• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Gənclər Fondu 3 yaşını qeyd edir - Uğurlu gələcəyə doğru...

  • Nida.az
  • 19 Dekabr 2014 12:29
  • 445 Baxış
Gənclər Fondu 3 yaşını qeyd edir - Uğurlu gələcəyə doğru...

Ulu öndər Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu məqsədlə hələ 1994-cü ilin iyul ayının 26-da Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixində müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev şəxsən iştirak edib.

1 fevral 1997-ci ildə forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev "2 fevral - Azərbaycan Gəncləri gününün elan edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. 2 fevral 1998-ci ildə Heydər Əliyev Azərbaycan Gəncləri gününün ilk ildönümü münasibətilə keçirilən bədii-idman bayramında çıxış edib və gənclərə müraciətlə edib: "Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik."

2 mart 1999-cu il tarixində Azərbaycan gənclərinin ikinci forumundakı çıxışında Prezident Heydər Əliyev respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının diqqətini gənclərin problemlərinin həllinə yönəltməklə bağlı tövsiyələr verib.

1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan "Dövlət Gənclər Siyasəti haqqında" Fərman bu sahəyə Prezident səviyyəsində böyük önəm verildiyinin təzahürü kimi qiymətləndirilə bilər. "Dövlət gənclər siyasəti haqqında" Fərman çox geniş spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edir. Dövlət gənclər siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün hazırlanıb, müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumlarının icrasına yönəldilib. Fərmana müvafiq olaraq ''Gənclər siyasəti haqqında'' Azərbaycan Respublikasının Qanunu qəbul edilib və 9 aprel 2002-ci il tarixində Heydər Əliyev tərəfindən imzalanıb. Gənclər siyasətinin həyata keçirilməsi əsas cavabdeh dövlət qurumu kimi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə tapşırılıb.

Prezident İlham Əliyevin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində mühüm və çox əhəmiyyətli sənəddir.

Həmin Dövlət Proqramının icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş verib və böyük uğurlar əldə edilib. Ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılaraq bu sahədə böyük irəliləyişlərə nail olunub. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilərək, onların layihə və proqramlarına mütəmadi dəstək verilib. Beləliklə, beynəlxalq əməkdaşlıq sahəsində gənclər təşəbbüskarlıq və davamlı fəaliyyət nümayiş etdiriblər.

“Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılması, bu sahədə maddi-texniki bazanın gücləndirilməsi məqsədilə ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli 542 nömrəli Fərmanında dəyişikliklər edilib. Bununla da Azərbaycan Prezidenti Yanında Gənclər Fondu yaradılıb və bu gün Fond qarşısına qoyduğu ali məqsədlərə doğru inamla addımlayır.

Bu tarixi nailiyyətlər fonunda, Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Fondun müşahidə şurasının tərkibi formalaşıb və Fond bu günün özündə də gənclərlə bağlı ən uğurlu layihələrə imza atır. Bu uğurlar isə Azərbaycan dövlətinin və xalqının gələcəyi, milli, tarixi özünüdərkinə hesablanmış strateji xəttdir. Həmişə yeniliklərlə gündəmə gələn layihələrə diqqət etsək, görərik ki, Fond ölkədə ilk dəfə elektron müraciət sistemi yaratmaqla gənclərlə əməkdaşlığını asanlaşdırmış, Azərbaycan gəncliyinin dövlətinə, xalqına, özünə inamının gerçəkliklərini üz çıxrmışdır.

Bildiyimiz kimi, bu gün ölkəmizdə gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb. Bu da danılmaz həqiqətdir ki, ölkə başçısının təşəbbüsü və sərəncamı ilə yaradılmış Gənclər Fondu Azərbaycanın gələcəyi, həmçinin bu gələcəyin qarantı olan gənclər üçün açılmış tarixi bir səhifədir.

Bu illər ərzində Fondun gördüyü işlərə nəzər salanda, doğrudan da, uğurlu və dinamik bir inkişaf gerçəkliyinin şahidi oluruq. Belə ki, bu günə qədər 6 qrant müsabiqəsi üzrə fonda gənclərdən və gənclər təşkilatları tərəfindən təqdim olunan layihələrin 1865-i maliyyələşdirilib və uğurlu nəticələr əldə olunub. Göründüyü kimi, gənclərin müraciəti ildən ilə artır. Bu da Gənclər Fondunun işindəki şəffaflıqla bağlıdır.

Әn əsas faktorlardan biri də budur ki, Fond ölkədə ilk dəfə olaraq gənclərin layihələrini internet vasitəsilə qəbul edib.

Gənclər Fondu, həmçinin Azərbaycanın bütün şəhər və rayonlarında təqdimatlar keçirib. Bu təqdimatlar zamanı gənclərlə müvafiq işlər aparılıb, onların fonda müraciət etmə qaydaları barədə maarifləndirilməsi təşkil olunub. Bununla yanaşı, Fond üç il ərzində gənclərin ideyalarını, təkliflərini gerçəkləşdirə bilməsi üçün bütün şəraiti yaradıb. Bu müddət ərzində Gənclər Fondunun saytı (www.youthfoundation.az) Azərbaycan və ingilis dillərində hazırlanıb. Layihə təklifləri arasında daha çox yerli layihələrə maraq göstərilib. Ümumilikdə isə gəncləri daha çox fondun ümumi fəaliyyəti, layihələrin istiqamətləri və maliyyələşdirilməsi maraqlandırır. Eyni zamanda, fonda və onun əməkdaşlarına sayt və e-mail vasitəsilə müxtəlif suallar verilir. Əsas suallar isə elektron ərizə formalarının doldurulması qaydaları və layihə istiqamətləri barədə olur.

Fondun unikal xüsusiyyətlərindən biri də gənclərin fərdi olaraq layihəyə müraciətlərin dəstəklənməsidir. Yüzlərlə gənc ideya və təkliflərini reallaşdırmaq üçün Fondun dəstəyini qazanıb. Hal-hazırda fonddan maliyyə dəstəyi almış layihələrin bir qismi başa çatıb, digər bir hissəsi isə növbəti il davam edəcək. Maliyyə dəstəyi göstərilən layihələrlə yanaşı fond tərəfindən də bir sıra tədbirlər reallaşdırılıb.

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevin sözlərinə görə, Fonda daxil olan müraciətlər onu deməyə əsas verir ki, təşkilat gənclərin etimadını qazanıb, gənclər Fondundan dəstək ala biləcəklərinə inanırlar: “Gəncləri daha çox maraqlandıran sahələr təhsilə yönəlmiş layihələr, vətənpərvərlik, sağlam həyat tərzinin təbliği ilə bağlı layihələr, ekoloji maarifləndirmə layihələri, ictimai işlərdə gənclərin aktivliyinin təmini və könüllülüyün yayılması, təşviqi və təbliği istiqamətində layihələr olmuşdur”.

F.Hacıyev qeyd edib ki, ilk qrant müsabiqəsi elan edilərkən, regionlardan olan gənclərin fəal olmasını, onların yeni ideyalarını bizimlə bölüşməsi üçün şərait yaradılmasını əsas istiqamətlərdən biri kimi götürülüb. Gənclər Fondu tərəfindən regionlarda dəstəklənən layihələrin əksəriyyəti gənclər evləri və mərkəzlərində keçirilir. Beləliklə, region gənclərinin bu mərkəzlərin işində aktiv iştirakı təmin edilir.

İcraçı direktor bildirib ki, Gənclər Fondu gələcəkdə öz fəaliyyətini daha da geniş şəkildə aparmağı planlaşdırır: “Fond müxtəlif telekanallarda intellektual televiziya layihələri, daha geniş miqyaslı və əhatəli gənclik və idman layihələri, sosial çarxlar müsabiqələri, gənclər arasında ixtiraçılığın inkişafına dəstək verən layihələr həyata keçirəcək. Fond bölgələrdə fəaliyyətlərin aktivləşdirilməsinə xüsusi diqqət göstərəcək. Həmçinin Fond fəaliyyətini internetdə genişləndirməyi planlaşdırır. Hazırda Fondun saytında 304 gənclər təşkilatı və 3835 fərdi gənc qeydiyyatdan keçib. Müxtəlif sosial şəbəkələrdə Fondun səhifələri on minlərlə gənc tərəfindən izlənir. Gəncləri və gənclər təşkilatlarını müsabiqələrimizdə aktiv iştirak etməyə, gəncləri əhatə edəcək layihə təklifləri irəli sürməyə dəvət edirik. Gənclər Fondu məhz gənclər üçün fəaliyyət göstərir. Gənclərin ideyalarının, təşəbbüslərinin dəstəklənməsi bizim üçün çox vacibdir”.

Fərhad Hacıyev xüsusi vurğulayıb ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizdə aparılan gənclər siyasəti bu gün də öz müsbət nəticələrini verməkdədir.

Onu da xüsusi olaraq qeyd edək ki, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları Gənclər Fondunun birbaşa iştirakı ilə baş tutacaq. Artıq bununla bağlı müəyyən tədbir və təlimlər keçirilir, gənclərin bu sahəyə cəlb olunması ilə bağlı müəyyən işlər görülür. Bu tarixi hadisə Azərbaycanın böyük uğurlarının və dinamik inkişafının bariz nümunəsidir.

Qeyd edək ki, bu barədə çox danışmaq və yazmaq olar, amma bütün bu sadaladığımız faktlar, həqiqətdən də, bir gerçəkliyi ortaya qoyur: dünyanın siyasi, mədəni, iqtisadi arenasında böyük uğurlara imza atan müstəqil Azərbaycan dövləti öz gəncliyinə sahib çıxaraq, öz tarixi keçmişinin və davamlı gələcəyinin qarantıdır. Bu siyasəti həyata keçirən ölkə başçısı isə öz xalqının milli və mənəvi dəyərlərinə hər zaman sadiqdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR