• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Ölkəmizə loyal münasibət bəsləyənlərə qarşı təqib kampaniyası var – Elxan Süleymanov yazır

  • Nida.az
  • 12 Fevral 2014 18:09
  • 856 Baxış
Ölkəmizə loyal münasibət bəsləyənlərə qarşı təqib kampaniyası var – Elxan Süleymanov yazır

Avropa Parlamentinin Məşvərət Komitəsində 11 fevral 2014-cü ildə keçirilmiş dinləmələrlə bağlı bəzi qeydlər

Azərbaycanın bir sıra kütləvi informasiya vasitələri 10 fevral 2014-cü il tarixində Avropa Parlamentinin Azərbaycanda 9 oktyabr prezident seçkilərini müşahidə edən 7 deputatının cəzalandırılacağı haqqında məlumat yaymışdır. Həmin məlumatlarda 11 fevralda Məşvərət Komitəsində Avropa Parlamentinin Seçki Müşahidə Missiyasının (AP SMM) rəhbəri Pino Arlakki, missiyanın üzvləri Filip Kaçmarek, Yoahim Tseller, Yevgeni Kirilov, Norika Nikolai, Milan Kabrnox, Fiorello Proveranın məsələsinə baxılacağı və onların Məşvərət Komitəsinin sanksiyaları ilə üzləşəcəkləri bildirilmişdir. Bildirmək istərdim ki, Məşvərət Komitəsi 2012-ci ilin yanvarından AP üzvünün Davranış Kodeksi qəbul olunduqdan sonra fəaliyyət göstərir. Davranış Kodeksini pozmuş deputatla bağlı Məşvərət Komitəsində dinləmələrin nəticəsi olaraq Komitə AP Prezidentinə təkliflərlə müraciət edərək bu deputatın cəzalandırılmasını və ya ona bəraət qazandırılmasını tələb edə bilər. Qeyd edilməlidir ki, Davranış Kodeksini pozmuş AP üzvünə deputat maaşının kəsilməsi, Avropa Parlamentində olan bəzi fəaliyyətlərdən məhrum edilməsi, deputat ofisindən çıxarılması kimi cəzalar tətbiq edilə bilər. Eyni zamanda Azərbaycan KİV-də AP-nin Azərbaycanda 9 oktyabr prezident seçkilərini müşahidə rəsmi missiya üzvlərinin Məşvərət Komitəsi tərəfindən cəzalandırılacağı haqqında yayımlanan məlumatlara aydınlıq gətirməyi vacib hesab edirəm. Belə ki, bunlar dəqiqləşdirilməmiş məlumatlardır və həmin məlumatların verilməsində tələskənliyə yol verilib. Azərbaycanda prezident seçkilərinin başa çatmasından artıq 4 ay keçmişdir. Seçkilərdən dərhal sonra Avropa Parlamentinin Seçki Müşahidə Missiyası ilkin bəyanatla çıxış etmiş və seçkilərin demokratik, şəffaf keçirildiyini bildirmişdir.

Keçən müddət ərzində AP SMM-in rəhbəri Arlakki seçkilərlə bağlı yekun məruzə hazırlayaraq Avropa Parlamentinə təqdim etmişdir. Həmin məruzədə AP seçki müşahidə missiyası Azərbaycanda seçkilərin demokratik, azad, şəffaf, ATƏT və Avropa Şurasının standartlarına uyğun keçirildiyini bir daha təsdiq etmişdir. Beləliklə, Avropa Parlamentinin Azərbaycanda Prezident seçkilərinin müşahidəsi üzrə rəsmi missiyasının fəaliyyəti başa çatmışdır və AP-nin rəsmi müşahidə missiyası üzvlərinin hər hansı bir formada cəzalandırılmasından söhbət gedə bilməz. Odur ki, Məşvərət Komitəsində 11 fevralda keçirilən dinləmələr barədə mətbuatda gedən məlumata aydınlıq gətirərək bildirirəm ki, dinləmələrə AP-nin Azərbaycandakı Prezident seçkilərini müşahidə edən rəsmi müşahidə missiyasının 7 nəfər üzvündən heç biri dəvət olunmayıb. Bu dinləmələrə dəvət olunan AP deputatları Azərbaycanda prezident seçkilərini beynəlxalq QHT-lərin nümayəndə heyətlərinin tərkibində müşahidə etmişlər, başqa sözlə onlar reyri-rəsmi müşahidə missiyalarının üzvləri olmuşlar. Qeyri-rəsmi müşahidə missiyası tərkibində Azərbaycana səfər etmiş deputatların seçkilərdə iştirak edən partiya tərəfindən maliyyələşdirilməsi və qiymətli hədiyyələr alması barədə əsassız iddialar irəli sürülmüşdür. Seçkilərdən 4 ay keçməsinə baxmayaraq belə iddiaların irəli sürülməsinin kökündə bir sıra beynəlxalq güc mərkəzlərinin Azərbaycana təzyiqlərini yeni formada və yeni məzmunda davam etdirmək niyyəti dayanmışdır. Belə ki, həmin güc mərkəzləri Azərbaycanda keçirilən 9 oktyabr prezident seçkilərinin nəticəsi olaraq Azərbaycanı avtoritar ölkə və hakimiyyəti isə qeyri-legitim hakimiyyət kimi təqdim etməyə çalışırdılar. Lakin onların bu məkrli niyyətləri baş tutmadı, Azərbaycan xalqı öz seçimini etdi və güc dövlətlərinin sifarişini icra edən, kiçik ranqlı məmurlardan ibarət ATƏT\DTİHB-nin komandası istisna olmaqla, bütün beynəlxalq seçki missiyaları, o cümlədən ATƏT PA, AŞPA və AP-nin seçki müşahidə missiyaları Azərbaycanda prezident seçkilərinin demokratik və şəffaf keçirildiyini bildirdilər. Azərbaycana qarşı təzyiqləri səngiməyən həmin güc mərkəzlərinin başlıca məqsədlərindən biri Azərbaycanı avtoritar ölkə kimi təqdim etməklə onun dünya ictimaiyyəti qarşısında imicinə xələl gətirmək, davamlı olaraq qərəzli iddialarla çıxış edərək Azərbaycan ictimaiyyətinin başını bu məsələlərlə qarışdırmaq, onun diqqətini Ermənistan tərəfindən 20 ildən artıqdır ki, işğal altında saxlanılan Dağlıq Qarabağ və 7 ətraf rayon da daxil olmaqla 20% ərazidən yayındırmaq və həmin ərazilərdən əl çəkdirməkdən ibarətdir. Digər tərəfdən, həmin güc mərkəzləri dünya ictimaiyyəti qarşısında Azərbaycanın mənfi imicini formalaşdırmaqla öz maraqlarını qeyd şərtsiz təmin etməyə çalışırlar. Zənnimcə, belə iddiaların gündəmə gəlməsini şərtləndirən əsas amillərdən biri də belə təzyiqlər vasitəsilə Azərbaycanın Assosiasiya sazişinə qoşulmasına nail olmaqdan və əks halda Ukraynada baş verən hadisələrin Azərbaycanda da təkrarlanacağına dair siqnal göndərməkdən ibarətdir.

Təssüf doğuran hal ondan ibarətdir ki, Avropa Parlamentinin bəzi nümayəndələri qeyd edilən məqsədlərinə çatmaq üçün hətta öz deputatlarının imicinə zərbə vurmaqdan belə çəkinmir, onlar sözdə Azərbaycanı Avropa dövləti hesab etsələr də, praktikada Azərbaycan cəmiyyətini Avropa Ailəsi hesab etmirlər. Avropa Parlamenti öz deputatlarından Ukraynada baş verən hadisələr fonunda Kiyevə səfərlərinin hansı mənbədən maliyyələşdirilməsini soruşmur. Bəzi beynəlxalq qurumlar, o cümlədən bəzi siyasətçilər öz məqsədlərinə nail olmaq üçün Ukraynanın daxili işlərinə müdaxilə edirlər, bu ölkədə demokratik yolla formalaşmış hakimiyyəti və xalq tərəfindən seçilmiş prezidenti devirmək, Ukraynanı parçalamaq üçün təxribat və iğtişaşlar yaratmaqdan belə çəkinmirlər.

Hesab edirəm ki, qeyri-rəsmi müşahidə missiyası tərkibində seçkiləri müşahidə etmiş AP deputatlarına qarşı iddiaların irəli sürülməsini şərtləndirən amillərdən biri də Azərbaycana təzyiq edən güc mərkəzlərinin ölkə daxilində sabitliyi pozmaq cəhdlərinin nəticə verməyəcəyinə əmin olduqdan sonra onu xaricdən göstərilən hər hansı bir dəstəkdən məhrum etmək və beynəlxalq aləmdə Azərbaycanı təkləməkdən ibarətdir. Həmin güc mərkəzləri Azərbaycana obyektiv münasibət bəsləyən deputatlara təzyiqlər göstərilməsinə dəstək verməklə Azərbaycana loyal münasibət göstərən insanları öz mövqelərinə yenidən baxmağa məcbur etməyə çalışırlar. Odur ki, qeyri-rəsmi missiya tərkibində seçkiləri müşahidə etmiş AP deputatlarına qarşı iddiaların irəli sürülməsi və bu məqsədlə Məşvərət Komitəsində dinləmələrin keçirilməsi Azərbaycanı beynəlxalq ictimaiyyətin dəstəyindən məhrum etmək məqsədilə ölkəmizə loyal münasibəti ilə seçilən parlamentarilərə, xarici ictimai-siyasi xadimlərə qarşı başlanmış de-fakto təqib kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Elxan Süleymanov, Avronest PA-nın vitse-prezidenti, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri

Xəbər lenti

DAHA ÇOX XƏBƏR