Rasim Musabəyov: “Rusiya vəziyyəti qəbul edəcək”
Bizi izləyin

Nida.az

Rasim Musabəyov: “Rusiya vəziyyəti qəbul edəcək”

- Medvedyevin prezidentliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən işartılar göründü, Rusiyanın vasitəçiliyi ilə bir sıra görüşlər keçirildi. Bundan sonra, Putinin prezidentliyi dövründə bu təşəbbüslərin ardı gələcəkmi? Siz bu istiqamətdə hansısa dönüş gözləyirsinizmi?


- Rusiya bu vaxta kimi bu məsələnin həll olunub gündəlikdən çıxması üçün elə də böyük maraq göstərmirdi. Rusiya tərəfi həmişə Dağlıq Qarabağ münaqişəsindən özünün bölgədəki mövqeyinin saxlamaq üçün istifadə edib. Hələ ki, bu mövqedə ciddi dəyişiklik baş vermir. Və ermənilərin işğal etdiyi ərazilərdən çıxması barədə tələbi Rusiyadan gözləmək yersizdir.
Bunu yalnız o halda gözləmək mümkündür ki, biz Rusiyanın qarşısına keçib baş əyək, o da gəlib “ata malı” kimi məsələni həll etsin. Təbii ki, biz Qarabağı qaytarmaq naminə ölkəmizi Putinə peşkəş etmək niyyətində deyilik. Çalışmalı olacağıq ki, öz artan imkanlarımızdan düzgün istiafədə edək. Biz işğalçıları təpikləyə-təpikləyə öz ərazimizdən çıxaranda, Rusiya heç nə edə bilməyəcəyini anlayıb vəziyyəti qəbul edəcək.
Ya da ikinci halda dönüş gözləmək olar ki, Rusiya öz maraqları naminə, Azərbaycanla münasibətlərində itkilərə üz verməmək üçün Ermənistana təzyiq göstərəcək.

- ABŞ-ın mövqeyi necə olacaq? Gözləmə mövqeyi, yoxsa...

- Hər halda, ABŞ bizə görə gəlib burda Rusiya ilə müharibə aparmayacaq. Erməni lobbisinin də bu proseslərdə rolu az deyil. Və Vaşinqton erməni lobbisini incitmək istəmir. Onların mövqeyini bir növ bu cür dəyərləndirmək olar: “Verin onlara Qarabağı, Rusiyadan əl çəksinlər, hamınız gəlin biz tərəfə”. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ABŞ tərəfi də Ermənistanı şirnikləndirməkdə maraqlıdır. Amerika belə hesab edir ki, bu yolla Ermənistanı Rusiyadan uzaqlaşdıra bilər.

- Fransada “inkara cəza” qanunun bu ölkənin Konstitusiya Şurası tərəfindən ləğv olunmasından sonra, onun ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çıxarılması barədə tələblər öz aktuallığını qoruyurmu? Və bundan sonra Fransanın siyasətində dəyişiklik gözləməyə dəyərmi?

- Fransa bu məsələlərdə “züytutan”dır. Əsas imkan shaibi ABŞ və Ruisyadır. Fransa da bunu anlayır. Bu ölkənin ATƏT-in Minsk Qrupunda olub-olmamağının əhəmiyyəti yoxdur. Olmasın Fransa, olsun Almaniya, nə dəyişəcək? Bir dəfə Almaniyaya həmsədrlik təklif olunmuşdu, amma bu dövlət Rusiya və ABŞ-la üz-üzə gəlmək istəmədi. Xüsusilə də, Rusiya ilə münasibətləri korlamaq Almaniya üçün arzuolunmazdır.

Fransa üçün ermənilər daha doğmadır. Onların xətrinə də dəymək istəmir. Baxmayaraq ki, bu ölkədə türklər və azərbaycanlılar da az deyil, Fransa hökuməti daha çox ermənilərə yaxınlıq edir. Soyqırım barədə qərara gələndə isə, Sarkozinin rəqibləri də bu mövqedədir və qeyd olunan qanun layihəsi barədə təşəbbüs də ilk əvvəl sosialistlərdən gəlmişdi.
Fransa vəziyyəti ermənilərin gözüylə görür. Təkcə Fransanın yox, ABŞ-ın və Rusiyanın ürəyi də Ermənistanladır. Bu ölkələr anlayırlar ki, tarix boyu oyuncaq olmuş erməniləri sakitləşdirmək üçün Türkiyədən heç nə qopara bilməzlər, kompensassiyanı Azərbaycan əraziləri hesabına ödəməyə çalışırlar.

- Bəs biz nə etməliyik? Bizim durumu necə qiymətləndirmək olar?

- Əgər böyük dövlətlərin ürəkləri Ermənistanladırsa, qanı bizimlədir. Azərbaycan böyük dövlətlərə lazımdır və dünya dövlətlərinin regionda ən maraqlı olduğu ölkə Azərbaycandır. Təbii ki, diplomatik yolla, öz maraqlarımızı təmin etməyə çalışmalıyıq. Fransaya, ABŞ-a və ya Rusiyaya meydan oxuyası, müharibə edəsi deyilik. Gürcüstan Rusiyanın qabağında nə edə bildi?
Bizim həm siyasi, həm iqtisadi, həm də demoqrafik imkanlarımız artır. Öz imkanları ilə, siyasəti Azərbaycan Ermənistanı boğur. Heç kim də Ermənistanı xilas edə bilməyəcək. Qarabağı ermənilərə təhvil vermək istəmiriksə, dözümlü olmalıyıq.

- Həmsədrlərin son səfərindən sonra Robert Bradtke humanitar məsələlərdə əməkdaşlığın inkişafından danışdı. Bu barədə nə deyə bilərsiz?

- Həmsədrlərin deməyə sözü qalmayıb. Və sözün bitdiyindən, heç bir iş görə bilmədiklərindən, başlayırlar humanitar əlaqələrdən, qarşılıqlı etibardan, vətəndaş cəmiyyətinin dialoqundan danışmağa. Bu onu göstərir ki, nəinki onların fəaliyyətində dönüş gözlənilmir, hətta danışmağa dözləri yoxdur. Bu məsələ köklü şəkildə həll olunmalıdır. Buna isə ATƏT-in Minsk Qrupunun gücü çatmır, amma həmsədrlər özlərini elə göstərir ki, guya nəyəsə nail ola bilər.

Rüfət Əhmədzadə

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm