Nida.az
Mehriban Əliyeva: “Məqsədləri yalnız qara yaxmaq, tədbirə kölgə salmaqdır“
Bakıda keçiriləcək "Eurovision 2012" müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva "Trend"in suallarını cavablandırıb. Həmin müsahibəni diqqətinizə çatdırırıq.
- İlk növbədə, icazə verin, Sizi Novruz bayramı münasibətilə təbrik
edək. Artıq mart ayının sonlarıdır və Bakıda keçiriləcək
"Eurovision 2012" mahnı müsabiqəsinin başlamasına çox az vaxt
qalır. Müsabiqənin yaxınlaşması Sizin üçün nə deməkdir: çoxları
üçün olduğu kimi, fərəhli bayram gözləntisi, yaxud ağır, gərgin
iş?
- Bu gün biz hamımız böyük ümumavropa musiqi bayramının
gözləntisindəyik. Musiqi dili milliyyətindən və etiqadından asılı
olmayaraq hamıya aydındır. Və bu çox rəmzidir ki, həmin may
günlərində müxtəlif ölkələrin musiqi nümayəndələri müxtəlif musiqi
üslubları ilə bir səhnədə dayanacaqlar və müxtəlif dillərdə
mahnılar səsləndirəcəklər. Bu müsabiqənin ölkəmizdə keçirilməsi
faktının özü duetimizin qazandığı parlaq qələbənin nəticəsi, eləcə
də ifaçıların özlərinin, onların qalib çıxışının hazırlanmasında
iştirak edənlərin böyük uğurudur. Lakin bu gün qarşımızda artıq
başqa tapşırıq durur: "Eurovision 2012"-ni layiqli keçirmək. Bu,
müsabiqənin iştirakçılarının, qonaqların, tamaşaçıların əksəriyyəti
üçün ölkəmizlə ilk tanışlıq olacaq. Əminəm ki, qarşıdakı müsabiqə
bir çoxlarına Azərbaycanı daha yaxşı tanımağa, onun tarixi və
mədəniyyəti ilə tanış olmağa kömək edəcək. Çoxsaylı qonaqlarımız
görəcəklər ki, Bakı necə gözəldir, tarixi və mədəniyyət abidələrini
ziyarət edəcək, Qərb və Şərq memarlığının ahəngdar şəkildə
birləşdiyi küçələrdən keçəcəklər. Onlar xalqımızın mehribanlığına
və qonaqpərvərliyinə əyani şəkildə əmin olacaqlar. İnanıram ki,
onların əksəriyyəti qədim və sürətlə inkişaf etməkdə olan
Azərbaycan barədə şəxsi təsəvvürlərini formalaşdıracaqlar. Və bir
çoxları Odlar Yurdunu tərk edərkən öz qəlblərində buradan alov
zərrəciyi aparacaqlar. Axı, "Məşəlini alovlandır" sözləri nahaq
yerə müsabiqəmizin devizi olmayıb. Lakin, bununla yanaşı, belə
irimiqyaslı hadisəyə hazırlıq nəhəng işdir. Məsələn, 2020-ci il
Olimpiya Oyunlarının harada keçiriləcəyi artıq bu gün həll edilir.
Növbəti "Eurovision" müsabiqəsinin harada keçiriləcəyi isə ondan
əvvəlki müsabiqənin son dəqiqələrində məlum olur. Yeni ölkəyə
müsabiqəyə hazırlıq üçün bir il vaxt verilir. Və bu müddət ərzində
bir çox işlərin öhdəsindən gəlmək lazımdır. Məhz buna görə də biz
müsabiqəyə qələbəmizin ilk günlərindən sonra hazırlaşmağa başladıq.
Müsabiqənin uğurla keçirilməsi məqsədilə dövlət idarələrinin zəruri
işlərinin əlaqələndirilməsi ilə bağlı məsələlərin həllinə dəstək
göstərmək üçün dərhal müsabiqənin Təşkilat Komitəsi yaradıldı.
Təşkilat Komitəsi hazırda işçi qrupla sıx əlaqədə işləyir. İndi
həmin iş artıq başa çatmaq üzrədir. Və müsabiqənin başlanmasına
həqiqətən də çox az vaxt qalır.
- Mehriban xanım, bəs Siz özünüz "Eurovision" müsabiqəsinə
hazırlığın keyfiyyətini necə qiymətləndirirsiniz?
- "Eurovision" müsabiqəsinə hazırlığın səviyyəsi və keyfiyyəti
barədə yalnız müsabiqənin başa çatmasından sonra mühakimə yürütmək
olar. Amma hələlik ən etibarlı və obyektiv meyar, fikrimcə, Avropa
Yayımları Birliyinin nümayəndələrinin və ekspertlərinin
fikirləridir. Onlar ölkəmizin ümumavropa mahnı müsabiqəsinə
hazırlıq səviyyəsini çox yüksək qiymətləndirirlər. Və doğrudan da
az iş görülməyib. Təşkilat Komitəsinə daxil olan idarələrin
qarşısında şəhər infrastrukturlarının modernləşdirilməsi,
kommunikasiya texnologiyalarının genişləndirilməsi, qonaqların və
müsabiqə iştirakçılarının rahat yerləşdirilməsinə istiqamətlənmiş
konkret tapşırıqlar qoyulub. Mövcud hotellərin vəziyyətinin
yaxşılaşdırılması ilə yanaşı, paytaxtda yeni mehmanxanalar tikilir,
avtomobil magistrallarının yaxşılaşdırılması üzrə işlər aparılır.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq,
müsabiqə iştirakçıları və qonaqlar üçün vizaların alınması prosesi
sadələşdirilib. Daha doğrusu, ölkədə bu müsabiqənin layiqincə qəbul
edilməsi və təşkil olunması üçün mümkün olan hər şey edilir.
- Mehriban xanım, Siz "Eurovision 2012" mahnı müsabiqəsinin Bakıda
keçirilməsinin Azərbaycanı dünyaya tanıtmaq, müsabiqə
iştirakçılarını və qonaqları ölkəmizin keçmişi və bu günü ilə tanış
etmək, onlarda Azərbaycan haqqında təsəvvürlərin formalaşması üçün
daha bir şans olduğunu qeyd etdiniz. Bəs, ölkəmiz müsabiqənin
qonaqlarını və iştirakçılarını necə və nə ilə qarşılayacaq?
- Müsabiqənin keçiriləcəyi yer haqqında daha ətraflı danışmaq
istərdim. Bildiyiniz kimi, Bakı şounun keçirilməsi üçün üç yer
təqdim etmişdi. Onlardan biri "Bakı Kristal Zalı" idi. Habelə, qeyd
etməyə dəyər ki, "Bakı Kristal Zalı" 2020-ci il Olimpiya
Oyunlarının keçirilməsi üzrə ölkəmizin verdiyi ərizə çərçivəsində
idman arenalarının siyahısına daxil edilib. "Bakı Kristal Zalı"
Dövlət Bayrağı Meydanının lap yaxınlığında yerləşir və oradan
şəhərin möhtəşəm mənzərəsi açılır. Bu kompleks Cənubi Qafqazda ən
böyük idman-konsert arenası olacaq. Onun arxitekturası Şərqlə Qərb
arasında körpüdür. Bu binanın divarlarına çoxsaylı kristallar
bərkidiləcək və onlarda işığın rəqsi tamamilə təəccüblü vizual
effektlər yaradacaq. Əminəm ki, həm yerli, həm də xarici
mütəxəssislərin səyləri sayəsində bu möhtəşəm arenanın tikintisi
vaxtında başa çatdırılacaq. Kompleksin yanında bu müsabiqəni
işıqlandırmaq istəyən jurnalistlər üçün mətbuat mərkəzi yerləşəcək.
Şəhərin müxtəlif yerlərində böyük teleekranlar quraşdırılacaq və bu
teleekranlar vasitəsilə müsabiqəni izləmək mümkün olacaq.
"Eurovision" ilə eyni vaxtda digər mədəni tədbirlər də keçiriləcək.
Bu gün həmin tədbirlərin siyahısı dəqiqləşdirilir. Müsabiqə
başlayanadək Dövlət Bayrağı Meydanına qədər uzanacaq "Yeni
bulvar"ın tikintisi başa çatdırılacaq.
- Söhbət "Yeni bulvar"ın tikintisindən düşmüşkən, son həftələr
KİV-də, o cümlədən Avropa ölkələrində iddia edildiyinə görə
"Eurovision"a hazırlıqla bağlı evlərin sökülməsi nəticəsində
yaranan problemə, yəni bu evlərin sakinlərinin narazılığına böyük
diqqət ayrılması barədə soruşmaya bilmərəm...
- Bəli, mən KİV-in bu materialları ilə tanışam. Çox təəssüf ki,
qarşıdakı müsabiqəyə həsr edilmiş məqalələrin müəlliflərinin heç də
hamısı ümumiyyətlə yazmağa başladıqları məsələ haqqında kifayət
qədər səriştəli deyil. Hər şeydən əvvəl bir daha qeyd etmək
istəyirəm: evlərin sökülməsinin "Eurovision"a hazırlıqla heç bir
əlaqəsi yoxdur. Bu gün doğma Bakımızın mənzərəsi dəyişir, paytaxtda
yeni parklar salınır, yollar çəkilir, yaşayış və ofis kompleksləri
ucaldılır. Bu yenidənqurma işləri duetimiz "Eurovision"da qələbə
qazanmazdan əvvəl başlayıb və müsabiqə başa çatdıqdan sonra da
davam edəcək. Buna görə də bu məsələnin "Eurovision" ilə heç bir
əlaqəsi yoxdur. Lakin belə miqyaslı işlərin həyata keçirilməsi
zamanı, mütəxəssislərin dediyi kimi, çox vaxt torpaqların
özgəninkiləşdirilməsi və mənzillərin, xüsusilə çox köhnə,
komfortsuz, azmərtəbəli, müasir tələblərə cavab verməyən
mənzillərin sökülməsinə zərurət yaranır... Belə hallar baş verib,
baş verir və sizi inandırım ki, praktiki olaraq yeni yolların
çəkildiyi, evlərin tikildiyi və ya yeni metro xətlərinin çəkildiyi
hər yerdə baş verəcək. Əmin edirəm ki, Azərbaycanda hər şey qanuna
uyğun edilir. Evləri sökülən sakinlərə kompensasiya ödənilir,
onlara yeni mənzillər təklif edilir. Çoxlu sayda ailələrin
köçürülməsi zamanı narazı qalanlar da mütləq olacaq. Bu, həm
obyektiv, həm də subyektiv amillərlə bağlıdır. Harada isə onlarla
şəxslərdən bazarla müəyyən edilmiş kompensasiyanın həcmindən razı
qalmayan bir nəfər olacaq, halbuki kompensasiya onlara bərabər
həcmdə ödənilir. Köçürülmə zamanı kömək göstərilməsində və ya
müvafiq şəraitin yaradılmasında kifayət qədər nəzakətli olmayan
aşağı rütbəli məmurların lüzumsuz hərəkətlərə cəhdi ola bilər. Belə
hallar təbii ki, tutduğu vəzifədən asılı olmayaraq, qarşısında
hamının eyni olduğu qanuna uyğun nəzərdən keçirilməlidir.
Fikrimcə, burada "orta yanaşma" qəbuledilməzdir. Üstəlik, böyük
səs-küy xətrinə bu problemi evlərin sökülməsi ilə əlaqəsi olmayan
"Eurovision"la bağlamaq xoş hal deyil. Hətta Avropa Yayımları
Birliyi olduqca hörmətli və nüfuzlu xarici KİV-i rəsmən xəbərdar
etmişdi ki, "Eurovision" müsabiqəsi haqqında qeyri-obyektiv və
qərəzli materiallar yaymaq lazım deyil. Üstəlik, bu proseslərə
siyasi məna vermək cəhdi heyrətləndirir və məyus edir. Kimlər üçün
Avropa estrada mahnı müsabiqəsi böyük və gözəl bayramdır, digərləri
üçün isə siyasi təxribat yaratmaq bəhanəsidir. Buna hazır olmaq
lazımdır. Lakin mən əminəm: bizim və daha 40-dan artıq iştirakçı
ölkənin bayramını korlamaq alınmayacaq. Xüsusən xoşdur ki, vətəndaş
cəmiyyətində bütün vətəndaşları ölkədə müsabiqənin keçirilməsini
dəstəkləməyə çağıran gənclərin təşəbbüsü başlayıb və bu çağırış
çoxsaylı tanınmış insanlar arasında dəstəyini tapıb. Bu mövqe
vətəndaşlarımızın Azərbaycanda müsabiqənin keçirilməsinə əsl
münasibətini daha yaxşı nümayiş etdirir.
- Siz qeyd etdiniz ki, Bakıda keçiriləcək "Eurovision 2012"-də
40-dan artıq ölkə iştirak edəcək. Bəziləri ifaçının adını və
müsabiqədəki mahnını müəyyənləşdirib, digərləri hələ də finaladək
son günləri istifadə edir. Bir neçə gün əvvəl mətbuatda məlumat
yayıldı ki, Ermənistan "Eurovision"da iştirakdan imtina edib, çünki
bu müsabiqə Azərbaycan paytaxtında keçirilir.
- Məndə və fikrimcə, çoxlarında erməni tərəfinin belə qərarı
anlaşılmazlıq yaradır. Avropa Yayımları Birliyi və Azərbaycan
hakimiyyəti dəfələrlə təsdiq ediblər ki, Ermənistan daxil olmaqla,
bütün ölkələrin müsabiqə təmsilçilərinin və qonaqların
təhlükəsizliyinə zəmanət verilir. Ermənistanın rəsmi nümayəndə
heyətləri beynəlxalq görüşlərdə, konfranslarda, forumlarda və idman
yarışlarında iştirak etmək üçün bir neçə dəfə Azərbaycana gəliblər
və Azərbaycan hakimiyyəti bu ölkənin nümayəndə heyəti üzvlərinin
təhlükəsizliyini həmişə təmin edib. Və mən şübhə etmirəm ki,
"Eurovision" müsabiqəsində ermənistanlı qonaqlar və iştirakçıların
təhlükəsizliyi həmişə olduğu kimi tam təmin ediləcək idi. Lakin
Yeravanda əvvəlcə vəd verdilər ki, müsabiqədə iştirak edəcəklər,
təhlükəsizlik zəmanəti tələb etdilər, bu zəmanəti aldılar, lakin
sonradan bəyan etdilər ki, "Eurovision"da iştirak etməyəcəklər.
Hesab edirəm ki, bu, həm müsabiqə iştirakçılarına, həm də
Ermənistanın müsabiqədə təhlükəsiz iştirakı üçün çox səy göstərən
Avropa Yayımları Birliyinə hörmətsizlikdir. Şübhəsiz ki, Avropa
Yayımları Birliyinin üzvü olan hər bir ölkənin müsabiqədə
iştirakdan imtina etməsinə görə öz səbəbləri ola bilər. Lakin
təəccüb və təəssüf doğuran odur ki, Yerevanda "Eurovision"da
iştirakdan imtinanı Azərbaycanın ünvanına heç bir əsası olmayan
çoxsaylı ittihamlarla müşayiət etməyə cəhd göstərirlər. Deyirlər
ki, həyatda qələbəyə can atmaq lazımdır, lakin bəzən məğlub olmağı
bacarmaq da lazımdır. Bəzən öz uğursuzluğunu yaşamaq özgə
qələbələrə tabe olmaqdan daha asandır. Təəssüf ki, Azərbaycanda da
"ölkə üçün nə qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır"
prinsipi üzrə uzun müddət yaşayan və fəaliyyət göstərən
kateqoriyalı insanlar var. Onların ictimai və siyasi
fəaliyyətlərinin məqsədi Azərbaycanda baş verən bütün müsbət
hadisələrə qara yaxmaq cəhdidir. Və bizim növbəti qələbəmizi -
"Eurovision"dakı qələbəmizi bu insanlar şəxsi faciə kimi qəbul
etdilər. Xoşbəxtlikdən belə insanlar cəmiyyətimizin mütləq azlığını
təşkil edir və onların Bakıda "Eurovision" müsabiqəsinin
keçirilməsinə mane olmaq cəhdləri uğursuzluğa məhkumdur.
- Və sonuncu sual. Siz Bakıda keçiriləcək "Eurovision 2012"
müsabiqəsinin iştirakçılarına və qonaqlara nə arzu edərdiniz?
- Bütün iştirakçılara uğur, tamaşaçı sevgisi, alqışlar və əlbəttə,
səs toplamalarını arzulayıram. Mən məmnuniyyətlə həm iştirakçıları,
həm də qonaqları paytaxtımıza, gözəl və günəşli Bakımıza dəvət
edirəm. Əminəm ki, bayramla bu görüş may ayı günlərində
"Eurovision"a gələcək bütün insanlarda Azərbaycanda olduqları
barədə xoş təəssüratlar yaradacaq. Mən onların hamısına ürəkdən
deyirəm: Xoş gəlmişsiniz!
Publika.Az
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia