• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Gürcüstan Prezidenti Milli Məclisdə olub

  • Nida.az
  • 12 Fevral 2014 20:48
  • 655 Baxış
Gürcüstan Prezidenti Milli Məclisdə olub

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə olmuşdur.

Ali qonağı parlamentin binası önündə Milli Məclisin sədri Oqtay Əsədov qarşıladı.

Gürcüstan Prezidenti Milli Məclisin inzibati binası, iclas zalı və Heydər Əliyev Xatirə zalı ilə tanış olmuşdur. Xatirə zalında ulu öndər Heydər Əliyevin zəngin həyat yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən çoxsaylı fotoşəkillər, eksponatlar Gürcüstan Prezidentində dərin təəssürat yaratmışdır. Gürcüstan dövlətinin başçısı Xatirə kitabına ürək sözlərini yazmışdır.

Sonra Milli Məclisin sədri Oqtay Əsədov və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili arasında görüş keçirilmişdir.

Ali qonağı ölkəmizdə salamlayan Oqtay Əsədov Azərbaycan və Gürcüstan xalqları arasında tarixi dostluq əlaqələrinin olduğunu bildirmişdir.

Qeyd olunmuşdur ki, bu cür yüksək səviyyəli səfərlər qardaşlıq və mehriban qonşuluq əlaqələrinə əsaslanan münasibətləri daha da inkişaf etdirəcəkdir.

Gürcüstan ilə Azərbaycan arasındakı əlaqələrin konkret layihələrlə inkişaf etdirildiyini deyən Milli Məclisin sədri Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin regionun və Avropanın enerji təhlükəsizliyində önəmli rol oynadığını xüsusi qeyd etmişdir.

Oqtay Əsədov hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qruplarının münasibətlərin inkişafında mühüm rolu olduğunu diqqətə çatdırmışdır.

Prezident Georgi Marqvelaşvili bildirmişdir ki, mehriban qonşu dövlətlər olan Azərbaycan və Gürcüstan regionda birlikdə iri layihələr həyata keçirir. Biz bu layihələri həyata keçirməklə regionun gələcək inkişafını və sabitliyini təmin etməliyik.

Qeyd olunmuşdur ki, yalnız enerji sahəsində deyil, mədəniyyət, elm, təhsil, səhiyyə və digər sahələrdə də əməkdaşlıq üçün böyük potensial vardır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR