• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

AKP-çi deputatdan “Zaman-Azərbaycan”a qarşı ittiham – MÜSAHİBƏ

  • Nida.az
  • 19 Dekabr 2014 12:24
  • 423 Baxış
AKP-çi deputatdan “Zaman-Azərbaycan”a qarşı ittiham – MÜSAHİBƏ

Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından (AKP) seçilmiş deputatı Mustafa Kabaqçının Publika.az-a müsahibəsi:

– Gələn il ermənilər qondarma soyqırımın 100 illiyini keçirməyə hazırlaşır. Yəqin ki, buna qarşı kompleks şəkildə Azərbaycan və Türkiyə ictimaiyyətinin də adekvat addımları olacaq...

– Çox təəssüf ki, ermənilər hər zaman olduğu kimi, indi də yaşadıqları coğrafi məkanda türkləri özlərinə ciddi rəqib olaraq görürlər. Ermənilər üçün bütün türklər düşməndir. İstər Cənubi Azərbaycan, istər Şimali Azərbaycan, istərsə də Türkiyə olsun, bunun heç bir önəmi yoxdur. Bizim üçün düşündürücü məqam əsas odur ki, ermənilər tarixən biz türkləri özlərinə rəqib və düşmən görüblər. Bu, indi də davam edir. Ermənilər dünyada türk millətinin əleyhinə olan qaralama kampaniyası həyata keçirirlər. Ermənilər 1200-cü illərdən bəri, yəni Osmanlı İmperiyası dövründən 1915-ci ilədək türklərə qarşı düşmənçilik aparıblar. O dövrdə Osmanlıda ermənilərə qarşı hər hansı düşmənçilik olmayıb. Əksinə, Osmanlıda ermənilər ən yüksək vəzifələrə çəkilib. Daha sonra Osmanlı İmperiyası zəiflədiyi dövrlərdə ermənilər baş qaldırmağa çalışıb. Bununla da ermənilərin torpaq iddiaları açıq şəkildə özünü göstərib. Beləliklə də, ermənilər başqa millətlərin doğma torpaqlarına göz dikməyə və o yerləri işğal etməyə çalışıblar. Bütün bunlara görə də Osmanlı İmperiyası həmin erməniləri bir yerdən başqa əraziyə köçürməyə məcbur olub. O dövrün şərtləri üçün də bu çox doğru olan addım idi. Çünki əks halda ermənilər separatçılıq və işğalçılıq cəhdləri həyata keçirirdi. Ancaq tarixdə heç bir zaman türklər tərəfindən ermənilərə və yaxud da hər hansı bir millətə qarşı soyqırımı törədilməyib. Əgər türklər soyqırımı törətmiş olsaydı, o zaman Osmanlı İmperiyasının nəzarət etdiyi ərazilərdə bir nəfər belə xristian və yaxud erməni qalmazdı. Osmanlı İmperiyası hər bir kəsin millətinə, dini və irqinə hörmət edib, onların sərbəst fəaliyyətinə icazə verib. Çox təəssüf ki, bütün bunların qarşısında ermənilər türk millətinə xəyanət edib. Buna görə də Osmanlı rəhbərliyi erməniləri digər ərazilərə köçürüb. Ermənilər də bunu indi dünyaya “erməni soyqırımı” kimi təqdim etməyə çalışır. Təsəvvür edin ki, ermənilər 100 il öncə baş vermiş hadisələri bu gün dünyaya elə çatdırmaq istəyirlər ki, guya əllərində hər hansı bir fakt, dəlil və yaxud sənəd var. Ancaq bu gün ermənilərin dünyanın gözü qarşısında etdiyi hərəkətlərə baxın. Özlərinə aid olmayan torpaqları 20 ildən çoxdur ki, işğal altında saxlayırlar. Ermənilər Azərbaycan torpaqlarının 20 faizini işğal ediblər və bu işğal nəticəsində 1 milyondan çox qaçqın öz doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalıb. Ermənilər azərbaycanlıların öz babalarının məzarlarını ziyarət etməyə belə imkan vermirlər. İndi Birləşmiş Millətlər Təşkilatı da bu ərazilərin Azərbaycana aid olduğunu öz qətnamələrində tələb edir, Ermənistanı isə işğalçı dövlət kimi dünyaya nümayiş etdirir. Bu gün dünya birliyi yaxın tarixdə gözləri önündə baş vermiş işğalı və soyqırımı görmür, ancaq 100 il əvvəl baş verdiyi iddia edilən bir məsələ barədə Türkiyə ictimaiyyətinə təzyiq göstərir. Bu, doğru, adil və ədalətli davranış deyil. İndi bizim görəcəyimiz əsas iş odur ki, dünyanın istənilən yerində yaşayan nə qədər türk varsa, onların birliyini təşkil etməliyik. Azərbaycan və Türkiyə bir yerdə bu haqsızlığı bütün dünyaya çatdırmalıdır.

Mən buradan da tələb edirəm ki, işğal altında olan Azərbaycan torpaqları dərhal azad olunsun, Xocalı soyqırımını törətmiş şəxslər məhkəmə qarşısında cəzalandırılsın. Bu cinayət hadisələridir və dünyanın gözü qarşısında törədilib. Bu gün bununla bağlı əlimizdə kifayət qədər video və foto faktlar var, dünyanın aparıcı media qurumları bununla bağlı materiallar hazırlayıb.

Hesab edirəm ki, bütün bunlarla bağlı Azərbaycan və Türkiyə bir yerdə addım atmalıdır və fəaliyyəti daha da gücləndirməlidir.

– Xocalı soyqırımının törədilməsində indiki Ermənistan prezidenti Serj Sarkisyan bilavasitə iştirak edib. Hətta özü də bunu dəfələrlə etiraf edib. Sarkisyanın beynəlxalq məhkəməyə verilməsi işində Türkiyə və Azərbaycan hansı addımları ata bilər?

– Türkiyə hər zaman bu haqsızlığın aradan qaldırılmasına çalışır. Hazırda da Türkiyə Azərbaycanda, o cümlədən Xocalıda törədilən qətliamları dünyanın hər yerinə yaymaqda və dünya birliyindən bunun layiqli cavablandırılması tələblərini davam etdirir. Bundan əlavə, Türkiyə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini dünya birliyinə çatdırır. Türkiyə Ermənistanla sərhədlərini də Azərbaycana görə bağlayıb. Hətta Türkiyə buna görə beynəlxalq təzyiqlərə də məruz qalır. Ancaq biz bu işğal sona çatmayana kimi öz qərarımızda qalacağıq.

– Son vaxtlar Türkiyə ilə Rusiya arasında “isti münasibətlər” yaranmağa başlayıb. Bu münasibətlərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə təsiri ola bilərmi?

– İndiki halda Rusiyanı bu bölgədən təcrid etmək mümkün deyil. Türkiyə də bu bölgədə sülh və sabitlik istəyir. Ona görə də bölgədəki bütün dövlətlər ortaq iqtisadi və siyasi əməkdaşlıq etmək məcburiyyətindədir. Son vaxtlarda isə Rusiya Qərbdən və Avropa Birliyi tərəfindən iqtisadi sanksiyalara məruz qalır. Bütün bunlar isə Türkiyə ilə Rusiya arasında münasibətləri daha da yaxınlaşdırır. Təbii ki, güclənən bu əməkdaşlıq Azərbaycan və Ermənistan arasındakı problemin həllinə də ciddi təsir edə bilər. Yəni, Türkiyə-Rusiya münasibətlərinin gücləndirilməsi təkcə Azərbaycan üçün deyil, həm də Qazaxıstan və digər türkdilli dövlətlər üçün də faydalı olacaq.

– Bu yaxınlarda Türkiyədə “Samanyolu” telekanalı və “Zaman” qəzeti əməkdaşlarının saxlanılması mətbuatda birmənalı qarşılanmadı. Hətta həmin media təmsilçilərinin Ərdoğanın göstərişi ilə tutulması barədə məlumatlar yayılıb. Bu cür məlumatlar nə qədər doğrudur?

– Bütün bunların hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə heç bir əlaqəsi yoxdur. Bu, tamamilə hüquqi müstəvidə atılmış qərardır. Türkiyədə demokratiya və qanun aliliyi üstünlük təşkil etdiyi üçün, burada hüquq nəyi tələb edirsə, o da həyata keçiriləcək. Ona görə də bu məsələ siyasi don geyindirmək doğru deyil.

Çox təəssüf ki, bu hadisələrlə bağlı Azərbaycanda da “Zaman-Azərbaycan” qəzeti Ərdoğana qarşı yalan və böhtan məlumatlar yayır. Bütün bunları biz də izləyirik. Ancaq bu cür hallar doğru deyil. Türkiyə və Azərbaycan arasında münasibətləri korlamaq üçün mediadan istifadə etmək əxlaqi davranış sayılmır.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR