Çingiz Qənizadə: “Bu, dövlətə təzyiq göstərmək üçün əsas vermir“
Bizi izləyin

Nida.az

Çingiz Qənizadə: “Bu, dövlətə təzyiq göstərmək üçün əsas vermir“

Deputatın mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, eyni zamanda İmişli rayonunda son günlər ayrı-ayrı vətəndaşların adından mətbuata ötürülən bəzi qərəzli informasiyaların aydınlaşdırılması üçün rəsmi və qeyri-rəsmi şəxslərlə də görüşlər keçirib.


Çingiz Qənizadə yuxarıda qeyd edilən məsələ ilə bağlı öz fikirlərini bildirdi:

"Həqiqətən də İmişli rayonu 2010-cu ildə baş vermiş təbii fəlakətdən zərər çəkmiş rayonlardan biridir. AR Nazirlər Kabinetinin 09.07.2010 tarixli 197 saylı qərarında Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakət, habelə Araz çayının yeni qolunun açılması nəticəsində vətəndaşlara dəyən zərərin aradan qaldırılması ilə bağlı bu günə qədər 809 yeni evlər tikilərək vətəndaşların istifadəsinə verilib. Onlardan 702-i uçmuş və ya qəzalı evlərin əvəzinə, 104-ü yeni salınmış qəsəbədə, 3-ü isə Araz çayının yeni qolunun məcarasında yerləşən evlərin köçürülməsi ilə əlaqədar tikilmişdir. Hazırda 100-ə yaxın evin tikintisi davam etdirilir/".

O qeyd edib ki, 20 evin bərpa-gücləndirmə işləri başa çatıb, 202 evin isə bərpa-gücləndirmə işləri nəzərdə tutulub:

"Bundan başqa əkin və ya həyətyanı sahələrə, daşınan əmlaka dəymiş zərərə görə 1929 ailə maddi yardım almışdır. Həmçinin 2010-cu ilin may ayından bu günədək evinə və ya əmlakına, əkin və ya həyətyanı sahəsinə dəymiş zərərə görə vətəndaşlara maddi yardımdan əlavə 1milyon 425 min manatlıq əlavə kompensasiya verilib".

Qeyd edim ki, evlərin tikintisi və kompensasiyaların verilməsi yerli icra orqanları vasitəsi ilə deyil, birbaşa Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən həyata keçirilir.

Son günlər mətbuatda 4-5 nəfərin yeni ev tikilməsi tələbi llə guya aclıq aksiyaları keçirməkləri ilə bağlı bəzi maraqlı şəxslər tərəfindən mətbuata ötürülmüş informasiyalar qərəzlidir. Bir neçə faktı qeyd etmək istəyirəm. Məsələn, etiraz edənlərdən Cəfərov Yadigar - Çaxırlı kənd, Nəsirov Zaman - Gövhərli kənd, Hümmətov Əjdər - Murğuzallı kənd, Babaşov Məhyəddin - Rəsullu kənd, Şahbazov Elman - İmişli şəhər, Həmidov Qulam - Məzrəli kənd sakinləridirlər. Qeyd edim ki, bu kəndlərin heç biri Kür Və Araz çaylarının sahillərində yerləşmir və məlum sərəncamın təsiri altına düşmür. Mən onların bəzilərinin evlərinin fotoşəkillərinə də baxdım. Təxminən 40-50 il bundan əvvəl çiy kərpicdən tikilmiş bu evlər yağış və qrunt sularından müəyyən zədələrə məruz qalmışlar. Mən onların istəklərinə, yeni evə sahib olmaq arzularına hörmətlə yanaşıram. Lakin bu heç kimə əsas vermir ki, dövlətə təzyiq göstərməklə yeni evə sahib olmaq arzusuna düşsünlər.

Və yaxud da başqa bir misal çəkim. Haqsız şikayətçilərdən biri, Ağammədli kənd sakini ağsaqqal Əsəd Xəlilov Ağammədli kənd icra nümayəndəsi tərəfindəın şərəf və ləyaqətin qorunması ilə bağlı məhkəməyə verilmişdir. Bu məsələ ilə bağlı yerli və icra hakimiyyətlərinin əleyhinə mətbuata nə qədər qərəzli informasiyalar getdi. Nəhayət səhv etmirəmsə belə bir başlıqda məlumat verildi ki, "Vətəndaş icra hakimiyyətini məhkəmədə uddu".

Əslində nə baş vermişdi? Həmin Əsəd Xəlilov məhkəmədə bir daha kənd icra nümayəndəsi haqqında böhtan və qərəzli məlumatlar yaymayacağını bildirməklə yazılı barışıq sazişi imzalayır. Digər tərəfi isə iddiadan imtina edir".

Onun sözlərinə görə, əslində vətəndaş səhv hərəkət etdiyini və uduzduğunu bilərək saziş imzalamağı təklif etdiyi halda maraqlı şəxslər bu informasiyanı mətbuata olduğu kimi ötürmədilər:

"Mən çox təəssüf edirəm ki, həmin məhkəmədə QHT-çi, "Kür" vətəndaş cəmiyyətinin sədri Oqtay Güləliyevin və ATƏT-in regional nümayəndələrinin iştirak etməsinə baxmayaraq, O.Güləliyev mətbuata həqiqəti demək əvəzinə susmağa üstünlük verib. Rayonda mənə bildirildi ki, əslən İmişlidən olan Oqtay Güləliyev əslində Kür və Araz çayının daşması ilə əlaqədar olmayan, lakin yağış və qrunt sularından evləri zədələnmiş insanları şirnikləndirməklə onlara yeni ev tikdirmək vədi ilə vətəndaşları aldadır və bu cür haqsız narazılıqların yaranmasına şərait yaradır.

Ayrı-ayrı şəxslərin dilindən dünən və bu gün mətbuata ötürülmüş, İmişlidə torpaqların satılması və obyektlərin sökülməsinə gəlincə isə mən həmin söküntü yerlərində oldum. Şəhərin mərkəzində, İcra Hakimiyyətinin qarşısında 20-25 günə açılışı nəzərdə tutulan Heydər Əliyev adına istirahət parkının ətrafındakı primitiv, səliqəsiz və kortəbii şəkildə tikilmiş bir neçə çayxana sökülmüşdür. Söküntünü isə İcra Hakimiyyətinin təklifi ilə sahibkarlar özləri sökmüş, eyni zamanda tikinti materiallarını da aparıblar.

Mətbuata belə bir məlumat da ötürülüb ki, guya rayonda iki-iki, üç-üç gəzmək qadağandır. Amma dünən (18 mart) İmişli rayon Mədəniyyət evində saat 14-00-da Rafael və Coşqunun konsertində minə yaxın rayon sakini iştirak edib".

Deputat vurğulayıb ki, şəxsi maraqlarını güdən, kimlikləri rayonda hamıya məlum olan bir neçə şəxs bilərəkdən mətbuata yalan və qərəzli məlumat ötürməklə məşğuldurlar:

" Rayonda olarkən polis əməkdaşının hərəkətindən şikayət edən bir vətəndaşın hüquqlarının bərpasına kömək etmiş, İmişli dəmiryolu vağzalındakı piyadaların keçməsi üçün nəzərdə tutulmuş pilləkənin qəzalı vəziyyətdə olmasını Azərbaycan Dəmiryolu İdarəsinin rəisi cənab Arif Əsgərovun diqqətinə çatdırmışam.

Qeyd etmək istəyirəm ki, bir çox rayonlarda olduğu kimi İmişlinin kəndlərində də qaz, su, yol və qrunt suları problemi mövcuddur. 2009-2013-cü illərdə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq inanıram ki, 2013-cü ilin sonunadək bu problemlər minimum həddə düşəcəkdir.

Tək-tək vətəndaşların yalanşı vədlər verən hoqqabazların təsiri altına düşmələrinə baxmayaraq, milli dəyərlərə, adət-ənənələrə, dövlət və dövlətçiliyə sadiq olan zəhmətküş imişlilər problemsiz yaşamağa layiqdirlər."


Rüfət Əhmədzadə
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm