İrəvanın Qarabağ məğlubiyyəti: İlham Əliyevin oyun qaydaları nəticə verdi
Bizi izləyin

Nida.az

İrəvanın Qarabağ məğlubiyyəti: İlham Əliyevin oyun qaydaları nəticə verdi

Belarus xarici işlər nazirinin birinci müavini Aleksandr Mixneviç bu gün Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması haqqında müqavilənin paraflanmasına dair qanun layihəsini təqdim edib.
Belaruslu diplomat Ermənistanın Aİİ-ə qoşulduqdan sonra Dağlıq Qarabağın bu ittifaqda yer almayacağını deyib.


“Bizim Ermənistanın tərkibinə daxil olmayan əraziləri Gömrük İttifaqının tərkibinə salmağa cəhd edə biləcəyi ilə bağlı narahatlığımız var idi. Ermənistan tərəfi bu tələbi anlayışla qəbul etdi. Dağlıq Qarabağın Ermənistan ərazisi olmaması ilə bağlı nota müqaviləyə əlavə edildi. Ermənistan tərəfinə rəsmi şifahi bəyanatı verildi”, - deyə A. Mixneviç bildirib.


Qeyd edək ki, Aİİ-ə qoşulmaq istəyən rəsmi İrəvan üçün Qarabağ maneəsi ilk dəfə Astanada yarandı. Həmin vaxt Azərbaycan Prezidenti İlham Əliyev ittifaqın təsis sammitinə məktubla müraciət edərək Ermənistanın bu birliyə BMT tərəfindən tanınmış sərhədlər daxilində gedə biləcəyini diqqətə çatdırdı. Azərbaycan prezidentinin məktubunu oxuyan Qazaxıstan prezidenti Nursultan Nazarbayev də rəsmi Bakının mövqeyinə dəstək verdi. Göründüyü kimi, rəsmi Minsk də eyni mövqedədir. Rusiya bunu arzulamasa da, iki böyük tərəfdaşının, eləcə də rəsmi Bakının mövqe qarşısında susaraq razılaşmaq məcburiyyətində qaldı. Beləliklə, Ermənistan işğal etdiyi Dağlıq Qarabağı de-yure olaraq bir daha itirdi.


Publika.az-a məsələni şərh edən politoloq Qabil Hüseynli bunun Ermənistanın daha bir məğlubiyyəti olduğunu bildirib.

Onun sözlərinə görə, Ermənistan üçün Qarabağın işğalı faktiki olaraq məğlubiyyətlə nəticələnir: “Bakı çox ağıllı addım atdı və İrəvanın bu gün ittifaqa Qarabağsız getməsi bunu sübut edir”.


Burda daha bir məqam da özünü göstərir. Ermənistan bu ittifaqa qoşulsa da, Rusiya ilə birbaşa quru əraziyə malik olmaması əlavə problemlər yaradacaq. Gürcüstanla Rusiya arasındakı soyuqluq bu variantı sıfıra endirir. Abxaziya dəmiryolunun tikintisinə isə Tiflis Bakının narazılığını nəzərə alaraq icazə verməyəcək.


Avrasiya münaqişələri klubun sədri Roman Şkolinanın fikrincə, Ermənistanın çıxış marşrutu Qazaxıstan – Türkmənistan – İran – Rusiya ola bilər: “Mən bu məsələ ilə bağlı erməni deputatlarla dəfələrlə söhbət etmişəm. Onlar da yeganə çıxış yolunu burda görürlər. Yəni İran və Türkmənistan vasitəsilə Xəzər dənizinin üzərindən bağlanmaq mümkündür. Bu isə iki əlavə ölkəyə gömrük haqqının ödənilməsi deməkdir”.


Avrasiya İnstitutunun direktoru Vladimir Lepoxin isə Ermənistanın Aİİ-yə qoşulmasını daha çox siyasi əhəmiyyət baxımından şərh edir: “Ermənistan iqtisadiyyatı ittifaq üçün heç nə verməyəcək. Əksinə, digər üzv ölkələr bu ölkəyə yardım etmək məcburiyyətində qalacaq. Lakin bu ölkənin ittifaqda olması Qafqaz regionu baxımından siyasi əhəmiyyət kəsb edir. Eyni zamanda, bu Azərbaycanın da gələcəkdə ittifaqa qoşulmaq perspektivini artıra bilər. İndiki məqamda isə ittifaqın Azərbaycan və Türkiyə ilə əlaqələrinə müsbət təsir edəcək”.


Q. Hüseynli hesab edir ki, bu amil Qarabağın Ermənistandan ayrılması deməkdir: “Beləliklə, Azərbaycan üçün ərazi bütövlüyünü bərpa etmək üçün əlavə şanslar yaranır. Ermənistanla Qarabağ arasında gömrük rüsumlarının olması, həmçinin, İrəvanın bu bölgədəki separatçı rejimə dəstəyinin azalması bizim üçün vacib amildir. İlham Əliyev bu oyunun qaydalarını çox əla müəyyənləşdirdi”.


Rusiya İctimai palatasının üzvü, Dövlət Dumasının keçmiş deputatı, politoloq Sergey Markov isə Ermənistan üçün ittifaqla təmasın çətin olacağını düşünür. Onun fikrincə, İrəvan təcili nəsə düşünməlidir: “Əslində burda bir variant var. Bu, yerinə yetirilməsi çətin olan, lakin ən sərfəli variantdır. Ermənistan 7 rayonu qaytarır, əvəzində Azərbaycan və Türkiyə blokadanı geri çəkir. Bu güzəştlər hər iki tərəf üçün sərfəlidir. Bu, mənim şəxsi fikrimdir. Lakin bundan yaxşısını bilmirəm”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm