Münaqişənin üç həll variantı
Bizi izləyin

Nida.az

Münaqişənin üç həll variantı

1999-cu ildən bəri 45 dəfə münaqişənin həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edən 20 yaşlı ATƏT-in Minsk qrupunun nəticə baxımından öyünməyə haqqı yoxdur. Danışıqlar prosesində ayrı-ayrı hallarda müsbət dinamika müşayiət olunsa da, nəticə sıfra bərabər olmuşdur. Münaqişənin tənzimlənməsində maraqlı olduğunun görüntüsünü yaratmaq və növbəti dəfə beynəlxalq ictimai fikri aldatmaq məqsədilə Ermənistan prezidenti S.Sarkisyan Azərbaycan Prezidenti İlham Əliyevlə 2008-ci ilin iyun ayında Sankt-Peterburqda, noyabr ayında Moskvada, 2009-cu ilin yanvar ayında Sürixdə, may ayında Praqada, iyun ayında Sankt-Peterburqda, iyul ayında Moskvada, oktyabr ayında Kişinyovda, noyabr ayında Münhendə, 2010-cu ilin yanvar ayında Soçidə, iyun ayında Sankt-Peterburqda, oktyabr ayında Həştərxanda və 2011-ci ilin mart ayında yenidən Soçidə, iyun ayında Kazanda, 2012-ci ilin yanvar ayında isə bir daha Soçidə görüşsə də, tutduğu ənənəvi qeyri-konstruktiv mövqe ucbatından problemin həllində real nəticə hasil olmamışdır.


Ermənistan hər vəchlə mövcud status-kvo vəziyyətini qoruyub saxlamaqda maraqlıdır. Azərbaycan üçün isə bu variant qəbuledilməzdir.

Münaqişənin mövcud vəziyyətinin yuxarıda sadalanan reallıqları fonunda onun perspektiv həlli imkanları haqqında hansı mülahizə, variant və ya proqnozlar irəli sürmək mümkündür?

Zənnimizcə, münaqişənin həllinin 3 variantı vardır. Birinci 2 variant dinc, sonuncu variant isə hərbi həll imkanlarını özündə ehtiva edir.

I variant- Ermənistanda S.Sarkisyan rejimi öz işğalçılıq siyasəti nəticəsində üzləşdiyi total və permanent böhran vəziyyətindən çıxmaq üçün siyasi iradə nümayiş etdirərək Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konkret konstruktiv addımlar ata bilər. Nəticədə danışıqlar prosesində keyfiyyətcə yeni mərhələnin əsası qoyular və qarşılıqlı kompromislər əsasında münaqişənin həlli prosesi həyata keçirilər. Başqa sözlə, Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək idarəetmə statusu verilə bilər.

S.Sarkisyan hökuməti konfliktin həlli naminə siyasi iradə nümayiş etdirmək iqtidarında deyildir, çünki bu rejimin müvafiq addımları atmaq üçün ciddi sosial bazası yoxdur. Xalqı səfalət, işsizlik və aclıq həddində yaşayan dövlətin iqtidarının bu vəziyyətdə totalitar-terrorçu idarə metodlarına üstünlük verməsi siyasəti anlaşılandır. Bu siyasətin mühüm həlqələrindən birini də ölkədaxili ictimai fikri öz üzücü gündəlik problemlərindən yayındırmaq və onu kənar istiqamətlərə yönəltmək təşkil edir. Belə hallarda cəbhə bölgəsində atəşkəs rejimini kobud şəkildə pozmaqla Azərbaycan tərəfini daha ciddi adekvat addımlar atmağa təhrik etmək və nəticədə ölkədaxili deyil, ölkəxarici problemlərin prioritetliyini qabartmaq hakimiyyətin mövcudluğunu qoruyub saxlamağın Ermənistanda dəfələrlə sınaqdan çıxarılmış üsuludur.

II variant- Ermənistan dövləti beynəlxalq birlik, xüsusilə də ATƏT-in Minsk qrupu tərəfindən sülhə məcbur edilə bilər. Regionda sülh və sabitlik naminə, xüsusilə də daşıyıcısı olduqları milli maraqlardan çıxış edərək həmsədrlər-ABŞ, Rusiya və Fransa S.Sarkisyan rejiminə müəllifi olduqları yeniləşmiş Madrid prinsiplərini qəbul etdirə bilərlər. Xüsusilə bu istiqamətdə Rusiyanın imkan və potensialı daha böyükdür. Hələ ki, bu baş vermir. Bu, heç də o demək deyildir ki, həmin güclər Ermənistanın müqavimət potensialını qıra bilmirlər. Əsla yox. Sadəcə bu və ya digər səbəblərdən bunu etmirlər. Başqa sözlə, bunu etməli olan dövlətlər üçün hələ ki, Dağlıq Qarabağ probleminin həlli beynəlxalq gündəliyin prioritet məsələsinə çevrilməyibdir.

III variant -birinci və ikinci variantlar heç bir halda nəticə verməyəcəyi təqdirdə müharibə variantı qaçılmaz ola bilər. BMT TŞ-nın münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməsi (822, 853, 874, 884-1993-cü ildə qəbul olunmuşdur), təşkilatın nizamnaməsinin özünümüdafiə hüququ ilə bağlı 51-ci maddəsi, qurumun qəbul etdiyi qərarlarının yerinə yetirilməsinin icbari xarakter daşıması haqqında 25-ci maddəsi, habelə AŞPA, İKT və Avropa Parlamentinin Ermənistanı işğalçı dövlət elan etməsi kimi məlum hüquqi arqumentlər Azərbaycana öz ərazi bütövlüyünü təmin etməsi məqsədilə istənilən təsir mexanizmlərini, o cümlədən hərbi tənzimləmə variantını işə salmaq səlahiyyəti verir.

Zənnimizcə, Azərbaycanın Ermənistandan bir neçə dəfə deyil, bir neçə on dəfələrlə ölçülən hərbi üstünlüyü fonunda torpaqlarımızın təkcə güc yolu ilə deyil, eləcə də I və II variantda qeyd etdiyimiz dinc tənzimləmə üsulu ilə azad olunması imkanı son dərəcədə arta bilər. Başqa sözlə, Azərbaycanın ifrat iqtisadi-hərbi potensialı qarşısında ya S.Sarkisyan rejimi vahimələnib münaqişənin həlli naminə siyasi iradə nümayiş etdirər, ya da regionda müharibənin yenidən alovlanmasını heç bir halda istəməyən, lakin bunun son dərəcə labüd olduğunun fərqinə varan beynəlxalq güclər Ermənistanı anoloji addım atmağa məcbur edər.


Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm