“Hakimiyyətin qarşısına inqilabçı kimi çıxmağın faydası yoxdur“
Bizi izləyin

Nida.az

“Hakimiyyətin qarşısına inqilabçı kimi çıxmağın faydası yoxdur“

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevlə "Gündəlik Teleqraf"ın redaksiyasında söhbətləşdik. O, gündəmdə olan ən aktual mövzuları əhatə edən suallarımızı cavablandırmaqla yanaşı, siyasətdəki köklü problemlərə də toxundu. Müsahibəyə Ermənistanın "Eurovision" yarışmasına qatılmasından imtina etmək qərarından başladıq:


- Azərbaycana düşmənçilik edən bir ölkə kimi Ermənistanın imtina qərarı öz maraqlarına uyğundur. Əslində, bizim etməli olduğumuzu onlar edir. Hansısa beynəlxalq qurum bizi Ermənistana çağıranda qaça-qaça gedirik. Bir dəfə parlamentdə də qeyd etdim ki, İrəvanın yolunu su yoluna döndərmişik. Çox vaxt orada təhqiramiz münasibətlə qarşılaşırıq. Millət vəkillərimizi orada heç kimin qarşılamamasını, onların təcridxanaya salınmasını, yəqin, xatırlayırsınız. Biz bunu böyük qalmaqala çevirə bilmədik. Deputatı qaçırır, sərhəd pozucusu kimi kameraya salırlar. Onları nə qədər orada saxalayıblar, dəxli yoxdur. Bununla dünyaya göstərmək istəyirdilər ki, bu millət bizə düşməndir. İndi də eyni motivlə hərəkət edirlər. "Eurovison" müsabiqəsini Azərbaycan təşkil etmir. Bu, beynəlxalq tədbirdir. Amma, görün onlar bu yarışmadan siyasi məqsədlər üçün necə istifadə etdilər.

Hesab edirəm ki, bu qərarla siyasi baxımdan bizdən daha hazırlıqlı, daha çevik olduqlarını, hər məqamdan Azərbaycanın əleyhinə istifadə etdiklərini göstərdilər. İndi erməni lobbisi çox ciddi şəkildə Azərbaycanın daxilindəki insan haqları ilə bağlı problemlərdən istifadəyə və digər ölkələrin bu mahnı müsabiqəsini boykot etməsinə nail olmağa çalışır. Sözsüz ki, bizdə də müxalifətin bir hissəsi məhz bu müsabiqədən istifadə edərək öz tərəfdarlarını həbsdən buraxdırmaq istəyir. Müsabiqə yaxınlaşdıqca, onlar bu kampaniyanı daha da genişləndirəcəklər. Rusiyada gerçəkləşən müsabiqəni xatırlayın. Rusiyada insan haqları və demokratiya ilə bağlı vəziyyət Azərbaycandakından heç də yaxşı deyil. Amma o vaxt Rusiya müxalifəti fürsətdən istifadə edib o müsabiqənin Moskvada keçirilməsi əleyhinə kampaniya başlamadı. Əksinə, Rusiya müxalifəti o tədbirin keçirilməsini alqışladı və müsabiqə yüksək səviyyədə təşkil olundu. Çünki bu, siyasi tədbir deyil, sırf mahnı müsabiqəsidir.

- Rusiyadan söz düşmüşkən, Vladimir Putin yenidən prezident kürsüsünə qayıtdı. Putinin qayıdışı, sizcə Azərbaycanın timsalında post-sovet ölkələrindəki vəziyyətə necə təsir edəcək?

- Putin baş nazir olanda belə, faktiki ölkənin lideri idi. Hamı bilirdi ki, Medvedyev dövləti idarə edən əsas şəxs deyil. Hakimiyyətin bütün rıçaqları Putinin əlində cəmləşmişdi. Mən əvvəllər də söyləmişdim ki, Putin əgər yenidən prezident seçiləcəksə, Rusiyada dəyişikliklərin inqilabi yolla baş vermə ehtimalı daha çox olacaq. Bu inqilab isə Sovet İttifaqı, 20-ci əsrin əvvəllərindəki imperiya kimi, hazırkı Rusiyanı da dağıda bilər.

- Sizcə, Avropa niyə Putinə dözümlü yanaşdı?

- Onlar ilk növbədə müxalifətin parlaq liderinin olmamasının, vahid lider ətrafında birləşməməsinin fərqində idilər. Görürdülər ki, Putinin siyasətdən getməsi ciddi çəkişmələrə gətirib çıxara bilər. Qərb indi iqtisadi böhran içərisindədir və yeni yaranacaq dövlətlərlə münasibət qurmağa, onlara maddi kömək etməyə hazır deyil. Digər tərəfdən, onlar Putinlə uzun müddətdir işləyirlər. Beynəlxalq məsələlərdə onun hara qədər gedə biləcəyini bilirlər, ata biləcəyi addımları proqnozlaşdırırlar. Qərb həm də onu görür ki, rusların avanqard hissəsi, ziyalılar dəyişiklik istəsə də, həmin adamlar geniş xalq kütlələri tərəfindən tanınmır.

- Putinin prezident kimi fəaliyyətə hələ rəsmən başlamadığı bir aralıqda Qəbələ RLS-nin aqibəti ilə bağlı Rusiya ilə fikir ayrılığı yaranıb. Siz bu problemin həllini necə görürsünüz?

- Azərbaycan üçün çox böyük tarixi şans yaranıb ki, Rusiyanı Qəbələ RLS-dan kənarlaşdıraq. Torpaqlarımızın 20 fazini işğal altında saxlayan bir ölkənin əsas hərbi-siyasi müttəfiqinə öz ərazimizdə hərbi baza saxlamağa imkan verməyimiz məntiqli deyil. Rusiya mütəmadi bəyanat verir ki, əgər Azərbaycan öz torpaqlarını işğaldan azad etmək istəsə, biz Ermənistana kömək edəcəyik. Belə olan halda biz onlara RLS-dən yararlanmağa niyə şərait yaratmalıyıq?
İkincisi, Rusiya Sovet İttifaqının hüquqi varisidir. SSRİ ilə İran arasındakı razılaşma ilə Astara-Həsənqulu xətti üzrə İranın Xəzərdəki sərhədləri müəyyən olunub. İndi İran deyir ki, Xəzər bərabər bölünməlidir. Rusiya da deyir ki, İran düz edir. Amma SSRİ-nin hüquqi varisi Tehrana deməlidir ki, sənin müəyyən olunmuş sərhədlərin var və indi necə əlavə pay istəyə bilərsən? Bundan başqa, biz Rusiya ilə dənizin dibini bölmüşük. Türkmənistanla Azərbaycan Transxəzər qaz kəməri çəkmək istəyir, Moskva razılıq vermir. Bu, onu göstərir ki, Rusiya zor mövqeyindən, hegemonluq iddiasından geri çəkilməyib.

- Rusiyanı Qəbələ RLS-dən kənarlaşdırmaq Moskva ilə münasibətləri daha da gərginləşdirməzmi?

- Əlbəttə, narazılıq olacaq. Hətta mən düşünürəm ki, Qubada baş verən hadisələrdə də Rusiyanın müəyyən qədər əli olub. Bu, mənim qənaətimdir ki, həmin hadisəyə gizlicə dəstək verməklə RLS məsələsinə görə Rusiya Azərbaycana təzyiq etmək istəyirdi. Amma bu problemin həlli ondan keçir: Rusiya bəyan etməlidir ki, Dağlıq Qarabağ konflikti yalnız Azərbaycan ərazi bütövlüyü çərçivəsində həll oluna bilər, BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan tərəfindən yerinə yetirilməlidir. Rusiya bizim öz torpaqlarımızı azad etmək haqqımızı tanımalı və Ermənistanı himayə etməməlidir.

- Bəs Rusiya Qəbələ RLS üçün 300 milyon ödəmək istəsə, necə olacaq?

- Azərbaycan hazırda iqtisadi baxımdan güclü ölkədir. Moskvaya rahatca deyə bilərik ki, müharibə şəraitində olduğumuza görə RLS-dən özümüz istifadə edəcəyik. Azərbaycanın RLS üçün 300 milyon istəməyə də haqqı var. Ona görə ki, həmin sistem çox güclü maqnit sahəsi yaradır. Halbuki, Qəbələ turizm üçün ən gözəl zonadır. 1993-cü ildə rus qoşunları Azərbaycandan çıxarılanda gərək RLS-in də taleyi birdəfəlik çözüləydi. O dövrdə başlayan prosesi indi tamamlanmalıdır. Həm də bizim hərbi doktirina var. Həmin doktrinaya görə, Azərbaycanda başqa ölkələrin hərbi birləşmələrini saxlamaq olmaz. Azərbaycan hökumətinin də borcudur ki, bu sənədə əməl etsin.

- Bəs, Putinin yaratmaq istədiyi Avrasiya İttifaqına necə baxırsınız?

- Düzü, düşünürəm ki, biz Qarabağ məsələsində Avropadan, beynəlxalq təşkilatlardan ciddi dəstək görməyəcəyik. Azərbaycan Dağlıq Qarabağ üzərində suverenliyini bərpa etmək üçün Rusiya üzərinə öhdəlik götürərsə, Avrasiya İttifaqına qoşula bilərik. Sadəcə olaraq, Azərbaycanın bu addımı atması üçün Rusiya Ermənistanın işğalçı siyasətini dəstəkləməməlidir.

- Sirr deyil ki, Rusiyada tətbiq olunan siyasi texnologiyalar Azərbaycana da sirayət edir. Bildiyiniz kimi, seçkilərdən sonra Putin müxalifəti dialoqa çağırdı. Bu günlərdə Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov müxalif düşərgəyə qapı açmağa hazır olduğunu söylədi...

- Məncə, Əli Həsənovun çağırışı dialoqla bağlı deyil. Hakimiyyət nümayəndəsi kimi müxalifəti dinləmək, fikirlərini öyrənmək Əli Həsənovun vəzifə borcudur. O da öz vəzifə səlahiyyətləri çərçivəsində müxalifəti dinləməyə hazır olduğunu bildirib. Bu, tamam fərqli məsələdir. Rusiya prezidentinin ona alternativ olmuş şəxsləri qəbul etməsi isə tamam ayrı mövzudur. Əlbəttə, bu gün biz Rusiya ilə Azərbaycanın müqayisəsini aparsaq, etiraf etməliyik ki, onlar demokratik islahatların keçirilməsi istiqamətində bizdən xeyli irəlidədir. Azərbaycan ən azı Rusiya ilə paralel səviyyədə bu islahatları aparmalıdır. Biz Rusiyadan geri qalmamalıyıq. Fikrimcə, Putin Rusiyanı artıq köhnə qaydada idarə edə bilməyəcəyinin fərqindədir.

- Sizcə, Putin əvvəlki üslubundan imtina edəcək?

- Bəli, onun müəyyən demokratik islahatlar aparmağa ehtiyacı var. Bilirsiniz, cəmiyyəti o vaxt sıxmaq olur ki, cəmiyyət sıxıla bilir. Amma bir cəmiyyəti sıxmaq artıq mümkün deyilsə, onu sıxılı saxlamaq da olmaz. Rus cəmiyyəti yeni mərhələyə keçir və Putin bu durumun fərqindədir.

- Bəs, Sizcə, Azərbaycan cəmiyyətində durum necədir?

- Azərbaycan cəmiyyəti də islahatların keçirilməsini gözləyir. Eyni zamanda, toplum hər hansı xaosun yaranmasından qorxur. İnsanlar tərəzinin bir gözünə xaosu, o birinə də indiki idarəetməni qoyur və sabitlik olmasını istəyirlər. Başqa sözlə, camaat istəyir ki, dəyişiklik, islahat yuxarıdan aparılsın. Hətta əhali yerli hakimiyyətə etiraz edəndə də küçəyə prezidentin plakatı ilə çıxır. Hesab edirəm ki, bu məsələdə insanlarımız haqlıdırlar. Siyasi partiya olaraq biz də istəyirik ki, islahatlar yuxarıdan aparılsın. Biz radikal tələbləri qəbul etmirik. Hakimiyyətin qarşısına inqilabçı kimi çıxmağın faydası da yoxdur. İnqilablar nə vaxt baş verir? O vaxt baş verir ki, yuxarılar idarə edə bilmir, aşağılar da köhnə qayda ilə idarə olunmaq istəmir. Azərbaycan isə tam idarə olunur. Hakimyyət çox güclüdür, bunu etiraf etmək lazımdır. Birinci şəxs hakim komandaya tam nəzarət edir. İqtidarın iqtisadi resursları, KİV-dəki dəstəyi də çox böyükdür.

(ardı var)

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm