Nida.az
Prezident İlham Əliyev: "Ermənistan üçün nəticələr çox acı ola bilər" – MÜSAHİBƏ
-Cənab Prezident, əvvəlcə qapılarınızı bizə - TRT ailəsinə açdığınız üçün Sizə çox təşəkkür edirəm. Müsahibəmizə Fransa mövzusu ilə başlamaq istəyirəm. Son dönəmdə Fransa mövzusu həddindən artıq gündəmdə idi. Xüsusilə Fransa parlamentinin ardından Senatın da qəbul etdiyi uydurma "erməni soyqırımı" iddialarının inkarını cinayət sayan qanun layihəsi Konstitusiya Şurasına getdi və Konstitusiya Şurası bu layihəyə "Dur!" dedi, onu rədd etdi. Bu işdə Azərbaycanın və Türkiyənin böyük xidmətləri vardır. Konstitusiya Şurasının bu qərarını necə dəyərləndirirsiniz? Bu, Sizdə hansı duyğular oyatdı?
- İlk növbədə, mən bütün türk xalqını və bütün Azərbaycan xalqını,
dünyada bütün ədalətsevər insanları bu qanunun ləğv edilməsi ilə
əlaqədar ürəkdən təbrik etmək istəyirəm. Hesab edirəm ki, Fransanın
Konstitusiya Məhkəməsi ədaləti bərpa etdi. Çünki bildiyiniz kimi,
bu qanun heç bir tarixi reallığa əsaslanmayan, tarixi həqiqəti
təhrif edən yalan üzərində qəbul edilmişdi. Türkiyə ictimaiyyəti,
Azərbaycan ictimaiyyəti və dövlət qurumları dərhal öz səylərini
göstərməyə başlamışdır. Mən çox şadam ki, bu səylər uğurla
nəticələndi və Fransa Konstitusiya Məhkəməsi bir daha onu göstərdi
ki, yalan üzərində qurulmuş iddialar heç vaxt qüvvəyə
minməyəcəkdir. Eyni zamanda, bu qanunun ləğv edilməsi söz
azadlığına verilən böyük töhfədir. Təsəvvür edin, əgər bu qanun
qüvvəyə minsəydi, onda söz azadlığı, fikir azadlığı haqqında
ümumiyyətlə söhbət açmaq mümkün olmazdı. Mən çox şadam ki, bizim
birgə səylərimiz və beynəlxalq dəstəyin nəticəsində bu qanun
qüvvəyə minmədi və beləliklə, ədalət bərpa edildi.
- Türkiyə və Azərbaycan qardaşlığı son dövrdə, xüsusilə Xocalı
faciəsinin dünyaya çatdırılması istiqamətində görülən işlərdə bir
daha özünü göstərdi. Xüsusilə Bakı və Taksimdə çox böyük yürüşlər
və mitinqlər keçirildi. Türkiyənin dörd bir tərəfində Xocalı
qətliamında şəhid olanların xatirəsi anıldı və dünyanın 70
ölkəsində çox böyük tədbirlər keçirildi. Xüsusilə Taksim və
Bakıdakı böyük yürüşləri, mitinqləri necə dəyərləndirirsiniz? Bu,
birlikdən doğan gücün göstəricisidirmi?
- Əlbəttə ki, elədir. İlk növbədə demək istəyirəm ki, Xocalı
faciəsi bizim böyük dərdimizdir, böyük faciədir. Erməni faşistləri
tərəfindən XX əsrin sonlarında törədilmiş çox böyük cinayətdir.
Xocalı faciəsi erməni vəhşiliyinin, erməni faşizminin eybəcər
sifətini bütün dünyaya göstərmişdir. Dinc əhaliyə qarşı bu qədər
qəddarlıq, dünya miqyasında bəlkə də görünməmiş qəddarlıq bizim
hamımızı dərindən kədərləndirir, hiddətləndirir. 613 günahsız
insan, - onlardan 106-sı qadın, 63-ü uşaqdır, - ermənilər
tərəfindən qətlə yetirilmişdir.
Bu il Xocalı faciəsinin 20-ci ildönümünü həm Türkiyədə, həm
Azərbaycanda qeyd etdik. Bu nümayişlər, yürüşlər, Türkiyə və
Azərbaycan xalqlarının birgə mövqeyi, ilk növbədə qardaşlığımızın
nə qədər güclü olduğunu göstərir. Bizim ürəklərimiz bir döyünür.
Həm Taksim meydanında, həm Bakıda on minlərlə insan öz etirazını və
həlak olan şəhidlərin xatirəsinə ehtiramını ifadə etmək üçün
küçələrə çıxmışdılar. Bu, böyük birliyin, ədalətin təzahürüdür. Mən
tam əminəm ki, Xocalı qurbanlarının qanı yerdə qalmayacaqdır.
Türkiyədə və Azərbaycanda göstərilən həmrəylik və dayanışma
təbiidir. Çünki xalqlarımız qardaşdırlar. Biz daim bir yerdəyik.
Bütün məsələlərdə Türkiyə və Azərbaycan bir yumruq kimi fəaliyyət
göstərir. Mən əminəm ki, bu birlik gələcək illərdə daha da
gücləndiriləcəkdir.
Siz birinci sualda Fransadakı qanuna toxundunuz. Deyə bilərəm ki,
Azərbaycan ictimaiyyəti, Azərbaycan dövləti, Azərbaycan parlamenti
ədalətsiz qanun qəbul olunduğu gündən dərhal hərəkətə başlamışdır.
Prezident Administrasiyası bəyanatlar vermişdir. Xarici İşlər
Nazirliyi çox ciddi bəyanat vermişdir. Fransanın Azərbaycandakı
səfiri Xarici İşlər Nazirliyinə dəvət edilmişdir və ona etiraz
bildirilmişdir. Azərbaycan parlamenti iki dəfə bu məsələ ilə bağlı
öz mövqeyini bildirmişdir. Həm bəyanat qəbul edilmişdir, həm Fransa
parlamentinə müraciət qəbul olunmuşdur. Biz Fransadakı
dostlarımızla çox sıx təmaslarda olduq. Fransa senatorlarının
Azərbaycana gəlməsi və səfər zamanı bu müzakirənin geniş şəkildə
aparılması bizim qardaşlıq borcumuzdur.
Bizim Fransa ilə əlaqələrimiz artıq 20 illik tarixə malikdir.
Fransada bizim dostlarımız vardır. Biz bütün imkanlardan istifadə
etməyə çalışdıq ki, ədalət pozulmasın, ədalət bərpa edilsin. Siz
yaxşı bilirsiniz ki, Fransada qanunlara görə Konstitusiya
Məhkəməsinə qanunun çıxarılması üçün senatorlar səs verməli idilər.
Əgər onlar bu səsləri yığmasaydılar, Konstitusiya Məhkəməsi bu
məsələyə heç baxmazdı və avtomatik olaraq bu ədalətsiz qanun
qüvvəyə minərdi. Ancaq senatorlar da çox böyük müdriklik
göstərmişlər və bizim birgə səylərimiz nəticəsində bu qanun qüvvəyə
minmədi. Onu da qeyd etmək istəyirəm ki, bizim Fransadakı
səfirliyimiz Türkiyə səfirliyi ilə bərabər böyük işlər aparmışlar
və öz imkanları çərçivəsində sübut etməyə çalışmışlar ki, bu qanun
ədalətsizdir, bu, söz azadlığına vurulan zərbədir, eyni zamanda,
əgər bu qanun qüvvəyə minərsə ikitərəfli münasibətlərə çox mənfi
təsir göstərə bilər. Mən çox şadam və bir daha demək istəyirəm ki,
həm ədalət bərpa edildi, eyni zamanda, Türkiyə-Azərbaycan birliyi
artıq dünya müstəvisində öz gücünü göstərmişdir.
Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, uğurlarımızın
əsas mənbəyi bizim birliyimizdir. Bu gün Türkiyə və Azərbaycan iki
qardaş ölkə kimi bölgədə güclü nüfuza malikdir və bu nüfuz artıq
bölgənin kənarına öz təsirini göstərməkdədir. Biz nə qədər bir
yerdə olsaq, gücümüz də o qədər artacaqdır. Bizim aramıza girmək
istəyənlər vardır. Biz onları tanıyırıq, biz qınayırıq və onlara
qalib gəlirik. Ancaq biz daim bu məsələni diqqətdə saxlamalıyıq.
Bizim birliyimiz o qədər sıx olmalıdır ki, orada heç bir boşluq
olmasın, bizi istəməyən bədxah, pisniyyətli qüvvələr öz arzularına
çatmasınlar. Onlar arzularına heç vaxt çatmayıblar və
çatmayacaqlar. Türkiyə-Azərbaycan birliyi Xocalı soyqırımını anım
günlərində, Fransadakı olaylarda özünü göstərdi və bütün başqa
məsələlərdə bu, özünü göstərir.
- Cənab Prezident, keçən il İzmirdə Yüksək Səviyyəli Strateji
Əməkdaşlıq Şurasının birinci iclası keçirildi. Bu çərçivədə də
çoxlu sayda qərarlar qəbul edildi, müqavilələr imzalandı. Enerji
müqavilələrindən tutmuş bir çox sahədə bu müqavilələr yavaş-yavaş
həyata keçirilməyə başlandı. Transanadolu qaz boru xətti müqaviləsi
imzalandı. Bu çərçivədə Türkiyə-Azərbaycan əlaqələrinin iqtisadi və
enerji sahəsindəki hazırkı vəziyyətini və Türkiyə-Azərbaycan
əlaqələrinin gələcəkdəki vəziyyətini bizə dəyərləndirə
bilərsinizmi?
- Mən çox şadam ki, bütün müstəqillik dövrü ərzində
Türkiyə-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf etmişdir və
düşünürəm ki, indiki zamanda bu əlaqələr ən yüksək zirvədədir.
Bizim dünyadakı ən birinci dostumuz, müttəfiqimiz Türkiyədir.
Əminəm ki, Türkiyə üçün də dünyada bir nömrəli dost, qardaş və
müttəfiq Azərbaycandır. Bu, böyük dəyərdir, böyük nemətdir. Biz bu
dəyəri qorumalıyıq və möhkəmləndirməliyik. Biz yaxın xalqıq.
Bir-birimizə çox yaxınıq. Bizim dilimiz də bir-birinə çox oxşayır,
tariximiz də, kökümüz də birdir. Ən önəmlisi ondan ibarətdir ki,
bizim maraqlarımız da üst-üstə düşür.
Keçən il İzmirdə Strateji Əməkdaşlıq Şurasının iclasının
keçirilməsi hesab edirəm ki, Türkiyə-Azərbaycan əlaqələrinin
mahiyyətini açan bir vasitə idi. Bu Şura çox önəmli bir qurumdur və
birinci toplantı çox uğurlu keçmişdir. Siz qeyd etdiyiniz kimi,
çoxsaylı sənədlər, müqavilələr imzalanmışdır ki, onlar da
Türkiyə-Azərbaycan əlaqələrini irəliyə aparacaqdır. Bizim
əməkdaşlığımızın ancaq 20 yaşı vardır. Bizim işbirliyimiz bundan
sonra əbədiyyətə qədər davam edəcəkdir.
Bu gün biz siyasi əlaqələri möhkəmləndirməklə, eyni zamanda,
iqtisadi sahədə gözəl imkanlar yaradırıq. Enerji məsələsinə
gəldikdə, bu gün Türkiyə-Azərbaycan enerji işbirliyi nəinki bölgə
üçün, dünya üçün əhəmiyyətlidir. Birgə təşəbbüslərimiz -
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri,
Transanadolu qaz layihəsi, bütün bunlar bizim birliyimizi daha da
sıx edəcək, eyni zamanda, bölgədə və dünyada təsir imkanlarımızı
daha da artıracaqdır.
Azərbaycanın çox böyük neft-qaz ehtiyatları vardır. Türkiyə çox
böyük iqtisadi gücə malik olan bir ölkədir. Türkiyə ərazisindən
keçən Azərbaycan nefti və qazı həm Türkiyənin enerji
təhlükəsizliyini təmin edəcək, eyni zamanda, başqa ölkələrə Türkiyə
vasitəsilə bizim resurslarımız nəql ediləcəkdir. Biz bu qaynaqları,
tranzit imkanlarını, iqtisadi gücü birləşdirərək istənilən məsələdə
mövqeyimizi müdafiə edə biləcəyik. Çünki bu gün dünya və Avropa
üçün enerji təhlükəsizliyi məsələləri ön plana çıxır. Biz yaxşı
bilirik ki, gələcəkdə Xəzər hövzəsində yerləşən qaynaqlar böyük rol
oynayacaqdır və bu məsələdə birinci sırada yenə Azərbaycandır.
Bizim strateji enerji layihələrimiz digər sahələrə də təsir
göstərir, Bakı-Tbilisi-Qars dəmir yolunu biz bərabər tikirik. Ümid
edirəm ki, bir ildən sonra biz bu yolu açacağıq. Beləliklə, dünyanı
birləşdirəcəyik. Türkiyə-Azərbaycan qitələri birləşdirəcəkdir.
Coğrafiyamız belədir. Gücümüz də artır, enerji qaynaqlarımız da,
siyasi iradə də vardır. Ancaq və ancaq biz gələcəkdə bu işbirliyini
gücləndirməliyik.
Gələcəyə gəldikdə mən şübhə etmirəm ki, Türkiyə və Azərbaycan
xalqlarının müdrikliyi imkan verməyəcəkdir ki, biz bu strateji
işbirliyindən bir addım kənara ataq. Çünki bizim siyasətimizin
təməlində xalqlarımızın iradəsidir. Bizim xalqlar qardaş
xalqlardır, bir-birinə bağlıdır və həm Fransadakı olaylar, həm
Xocalı soyqırımının yad edilməsi bunu bir daha göstərdi, həm bizə,
həm bütün dünyaya. İstər-istəməz hər kəs bu birliklə
hesablaşmalıdır.
Mən ümid edirəm ki, gələcək illərdə biz ikitərəfli strateji
işbirliyimizi daha da artıracağıq. Gələcəkdə işlər çoxdur. Biz daim
təmasdayıq, daim əlaqə saxlayırıq və çalışırıq ki, beynəlxalq
müstəvidə də öz siyasətimizi koordinasiya edək. Əgər
xatırlayırsınızsa, İzmirdəki gözəl mərasimlər və tarixi günlər
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinə təsadüf
etmişdir.
Əgər xatırlayırsınızsa, İzmirdəki gözəl mərasimlər və tarixi günlər
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinə təsadüf
etmişdir.
- Bəli, tamamilə doğrudur...
- O vaxt İzmirdə çıxış edərkən söylədim ki, bu, bizim yerimizdir və
bu, sizin yerinizdir, bizim müştərək yerimizdir. Biz bütün
beynəlxalq təşkilatlarda Türkiyəni dəstəkləyirik və Türkiyə də
bütün beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəkləyir.
Ona görə mən deyəndə ki, bu işbirliyi və müttəfiqlik nadir xarakter
daşıyır, məhz bunları nəzərdə tuturam və bir daha demək istəyirəm
ki, bu, böyük sərvətdir. Əsrlər boyu xalqlarımız bir yerdə
yaşamışlar, belə yaşamağı bizə vəsiyyət etmişlər və biz də bu
vəsiyyətə sadiq olmalıyıq.
- Cənab Prezident, söylədiyiniz kimi, həqiqətən biz "bir millət,
iki dövlətik" və bunun gələcəkdə də çox mühüm ölçüləri olacaqdır.
İki ölkə hakimiyyəti bu əlaqələri çox, daha yaxşı səviyyəyə
gətirəcəkdir. Cənab Prezident, Azərbaycanın ən mühüm
problemlərindən biri də Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycanın
qanayan yarası olduğu qədər də bu, eyni zamanda, Türkiyənin qanayan
yarasıdır. Qarabağ probleminin həllində, cənab Prezident, son
mərhələ, son durum necədir? Qısaca, "TRT Xəbər" vasitəsilə bütün
dünyaya necə səslənəcəksiniz?
- Deyə bilərəm ki, bu məsələ ilə bağlı Türkiyə və Azərbaycan Xarici
İşlər nazirlikləri mütəmadi qaydada əlaqə saxlayırlar və biz bu
məsələləri müzakirə edirik. Ona görə, Qarabağ məsələsinin həlli ilə
bağlı son duruma gəldikdə Türkiyə hökuməti bütün bu işlərdən
xəbərdardır. İctimaiyyətə gəldikdə, bir daha demək istəyirəm ki, bu
məsələnin həlli beynəlxalq hüquqdan keçir. Beynəlxalq hüququn
kənarında heç bir razılaşma mümkün deyildir. Birincisi, Dağlıq
Qarabağ tarixi və əzəli Azərbaycan torpağıdır. "Qarabağ" sözü bizim
sözümüzdür. Erməni dilində "Qarabağ" sözü heç bir məna daşımır. Biz
bilirik ki, ermənilər oraya necə gəliblər, kim erməniləri oraya
yerləşdirib və nə vaxt yerləşdirib. 1923-cü ildə Dağlıq Qarabağa
Azərbaycan daxilində muxtar vilayət statusu verilmişdir. Bu,
məsələnin tarixi tərəfidir.
O ki qaldı hüquqi tərəfə, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın
ayrılmaz hissəsi kimi tanıyır. Heç bir ölkə, - Ermənistan da daxil
olmaqla, - Dağlıq Qarabağın müstəqilliyini tanımır. Bu da təbiidir,
çünki Dağlıq Qarabağ Azərbaycanın içində, ortasında yerləşir. Heç
sovet dövründə də Dağlıq Qarabağın inzibati hüdudları Ermənistan
Respublikasının inzibati hüdudları ilə bir deyildi. Yəni, o,
Azərbaycanın içində yerləşən kiçik bir vilayət idi.
Beynəlxalq hüquq tələb edir ki, torpaqlarımız işğaldan azad
edilsin, bütün qaçqınlar öz doğma torpaqlarına qayıtsınlar.
Ermənilər bizə qarşı etnik təmizləmə siyasəti aparmışlar. Bir
milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqına
çevrilmişdir və torpaqlarımızın təxminən 20 faizi hələ də işğal
altındadır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası dörd
qətnamə qəbul etmişdir. Bu qətnamələrdə tələb edilir ki, erməni
qüvvələri Dağlıq Qarabağdan və ətraf bölgələrdən qeyd-şərtsiz
çıxsın. Ancaq bu qətnamələr icra edilmir. Ən böyük ədalətsizlik
məhz bundadır. Bəzi hallarda BMT Təhlükəsizlik Şurası qətnamə qəbul
edir və bir neçə saatdan sonra bu qətnamə icra edilməyə başlayır.
Ancaq bizə gəldikdə, bu ədalətsizlik 20 ildir ki, davam edir.
Ona görə beynəlxalq hüquq normaları bərpa edilməlidir. Bizim bütün
qaçqınlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar. O ki qaldı
Dağlıq Qarabağda yaşayan ermənilərə, onlar orada necə yaşayıblar
elə də yaşayacaqlar. Bizim buna etirazım yoxdur. Bu, dünyada qəbul
edilmiş gözəl təcrübədir. Hər bir ölkədə, əlbəttə, Ermənistan
istisna olmaqla, müxtəlif xalqlar yaşayır, Türkiyədə, Azərbaycanda,
demək olar ki, dünyanın əksər ölkələrində. Ermənistan
monodövlətdir, orada ermənilərdən başqa heç kim yaşamır, çünki
yaşaya bilmir, onlar başqa milləti yaşatmırlar.
Ona görə Azərbaycan çoxmillətli dövlət kimi, əlbəttə ki, orada
yaşayan ermənilərə də şərait yaradacaqdır, kömək edəcəkdir və onlar
gələcəkdə Azərbaycan dövlətinin vətəndaşları kimi bütün hüquqlardan
istifadə edəcəklər.
Əgər Ermənistan reallığı və Azərbaycanın xeyrinə dəyişən vəziyyəti
nəzərə alsa, onda düzgün qərar qəbul edəcək, işğal edilmiş
torpaqlardan çəkiləcək, ondan sonra sülh bərpa ediləcək, bütün
yollar açılacaq, bütün ölkələr, xüsusilə Qafqazda və bizim
coğrafiyamızda yerləşən ölkələr bir-biri ilə yaxın əlaqədə
olacaqdır. Bizim istəyimiz bundan ibarətdir. Bizim Ermənistanın bir
qarış torpağında gözümüz yoxdur. Baxmayaraq ki, oralar da tarixi
Azərbaycan torpaqlarıdır. İrəvan xanlığı, Zəngəzur mahalı, Göyçə
mahalı bizim torpaqlarımızdır və Ermənistan bu torpaqlarda dövlət
qurub. Azərbaycan torpağında ikinci erməni dövlətinin qurulmasına
biz heç vaxt imkan verməyəcəyik. Əgər, bir daha demək istəyirəm ki,
Ermənistan indiki reallıqları və Azərbaycanın artan siyasi
çəkisini, iqtisadi gücünü nəzərə alsa, düzgün addım atsa, işğal
edilmiş torpaqlardan çıxsa, o zaman bu gün Dağlıq Qarabağda yaşayan
ermənilərə də xidmət etmiş olar. Əgər bunu anlamasa və işğalçı
siyasətini davam etdirsə, o zaman Ermənistan üçün, Dağlıq Qarabağ
üçün nəticələr çox acı ola bilər.
- Necə düşünürsünüz? Münaqişə nə vaxta həll olunar? Hansı
üsullarla, bir az əvvəl "biz bunu hüquqi yolla istəyirik" dediniz,
amma fərqli yollara baş vurula bilərmi?
-Yəni, biz burada beynəlxalq hüquqdan kənarda bir çözüm görmürük.
Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt Dağlıq Qarabağa
müstəqillik verməyəcəkdir. Ermənistan bunu nə qədər tez anlasa, o
qədər yaxşıdır. Ermənistan əslində mövqeyindən geri çəkilməlidir.
Onların mövqeyi Dağlıq Qarabağı müstəqil ölkə kimi görməkdir. Ancaq
bu, mümkün olmayacaqdır. Çünki Azərbaycanın razılığı olmadan bu,
ola bilməz. Biz isə buna heç vaxt razılıq verə bilmərik. Ona görə,
əgər Ermənistan bu mövqedən geri çəkilərsə, o zaman biz tezliklə
məsələnin həllinə nail ola bilərik. O zaman ermənilərin Dağlıq
Qarabağda yaşaması, yəni normal yaşaması, təhlükəsizlik şəraitində
yaşaması mümkün olacaqdır. İndi onlar qorxu içində yaşayırlar. Biz
bunu bilirik. İnsanlar daim qorxu içində yaşaya bilməz. Çünki onlar
da gözəl bilirlər ki, bu gün Azərbaycan Ordusu Dağlıq Qarabağda öz
suverenliyini asanlıqla bərpa edə bilər, asanlıqla! Sadəcə olaraq
biz istəmirik ki, yenə qan tökülsün, istəmirik yenidən müharibə
başlasın. Biz çalışırıq ki, bunu sülh yolu ilə, danışıqlar yolu ilə
edək. Kim istəyər ki, yenidən müharibə başlasın?! Ancaq biz bu
vəziyyətlə də barışa bilmərik. Ümumiyyətlə, bu vəziyyət çox davam
edə bilməz.
Əgər fikir vermisiniszə, Minsk qrupunun həmsədr ölkələrinin
prezidentləri və xarici işlər nazirləri bəyanatlar verirlər ki,
status-kvo qəbuledilməzidir, status-kvo dəyişilməlidir. Bu
bəyanatları onlar yalnız keçən ildən verməyə başlamışlar. Nə üçün?
Çünki hamı yaxşı anlayır ki, status-kvo belə qala bilməz.
Gündən-günə güclənən Azərbaycan və gündən-günə zəifləyən,
yoxsullaşan Ermənistan. Necə ola bilər ki, bizim torpaqlarımız
işğal altında qalsın? Mümkün deyildir. Hər gün, hər ay, hər il
Azərbaycan əhalisi artır, Ermənistan əhalisi azalır. Yəni, yenə də
deyirəm, erməni rəhbərliyi bu məsələyə reallıq prizmasından
yanaşmalıdır. Heç olmasa, bir beş il, on il qabağı
proqnozlaşdırmalıdır ki, görsün, burada beş ildən, on ildən sonra
güclər nisbəti necə olacaqdır?! Azərbaycan dövləti heç vaxt bu
vəziyyətlə barışmayacaqdır. Azərbaycan gəncləri bu vəziyyətlə
barışmayacaqlar.
Ermənistanda bəzi hallarda yanlış bir fikir var idi ki, nəsillər
dəyişəcək, gənc nəsil yetişəcək, onlar heç Qarabağda olmayıblar,
onlar Qarabağa qayıtmaq istəməyəcəklər. Bu, tamamilə yanlış bir
yanaşmadır. Bəlkə bu, ermənilərə xas olan xüsusiyyətdir, amma
Azərbaycan xalqının tarixi yaddaşı vardır. Bakıda, çadır
şəhərciyində doğulan, Qarabağdan olan hər bir gənc Qarabağa
qayıtmaq arzusu ilə yaşayır. Qarabağ heç vaxt unudula bilməz, heç
vaxt! Ona görə, gec-tez biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Mənim buna şübhəm yoxdur. Sadəcə olaraq, mən istəyirəm ki, bu,
tezliklə olsun və əgər mümkündürsə, qan tökülmədən olsun.
Publika.Az
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"