“Onlar haqda “cihada gedib” deyirlər” - Suriyaya gedənlərin yeni SİYAHISI - MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

“Onlar haqda “cihada gedib” deyirlər” - Suriyaya gedənlərin yeni SİYAHISI - MÜSAHİBƏ

Xudat sələfilərinin lideri Nadir Xosrovoğlu Publika.az-a müsahibəsində bölgədə dini ekstremizmin yayılması, xəvvaricilərin fəaliyyəti və Suriya “cihadı”nın təbliğ edilməsindən danışıb.


- Bu bölgədə xəvvariclər daha çox yayılıb. Onlar ölkə üçün nə qədər təhlükəlidir?
- Ümumiyyətlə, xəvvaricilərin etiqadı var. Onlar Peyğəmbərin (s.ə.s) zamanından bu yoldadırlar. Bu təriqətin banisi Peyğəmbərimizə (s.ə.s) qənimət bölümündə “ey Məhəmməd, bölgüdə adil ol” deyib. Hansı ki, peyğəmbərimiz yer üzündə ən adil insan idi. Peyğəmbərimiz ona “əgər mən adil olmasam, kim adil olacaq” cavabını verib. Onlar dünya malına görə peyğəmbərə tənə edib. Xəvvaricilər dünya malına həris olublar. Hətta 2000-ci illərdəki sakit dövrlərdə müsəlman xəstələrə yardım etmək üçün pul toplayanda, onlar bir manat da pul vermirdilər. İşləri-gücləri onun-bunun malını-mülkini saymaq olub. Filan nazirin bu qədər pulu var, filan məmur özünə villa tikdirir. Onların əqidəsində ən birinci hakimiyyətdir. Bizi və camaatı kafir görmələri boş şeylərdir. Bu əsaslar deyil. Bunların hamısı əsasa aparan yollardır. Onlar təkcə Azərbaycan üçün yox, olduqları hər yer üçün təhlükədirlər.


- Onların cihad edərək islam dövləti qurmaq istəkləri var?

- İslam dini sülh dinidir. Cihad İslamda ibadət növüdür, lakin məqsədə çatmaq üçün yol deyil. Hazırda biz sülh və əmin-amanlıq ölkəsində yaşayırıq. Torpaqlarımıza hər-hansı kənar qüvvələr, məsələn, ermənilər hücum etsələr, biz dayanıb baxmayacağıq. Belə zamanlarda cihad çıxış yoludur. Cihadın uyğun zamanı, məkanı, məramı var. Yoxsa bu gün Suriyada əlinə avtomat düşən “cihad” edir. “Millət ora getməlidir” yanaşması yanlışdır. Peyğəmbərimizin dövründə cihada başlamamışdan öncə şərtlər var idi: əvvəlcə katiblərdən biri bəyan edirdi ki, uşaqlara, qocalara, qadınlara toxunmaq olmaz. Hətta ağacları kəsmək belə qadağandır. Yalnız sizinlə vuruşanlarla döyüşəcəksiniz. Cihadın qaydası budur.

Bu gün Suriyada evlər, binalar dağılır, ağaclar kəsilir, qadınlar, qocalar, uşaqlar öldürülür. Belə cihad ola bilməz. Kimsə fitnəni qızışdırmaq üçün fətva verə bilər. Amma şəriətin dediyi cihadla bu cihad arasında böyük fərq var. Hesab edirəm ki, xəvvaricilər ölkədə ciddi nəsə edə bilməzlər. Lakin onları nəzarətsiz də qoymaq olmaz. Vaxtilə Mürşüdoba məscidi onların anormal təbliğatlarına görə bağlandı.


- Onların başında duran kim idi?

- Ramin adında imamları var idi. Soyadını unutmuşam. Ona namaz qılmağı biz öyrətmişdik. Birdən-birə hara getdi, Quba uşaqlarına qoşuldu, nə etdisə, dəyişdi. Eşitdik ki, qəribə şeylər danışır. Getdik, nəsihət verdik, öyrətmək üçün adam apardıq, xeyri olmadı. Ona dedim ki, bu gün namaz qılmayan camaatı kafir gözündə görürsənsə, vaxt gələcək ananı, atanı da kafir hesab edəcəksən. Bunun mümkünsüz olduğunu dedi. Amma vaxt gəldi və bu baş verdi.


- Həmin adam indi hardadır?

- Elə kənddədir.


- Maraqlıdır, nə üçün Suriyaya getmək istəməyib?

- Əslində elə adamlar getmirlər.


- Bəs kimlər gedirlər?

- Elmi olmayan cahil adamlar. Onlara şəhidliyin yüksək zirvə olduğu təbliğ olunur. Əslində şəhidlik şüar olaraq yaxşıdır. Amma onun da yeri var. Dəstəmazı doğru almazsansa, namazın batil olar. Şəhid olmağın da forması var. Yoxsa, harda, necə gəldi şəhid olmaq üçün vuruşmaq olmaz. Bu xəstə adamlar camaatı aldadırlar ki, Suriyaya gedib şəhid olacaqsan və tezliklə cənnətə gedəcəksən. Amma bunu təbliğ edənlərə sual vermirlər ki, sən özün niyə getmirsən?


- Bu zonadan təxmini nə qədər adam Suriyaya gedib?

- Biz ancaq gedəndən sonra xəbər tutmuşuq. Bəzi adamların Suriyada olduğu, hətta öldüyü də deyilir. Burada ümumiyyətlə kimisə bir müddət görməyəndə “Cihada gedib” deyirlər. Misal üçün, Vaqif Talıbov var idi. O, təxminən iki-üç ay gözə dəymədi. Üstündən bir müddət keçəndən sonra Suriyada olduğunu, hətta öldüyü xəbərini eşitdik. Lakin sonradan rayona qayıtdı. Mənim yadıma düşdü ki, onun Türkiyədə bacısı var. O, Türkiyəyə getməklə iki məqsəd daşıya bilərdi. Bəzilərinə fitnədən uzaq olduğunu, bəzilərinə isə Suriyaya getdiyini göstərmək istəyirdi. Başa düşdük ki, tələ qurub. Lakin geri qayıtması, həbs olunmaması şübhələr oyadır.


- Nə üçün Suriyaya getdiyinə dair fikirlər yaratmaq istəyir?

- Cahillərə nümayiş etdirib dəvətini gücləndirmək istəyir. Çünki dəvət etdiyi 100 adamdan biri “sən özün niyə getmirsən?” deyə soruşacaq. Onlara Suriyada olduğunu deməsi üçün bu addımı atır. Polisə da Türkiyədə olduğunu deyir. İkibaşlı oyun oynayırlar.


- Başqa gedənlərlə bağlı məlumatlar varmı?

- Bir neçə nəfərin getməsi, hətta orda öldürülməsi haqda xəbərlər yayılıb. Bunlardan Rövşən Soltanov var idi. Onun öldürüldüyü xəbəri dəqiqdir. Ədalət adlı biri də var idi. Oğlunun ölüm xəbəri gəldi. Dedilər ki, Türkiyədə “tok” vurub. Amma Suriyada ölmüşdü. Sonra ailəsi ilə birlikdə o da getdi. Özünün də öldüyünə dair xəbərlər gəldi. Fərman adlı bir nəfərin də getdiyi deyilir. Bundan başqa, Şollar qəsəbəsində Murad adlı bir nəfərin də Suriyada olduğu deyilir. Bura kiçik rayondur, baş verənlərdən hamının xəbəri olur. Biz də yayılan xəbərlərə istinadən bunları deyirik.


- Burda xəvvaricilərin sayı nə qədər olar?

- Ümumiyyətlə, Xudatın özündə xəvvaricilərin sayı çox deyil. 5-6 nəfər bizim içimizdən çıxanlar idi. Sonradan onların dəvət etdiyi 10-15 nəfər olar. Yəni çox deyil.


- Bir neçə gün öncə həbs olunan Nizami Seyidovu tanıyırdınızmı?

- Bəli. O, sakit vaxtlarda bizi özündən ağıllı hesab edirdi. Özünün doğru yolda olduğunu düşünürdü. Çox qaranlıq adam idi. Bizi özündən həmişə aşağı görürdü. Amma Vaqif Talıbovla dost idi.


- Mütləq bunlara maliyyə verən mərkəz olmalıdır...

- Bu haqda mənim tutarlı dəlillərim yoxdur. Hesab etmirəm ki, onlar öz aralarında pul toplasın. Çünki çox xəsisdirlər. Ola bilsin ki, xarici qüvvələrdir. Ərəblərin, yaxud digər milyoner xəvvaricilərin pul göndərməsi mümkündür. Lakin dəqiq məlumatım yoxdur.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm