərət Məclisinin formalaşdırılması haqqında müzakirələr başlamışdı. Ümumi rəy belə idi ki, partiya və hərəkat sədrləri, komissiya sədrləri və gənclər təşkilatlarının nümayəndələrindən ibarət bir Məclis təşkil edilsin. Tiflisdə razılıq olsa da, bu format EL-i təmin etmirdi. Bu halda Cəbhə, Müsavat, EL və ACP-nin hər birindən 2 nəfər Məclisdə təmsil olunurdu. Söhbətin gedişində mənim hörmət elədiyim Zəfər bəy sözgəlişi dedi ki, o, özünü rəhbəlikdə görür. Əlbəttə, mən də belə düşünürdüm, amma gərək mexanizm olsun. Köçəri bəy isə irad tutdu ki, ermənistanlılar Milli Şuranın rəhbərliyində zəif təmsil olunub, bəs o, gərək ermənistanlıların nümayəndəsi kimi rəhbərlikdə təmsil olunsun. Mənsə zarafata dedim ki, axı Eldar bəy həmişə ermənistanlıların onun arxasında olduğunu vurğulayır. Amma Köçəri bəyə də dedim ki, incimə bu prinsiplə Milli Şuranın rəhbərliyini formalaşdırmaq olmaz və mən belə yanaşmanı məqbul hesab etmirəm. Biz Milli Şuranın rəhbər orqanlarını regional əsasda formalaşdıra bilmərik və əlavə etdim ki, dostlar, rəhbərlikdə təmsil olunmaq istəyirsinizsə, bunun mexanizmini tapmalıyıq, amma bütün hallarda sizin rəhbər qurumlarda təmsilçiyinizin Müsavat və AXCP-dən üstün olmasının izahını vermək çətin məsələdir. Bax, söhbət təxminən bu məzmunda oldu və nəticəsiz başa çatdı. Taleyin qəribə ironiyasıdır.Həmin söhbətlərin ideya müəllifi olan Eldar Namazov indi məni regionçuluqda, yerliçilikdə ittiham edir. Halbuki, XXI əsrdə region söhbəti etmək, region təmsilçisi kimi siyasi səhnəyə çıxmaq doğrudan da iyrənc və eyib məsələdir.

-Deyəsən, vaxtilə Eldar Namazovun bu mövzuda hətta bir yazısı da var idi...
-Bəli, xatırlayıram. Səhv etmirəmsə 7-8 il bundan əvvəl “Realnıy Azərbaycan” qəzetində çıxmışdı və cəmiyyətin sərt təpkisi ilə qarşılaşdı. Bu yazıda o, Qərbi azərbaycanlıların əhalinin əksəriyyətini təşkil etdiyini və hakimiyyət uğrunda mübarizədə onlardan bir tərəf kimi istifadə olunmasının zəruriliyini əsaslandırmağa çalışırdı. Söhbət XXI əsrdə yerliçiliyin, regionçuluğun, traybalizmin nəzəri əsaslarının hazırlanmasından gedirdi. Həmin vaxt səhv etmirəmsə tanınmış vəkil Aslan İsmayılovun “Biz bu mərhələni çoxdan keçmişik” adlı yazısı çıxdı və Namazovun nəzəri təliminin daşı-daş üstə qoyulmadı...

Mən deyirəm ki, namizədliyimin üç qatı əleyhdarı var idi - birincisi mən özüm, ikinci və üçüncüsü isə Eldar Namazovla Rəsul Quliyev, amma görün bu sıralamanı EL lideri hansı məcraya yönəldir və yazır: “Burada yolverilməz böhtanlardan biri də mən və Rəsul Quliyevlə bağlı məhəlli faktorlara işarə etməkdir. Əslində, heç bir ziyalıya yaraşmır ki, bu cür iyrənc oyuna getsin”. Əvvələ, məhəlli baxımdan mən Namazovun Qərbi azərbaycanlı olduğunu doğrudan da bilmirəm. Çünki o, qazaxlı məclisində Qazax, qərbi azərbaycanlıların məclisində irəvanlı ləhcəsi ilə danışır. İkincisi, mən bu ölkədə çox az adamlardanam ki, sözümü eyhamla demirəm, birbaşa deməyə çalışıram. Qərbi azərbaycanlılar böyük bir eldir, elatdır, Azərbaycan elmində, sənətində, mədəniyyətində və mənəviyyatında onların müstəsna rolu var. Amma yaxşı olardı ki, kimsə onların adından spekulyasiya etməsin və XXI əsrdə region, məhəllə, tayfa anlayışlarını təzədən leksikona gətirməsin. Doğrudan da “heç bir ziyalıya yaraşmır ki, bu cür iyrənc oyuna getsin”.

- Eldar Namazov müsahibəsində onun və Zəfər Quliyevin guya Milli Şuranın dağılmasını qabaqcadan görüb yazdıqları üçün sizin tərəfinizdən tənqid edildiklərini yazır. Bu nə dərəcədə həqiqətə uyğundur?
- Əgər Eldar Namazov Milli Şuranın “dağılmasını” hamıdan əvvəl görübsə, bu onun analitik qabiliyyəti ilə bağlı olmayıb, daha çox hamıdan əvvəl bu niyyətə düşməsi ilə bağlı idi. Yuxarıda dediyim “Əflan işi”nin prokurorluqda dindirlməsi ilə sessiya günü “restoran əhvalatı” arasında məsafə elə də uzun olmadı. Mən bilmirəm Eldar Namazov “öncəgörməsi” haqqında hansı yazısını nəzərdə tutur, amma mən onun ciddi bir analitik yazısının şahidi olmamışam və bunu ondan heç gözləmirəm də. Namazov olsa-olsa intiriqa və piar ustası, yalan vədlər və blef uydurmağın peşəkarıdır. Onun blefləri bəzən elə cazibədar olur ki, uydurandan az sonra özü də ona inanmağa başlayır. Bu istiqamətdə onun fantaziyası o qədər güclüdür ki, “gələcəyin prezidenti” kimi öz komandasını formalaşdıranda hətta bir nazir vəzifəsini ayrı-ayrılıqda iki xanıma vəd etməkdən belə çəkinmir. Eldar Namazovun istinad etdiyi Zəfər bəyin analitik yazısına gəldikdə, həqiqətən bu yazı müəllifin digər yazıları kimi, məntiqi və maraqlı idi. Bu yazıya görə mən AXCP qərargahında Zəfər bəyə öz təşəkkürümü də bildirdim. Hətta o, belə yazılardan inciyib-incimədiyimi soruşanda, mən əksinə, bu məzmunda təhlillərin zəruri olduğunu vurğuladım.

- Kordinasiya Şurasının tərkibi ilə bağlı siyahinin “Yeni Müsavat” qəzetinə gedib çıxması ilə bağlı Eldar Namazov uzun-uzadı izahat verir və bu məsələdə günahsız olduqlarını iddia edir...
- Mən bu məsələ ətrafında əvvəllər kifayət qədər danışmışam. Yenə deyirəm ki, bu gizli bir siyahı olmayıb, onun prinsipləri Tiflisdə razılaşdırılıb. Eldar Namazovun da iştirak etdiyi Tiflis razılaşmsına görə, partiya rəhbərləri və komissiya sədrləri, habelə ictimaiyyətin nümayəndələrinin Koordinasiya Şurasında olması məqsədəuyğun hesab edilmişdi. Eldar bəy yazır ki, Cəmil Həsənli “Koordinasiya Şurasında AXCP-dən yalnız iki nəfər var: Əli Kərimli və Kamil Vəli Nərimanoğlu” deyib, amma Həsən Kərimovun da adı siyahidə olub. Bir daha bildirmək istəyirəm ki, ya ikitərəfli görüşlərdə, ya da telefon vasitəsi ilə bu siyahı Milli Şurada təmsil olunan siyasi qurumların rəhbərliyi ilə müzakirə edilib. Orada tək AXCP-dən deyil, Müsavat, EL, ACP və NİDA-nın hər birindən iki nəfərin olması nəzərdə tutulub. KXCP-yə münasibətdə balans pozulduğu üçün mən partiyanın sədr müavinini Sədr Aparatına daxil etdim. Son anda İsa bəy xahiş edib ki, seçki qərargahının rəhbərləri, Arif bəy Hacılı və Həsən bəy Kərimov da Koordinasiya Şurasında təmsil olunsunlar. Belə olduqda mən KXCP seçki qərargahının rəhbəri Bəybala bəyi də ora əlavə etdim. Amma bu layihə idi və məsələni sessiya həll etməli idi. Bu sənəd mənim tərəfimdən net olaraq üç nəfərə Əli bəyə, İsa bəyə və Eldar Namazova göndərilib. Əgər Eldar bəy iddia edirsə siyahi 20 adamda olub, onda onun yayılmasını bu üç adamın arasında axtarmaq lazımdır. Sənədin necə gedib “Yeni Müsavat”a çıxdığına gəldikdə, məhz redaksiyanın özündən təsdiq etdilər ki, siyahi qəzetə EL-dən gedib.

- Cəmil bəy, Eldar Namazov Sizin Milli Şurada əvvəllər Qarabağ komissiyasının sədri olduğunuzu xatırladır və bu istiqamətdə hansı işi gördüyünüzlə maraqlanır...
- Hə, mən onun müsahibəsində bu sətirləri oxudum: “Yeri gəlmişkən, Cəmil Həsənli də bu komissiyalardan birinə - Qarabağ komissiyasına sədrlik edirdi və bu günə qədər də sədrlikdə qalır. İndi Cəmil Həsənlinin sədri olduğu Qarabağ komissiyası bu günə qədər bir iş görməyibsə, deməli, Eldar Namazov onu işlədə bilməyib? Əgər kimsə kənardan bu komissiyaları işlətməlidisə, Cəmil Həsənli Milli Şuranın sədri, vahid namizədi və komissiya sədri kimi özü-özünü işlədərdi də”. Eldar Namazovdan fərqli olaraq mən özüm-özümü işlətməyi bacarıram. İlk öncə mən komissiyanın fəaliyyət istiqamətlərini hazırlayıb Eldar bəyə verdim və o, Qarabağ danışıqlarında təcrübəsi olan bir adam kimi bu sənədi təkmilləşdirəcəyini bildirdi. İkincisi, həmin sənəd əsasında mən bizim seçki platformamızın işğal olunmuş ərazilər və Qarabağ məsələsini hazırladım. Üçüncüsu, 2013-cü ilin sentyabrında Qarabağın bizim üçün vacib olan tarixinin yüz illik dövrünün (XIX əsr rus işğallarından 1923-cü ildə Dağlıq Qarabaq muxtar vilayəti yaranana qədər) 120 səhifəlik elmi təsvirini hazırladım ki, həmin araşdırma Moskvada rus dilində nəşr edildi. Araşdırmanın vacibliyini nəzərə alaraq onu ingilis dilinə tərcümə etdirdim ki, xaricdə nəşrə hazırlayaq. Dördüncüsü, NyuYorkda bu ilin aprel ayında nəşr ediləcək “Qərbə inteqrasiyanın çətin yolu” kitabıma Qarabağla bağlı xüsusi bir bölmə daxil etdim ki, Qərb oxucuları vətənimizin bu başı bəlalı dilbər guşəsi haqqında həqiqətləri öyrənə bilsinlər. Beşincisi, ötən ilin ikinci yarısında Qarabağ probleminin ictimai fikirdə arxa plana keçirildiyinin həyacanını ifadə edən xüsusi yazı və verlişlə çıxış edib bunun yolverilməz olduğunu bildirdim. Altıncısı, ermənilərin Dağlıq Qarabağa qarşı yönəlmiş iddialarını hətta faşist Almaniyası vasitəsi ilə həyata keçirmək niyyətində olduqları barədə çox qiymətli sənədləri nəşrə hazırladım və onun bir hissəsi ötən həftədən “Zerkalo” qəzetinin şənbə saylarında dərc olunmağa başlayıb və yəqin ki, iki aya yaxın davam edəcək. İndi Eldar Namazov buyurub desin görək o, nə edib bu istiqamətdə? Axı elin gözü tərəzidir və ümid etmək istəyirəm ki, EL rəhbəri bu tərəzidə özünü pərsəng vəziyyətində hiss etməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm